Məhkəmə qərarları › İş №2-1(112)-4277/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4277/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4277/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. 1981-ci ildə Bakı Baza Energetika Texnikumuna daxil olmuş və 1985-ci ildə həmin Texnikumu “Elektrik stansiyaları, şəbəkə və sistemləri” ixtisası üzrə bitirmişdir. Bu barədə ona 16 mart 1985-ci il tarixli 035555 saylı diplom verilmişdir. Əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 13 avqust 1980-ci il tarixdən 20 may 1991-ci il tarixədək (10 il 09 ay 07 gün) Tramvay-Trolleybus İdarəsinin Elektrik Təsərrüfatı Xidmətinin Dartma yarımstansiyasında 2-ci dərəcəli “elektrik montyoru” vəzifəsində, 22 may 1991-ci il tarixdən 10 fevral 1992-ci il tarixədək (08 ay 18 gün) Təchizat şöbəsində “hərəkətin təşkili üzrə dispetçer” vəzifəsində, 10 fevral 1992-ci il tarixdən 2 yanvar 2002-ci il tarixədək (09 il 10 ay 22 gün) vaqon şöbəsinin təchizat sahəsində “anbardar” vəzifəsində işləmişdir. Əmək kitabçası üzrə ümumi stajı 21 il 04 ay 17 gün təşkil edir. Bu stajın 10 il 09 ay 07 günü zərərli iş stajı kimi qəbul edilməlidir. Belə ki, 13 avqust 1980-ci il tarixdən 20 may 1991-ci il tarixədək (10 il 09 ay 07 gün) çalışdığım dartma yarımstansiyasında 2-ci dərəcəli “elektrik montyoru” vəzifəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (kod: 2100000а – 19842: yarımstansiyalara xidmət üzrə elektrik montyorları) nəzərdə tutulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət ertmişdir. Lakin cavabdeh ona pensiya təyin etməkdən 10 dekabr 2020-ci il tarixli məktubla imtina etmişdir. Məktubda qeyd edilir ki, onun müraciətinə sənədlərinin əslləri tam şəkildə qoşulduqdan sonra baxılacaqdır. Cavabdehə müraciət ərizısinə şəxsiyyət vəsiqəsinin, diplom və əmək kitabçasının surətləri əlavə edilmişdir. İş yerindən güzəştli arayış əldə edilməsi isə, onun iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkündür. Çünki çalışdığı İdarə ləğv edilmişdir. Ona belə bir arayışı verə biləcək qurum mövcud deyildir. Göründüyü kimi, iddiaçı 1 yanvar 2006-cı il tarixədək həm ümumi, həm də güzəştli iş stajını toplamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göstərilənlərə əsaslanaraq, iddiaçıya hüququ yarandığı 25 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda iddiaya qarşı yazılı etiraz təqdim etmişdir: - İddiaçı iddiası qəbul edilmir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilməsi üçün onun 1 yanvar 2006-ci il tarixədək (yəni, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) malik olması; 3) İddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş müvafiq siyahıda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar 52 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 13 avqust 1980-ci il tarixli əmək kitabçasına əsasən onun 13 avqust 1980-ci il tarixdən 20 may 1991-ci il tarixədək Tramvay-Trolleybus İdarəsinin Elektrik Təsərrüfatı Xidmətinin dartma yarımstansiyasında 2-ci dərəcəli “elektrik montyoru” vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, onun işləmiş olduğu peşə AR Nazirlər Kabinetinin adıçəkilən qərarının 2 nömrəli siyahısının yarımstansiyalara xidmət üzrə elektrik montyorları (kod: 2100000а – 19842) peşəsinə uyğundur. İddiaçının istinad etdiyi həmin kod “Civə-cərəyan dəyişdirici yarımstansiyalar” bölməsində yerləşir. Halbuki, onun işlədiyi sahə nəqliyyat sahəsi olmuşdur. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Göstərilənlərə və İPm-in müddəalarına, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəısinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X1 xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.8-ci maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun işlədiyi peşənin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda öz əksini tapmadığını, yəni 10 il güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının olmamasını əsas gətərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və ödənilməımiş pensiya məbləğinin ödənilməsini tələb edir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “İX. Civə-cərəyan dəyişdirici yarımstansiyalar” bölməsinin “a” bəndində “yarımstansiyalara xidmət üzrə elektrik montyorları” vəzifəsi 2100000a – 19842 kodu ilə nəzərdə tutulmuşdur. Həmin Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “Şəhər elektrik nəqliyyatı” üzrə 4-cü bəndində yalnız iki vəzifə göstərilmişdir: 23004000 – 11457 kodu ilə tramvay sürücüləri və 23004000 – 11462 kodu ilə trolleybus sürücüləri. Məhkəmənin qənaətinə görə iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 10 ildən artıq müddət işlədiyi Tramvay-Trolleybus İdarəsinin Elektrik Təsərrüfatı Xidmətinin Dartma yarımstansiyasında 2-ci dərəcəli “elektrik montyoru” vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “İX. Civəcərəyan dəyişdirici yarımstansiyalar” bölməsində 2100000a – 19842 kodu ilə nəzərdə tutiulan “yarımstansiyalara xidmət üzrə elektrik montyorları” vəzifəsi kimi qəbul oluna bilməz. Çünki, Siyahıda göstərilən vəzifə iddiaçının işlədiyi sahə üzrə deyil, tamamilə başqa sahə üzrə (civə-cərəyan dəyişdirici yarımstansiyalara xidmət) əmək fəaliyyətinə aiddir. Nəzərə alınmalıdr ki, iddiaçının işlədiyi yarımstanısiyanın “civə-cərəyan dəyişdirici” xarakterli olmasının müəyyən olunmasını, onun işlədiyi müəssisənin hazırda mövcud olmaması da mümkünsüz edir. Bundan başqa, iddiaçının işlədiyi sahənin aid olduğu qeyd olunan 2 saylı Siyahının “şəhər elektrik nəqliyyatı” üzrə yarımbəndində “elektrik montyoru” vəzifəsi göstərilməmişdir. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 il iş stajı toplamış sayılmır və bu səbəbdən də onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikinci tələbi – “hazırkı dövrədək ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbi birinci tələbdən birbaşa asılı və törəmədir. Həmin tələb “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassız olduğu halda, əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından və ödənilməmiş fərq məbləğinin ödənilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar