Məhkəmə qərarları › İş №2-1(112)-4277/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4277/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4277/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin qismən ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «cavabdehin üzərinə əmrin qismən ləğv edilməsi, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması və pensiya təyinatı ilə bağlı müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi öhdəliyinin qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, o (iddiaçı), x xxxxxx 1982-ci il tarixdə Qax rayonunda doğulmuşdur. x xxxxxx 1999-cu il tarixdən xx xxxx 2003-cü il tarixədək Azərbaycan Təyyarəçilik Məktəbində “hava gəmilərinin uçuş istismarı” ixtisası üzrə ali peşə istiqamətində təhsil almış və bakalavr dərəcəsi ilə təhsilini başa vurmuşdur. Ona leytenant rütbəsi verilmişdir. xx xxxxx 2004-cü il tarixdən xx xxxx 2004-cü il tarixədək Uçuş-Texniki Hazırlığı təlim mərkəzinə daxil olmuş, uçan aparatların uçuş istismarı kursunu bitirmişdir. xx xxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində təyyarəçi olaraq müxtəlif vəzifələrdə xidmət etmişdir. xx xxxxxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixədək AR Silahlı Qüvvələrinin Hava Akademiyasında “hərbi və dövlət müdafiəsinin idarəetmə” ixtisasının hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr təhsili almışdır. xx xxxx 2017-ci il tarixdən x xxxx 2020-ci il tarixədək Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində müxtəlif vəzifələrdə işləyərək, hərbi hissə komandirinin idealoji iş və mənəvi-psixoloji təminat üzrə müavini – ideoloji iş və təminat bölməsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Silahlı Qüvvələrin Baş Qərargahının rəisinin 7 mart 202-ci il tarixli əmri iıə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsində xidmət edir. 20 il 7 aydan artıq müddətdir Silahlı Qüvvələrdə xidmət edir. Həmin dövürün 17 təqvim ilini zabit kimi xidmət etmişdir. Qanunvericiliyə görə AR Silahlı Qüvvələrinin sıralarında 10 il zabit vəzifəsində xidmət edən hərbi qulluqçular öz arzusu ilə ehtiyata buraxılırlar. Ona görə də hərbi xidmətkeçməni tənzimləyən normativ hüquqi aktlara əsasən xx xxxxxx 2020-ci il tarixdə o, öz arzusu ilə ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin komandirinə raportla müraciət etmişdir. Həmin raport qeydiyyat alınmış və xx xxxxxx 2020-ci il tarixdə hərbi hissədən yuxarı komandanlığa göndərilmişdir. Lakin 45 gün keçsə də, onunla heç bir söhbətləşmələr aparılmamış və onun qanunamüvafiq surətdə ehtiyata buraxılması təmin edilməmişdir. Halbuki, qanunvericiliyə görə hərbi hissə komandirinə təqdim etdiyi raport müvafiq əmrin verilməsi üçün AR Müdafiə Nazirliyinə göndərilməli və 15 gün müddətində ehtiyata buraxılması təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci maddəsinə əsasən vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 18, 22-ci maddələrinin, «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin tələblərinə əsasən 10 il zabit kimi xidmət edən hərbi qulluqçular tərəfindən öz arzusu ilə ehtiyata buraxılması barəsində verilən raporta 15 gün müddətində baxılmalıdır. Hərbi hissə komandiri tərəfindən qanuni tələblərin təmin olunmaması məlum olduqda o, xx xxxx 2020-ci il tarixdə müvafiq hərbi hissə komandirinə ərizə yazaraq «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndnə əsasən müvafiq raporta baxılıb-baxılmaması, əgər baxılıbsa nəticəsi barədə məlumatın verilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyi müvafiq hərbi hissəsinin komandirinin cavab məktubunda qeyd olunur ki, sözügedən raport xx xxxxxx 2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Lakin raporta cavab verilmədən o, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmri ilə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsinə göndərilmişdir. Hazırkı vəzifəsi qeyri-uçuş sahəsi olmaqla əvvəlki vəzifəsindən aşağı sayılır. Vəzifədə aşağı salınmaqla yanaşı vəzifə üzrə aldığı əmək haqqı əvvəlki vəzifə üzrə əmək haqqından iki dəfə aşağıdır. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddələrinə, «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 72-ci maddəsinin “b” bəndinə, 78-ci maddəsinin “b” bəndinə, 155-ci maddəsinin “b” bəndinə, 156-cı maddəsinin “j” bəndinə, 159 –160, 169-cu maddələrinə, «Hərbi xidmət haqqında» AR Qanununun 17-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 18, 22-ci maddələrinə, «Azərbaycan Respublikası Silahlı X2»nin 6-cı bəndinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmrin ona (iddiaçıya) aid hissədə ləğv edilməsi, «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə əsasən onun öz arzusu ilə müvafiq hərbi hissənin komandirinin müavini (bölmə rəisi) vəzifəsindən azad olunması və hərbi pensiyanın təmin edilməsi üçün müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddiya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz qismində məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçı «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli raportla müvafiq hərbi hissə komandirinə müraciət etdiyini göstərmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçı ehtiyata buraxılması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli raport əsasında müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyini hesab edirsə hərbi hissə komandirinə müraciət etməli və bu haqda raportu komanda üzrə verməli idi. Məhz həmin raport üzrə qərar qəbul edilmədiyi təqdirdə, İPM-in 38.1-ci maddəsinə uyğun olaraq iddiaçı müraciətdən 35 gün keçəndən sonra məhkəmədə inzibati aktın qəbulundan imtina olunmasının («Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmaması) mübahisələndirilməsi hüququnu əldə edə bilərdi. Lakin iddiaçı inzibati aktın qəbulundan imtina olunmasını mübahisələndirməmiş, qanunsuz olaraq MN Baş Qərargah rəisinin x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmrinin ləğv olunmasını tələb etmişdir. İddiaçı tələblərin irəli sürülməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmədən və ehtiyata buraxılma hüququnun təmin edilməsi üçün bütün hüquqi vasitələrdən istifad etmədən Müdafiə Nazirliyinin xidmət yerinin dəyişməsi ilə bağlı qanuni əsaslarla qəbul edilmiş qərarı mübahisələndirmişdir. İddiaçı hava gəmilərinin uçuş istismarı ixtisasına malik olmaqla, 2004-cü ildən uçuş istismarı vəzifələrində həqiqi hərbi xidmət keçməklə, qeyd olunan sahədə kifayət qədər bilik və praktiki vərdişləri mənimsəmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Müdafiə Nazirliyi diskpesion səlahiyyəti hüdudunda iddaçının malik olduğu təcrübə ilə bölünməsi məqsədilə və ondan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün ixtisasına aid olan müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsinə təyin olunmasına dair qərar qəbul edilmişdir. Müdafiə Nazirliyinin göstərilən sahədə diskresion səlahiyyətinin məqsədi yüksək ixtisaslı və peşəkar kadr zabit heyəti ehtiyatının yaradılmasıdır. İddiaçının texniki dəstəsinin rəisi vəzifəsində xidmət keçməsi göstərilən məqsədə nail olunması üçün görülən tədbirlərin bir hissəsi idi. İddiaçının xidmət üzrə yerinin dəyişdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallrına yol verilməmiş, bununla bağlı qanuni əlverişli inzibati akt qəbul edilmişdir. Göstərilənlərə və «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 7.1-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 22.4-cü maddəsinə, «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 22, 77, 78-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.5, 14.2, 52.1, 68.2, 72.1ci maddələrinə, İPM-in 73.1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 1994cü il tarixli Qanunun ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsi»nin və AR Müdafiə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat»ın müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin olunmamasına dair qərar çıxarılması məhkəmədən xahiş edilir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmişdir. Ərizədə iddia ərizəsində “əmrin ləğvinin cavabdehə həvalə olunması”nın səhv qeyd olunduğu bildirilmiş və həmin tələb “əmrin ləğv edilməsi” kimi göstərilmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “pensiya təyinatı ilə bağlı müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mızmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41- .9-cu maddəsinə əsasən Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının xx xxxxxxxx 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehyitata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, şərtsiz və hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malikdir. İnzibati mübahisənin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddət zabit kimi xitmət etmiş hərbi qulluqçu kimi “öz arzusu ilə ehtiyata buraxılması barədə” raportunu xx xxxxxx 2020-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə müraciət etmişdir. Onun həmin tarixədək sonuncu vəzifəsi hərbi hissə komandirinin müavini – ideoloji iş və mənəvipsixoloji təminat bölməsinin rəisi olmuşdur. Sözügedən raport xx xxxxxx 2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndəırilmişdir. Həmin müraciət (raport) araşdırılmadan, özü ilə söhbət aparılmadan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmri ilə o, digər vəzifəyə – başqa hərbi hissənin texniki istismar dəstəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Hazırda iddiaçı x xxxx 2020-ci il tarixli əmri mübahisələndirir və öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının x xxxx 2020-ci il tarixdə təyin olunduğu yeni vəzifəsinin təhsil aldığı ixtisası üzrə uzun müddət xidmət etdiyi əvvəlki vəzifəsi ilə uzlaşmasına dair cavabdeh inzibati orqan məhkəmə icraatına hər hansı dəlil və sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə – xidmət üzrə irəli çəkilmə qaydasında, bərabər vəzifələrə – xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün, v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə, q) aşağı vəzifələrə – bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Əsasnamənin 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda, b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə, v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə, q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən, d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək iddiaçının müraciəti üzrə inzibati icraatla bağlı aşağıdakıları qeyd edir: - cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, yəni onun “ehtiyata buraxılması” və ya bundan imtina olunması məsələsi araşdırılmamışdır; - iddiaçının 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, müraciətindən 22 gün keçdikdən sonra öz razılığı olmadan və ixtisasına, xidmət etdiyi əvvəlki vəzifəsinə uyğun olmayan başqa, hətta aşağı vəzifəyə (hansı ki, buna əsas olmamışdır) keçirilmişdir. Məhkəmənin qənaəti belədir ki, hazırkı məhkəmə icraatı ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11, 12, 13, 17-ci maddələrinin, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbləri pozulmuşdur. Bu qənaət ondan irəli gəlir ki, cavabdeh inzibati orqan digər (eyni əsaslarla ehtiyata buraxılmış) hərbi qulluqçulara münasibətdə iddiaçıya fərqli yanaşmaqla, mövcud inzibati praktikadan fərqli davranmaqla, habelə iddiaçının “xidmət vəzifəsinin və ya yerinin dəyişdirilməsi barədə” müraciəti olmadığı halda onu digər “ixtisasına uyğun olmayan” başqa (aşağı) vəzifəyə keçirməklə inzibati icraat üzrə sadalanan normalarda təsbit edilmiş “bərabərlik”, “inzibati etimad hüququnun qorunması” və “mütənasiblik” prinsiplərini gözləməmiş, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə zidd olaraq iddiaçının xidmət yeri və vəzifəsinin dəyişdirilməsi barədə əmr – inzibati akt qəbul etmişdir. Cavabdeh tərəfin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilən bəzi xüsusatlarla bağlı isə məhkəmə vurğulayır ki, cavabdehin x xxxx 2020-ci il tarixli 0119 saylıəmri iddiaçıya aid hissədə əlverişsiz inzibati akt kimi qəbul olunmasa da, iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtinaya bərabər olan və ona münasibətdə əlverişli vəziyyət yaratmayan aktdır. Bir hala da diqqət yetirilməlidir ki, iddiaçının müvafiq müraciəti (raportu) əsasında x xxxxxx 2020-ci il tarixli 0119 saylı əmrin qəbulu cavabddeh inzibati orqanın diskresion səlahiyyətlər üzrə qərarın qəbulu kimi qiymətləndirilə bilməz. Digər tərəfdən də iddiaçı x xxxx 2020-ci il tarixli qərarı mübahisələndirmək üçün subyektiv hüquqa malikdir, iddia müddətini buraxmadan (əmrin surətinin xx xxxx 2020-ci il tarixdən əvvəlki tarixdə alınması barədə sübut təqdim edilməmişdir) iddia qaldırmışdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin x xxxx 2020-ci il tarixli 0119 saylı əmri İddiaçı aid hissədə qanunsuz inzibati aktdır və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, tələbi həmin hissədə əsaslıdır və cavabdehin x xxxx 2020-ci il tarixli 0119 saylı əmri qismən (iddiaçıya aid hissədə) ləğv olunmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının ikinci tələbinə gəldikdə isə, məhkəmə iddia tələbini həmin hissədə qismən əsaslı sayır və belə nəticəyə gəlir ki, iddiaçının “öz arzusu ilə ehtiyata buraxılması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının həmin müraciəti inzibati icraatda cavabdeh inzibati oqan tərəfindən onun arzuladığı inzibati aktın qəbulunu və qəbulunda imtinanı şərtləndirən hallar araşdırılmamış, müraciətlə bağlı bütün xüsusatlara qiymət verilməmişdir. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının “öz arzusu ilə ehtiyata buraxılma barədə” müraciətinə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17, 24.1 və 24.2-ci maddələrinin tələbləri tam şəkildə nəzərə alınmaqla, eləcə də «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 78 və 81-ci maddələrində göstərilən halların mövcud olubolmaması müəyyənləşdirilməklə baxılmalı və qərar qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli və İddiaçı “öz arzusu ilə ehtiyata buraxılması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin x xxxx 2020-ci il tarixli 0119 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Aleksand oğlunun “öz arzusu ilə ehtiyata buraxılması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar