Məhkəmə qərarları › İş №2-1(112)-4278/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4278/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4278/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000-ci ilin sentyabr ayından hal-hazıradək İddiaçı verilməli olan pulun hesablanaraq indeksasiya edilməklə qərar qəbul edildiyi tarixdən sonra hər ay ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli olaraq iddiaçının pensiyasına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vərərək, X1 dördüncü ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin pensiya hüququnun yarandığı tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyası alır. Onun mərhum həyat yoldaşı 2000-ci il tarixədək Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı əsasında N.M.Quliyeva dördüncü ixtisas dərəcəsi verilmiş və o, hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq almışdır. Lakin, həmin əlavələr pensiya məbləğinin təyini zamanı nəzərə alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia tələbinin mahiyyəti ixtisas dərəcəsinə görə əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır ki, qeyd olunan hesablama qaydasının hazırkı iş üzrə iddiaçıya münasibətdə tətbiqi onun mərhum həyat yoldaşı tərəfindən həmin əlavələrin alıbalmamasından, həmçinin həmin əlavələrdən məcburi sosial sığorta haqqlarının ödənilibödənilməməsindən asılıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun: -109-cu maddəsinin 5-ci və 6-cı hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Bunun əsasında məhkəmə tərəfindən aparılan araşdırma zamanı pensiya işinə daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği təminat xərcliyi (vəzifə maaşına, xidmət illərinə görə əlavəyə və məharət dərəcəsi) əsasında müəyyən edilmiş, pensiya məbləğinin artımı ilə əlaqədar yenidən hesablama barədə qərarlar qəbul olunmuş və son olaraq iddiaçının əmək pensiyası məbləği 1.759,29 manatadək artırılmışdır. Nəzərə alınmalıdır ki, hazırda iddiaçı mərhum həyat yoldaşının ixtisas dərəcəsinə görə aldığı əlavələrin nəzərə alınmasını və pensiya məbləğinin yenidən hesablanmasını xahiş edir ki, bu mübahisənin həllində həmin dövrdə ixtisas dərəcəsini və həmin ixtisas dərəcəsinə görə əlavələrin verilməsini tənzimləyən qanunvericiliyin müddəaları mühim rol oynayır. Belə ki, 29.07.1992-ci il tarixdə qəbul edilmiş, 30.11.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 04.11.1992-ci il tarixdə qəbul edilmiş, 31.05.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin dördüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin dövrdə hakimlərə ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Milli Məclisinin qərarı əsasında həyata keçirilirdi. Təkzib olunmaz haldır ki, iddiaçının mərhum həyat yoldaşı X5 dördüncü ixtisas dərəcəsinə malik olan hakim idi. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 24 may 1996-cı il tarixli Qərarı ilə X3 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi olduğu dövrdə dörcüncü ixtisas dərəcəsi verilmişdir. Məlum olduğu kimi, həmin dövrdə ixtisas dərəcəsinə malik olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilirdi ki, dördüncü ixtisas dərəcəli hakimlərin əlavəsi minimum əmək haqqının iki misli məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin imtinasının əsaslı olubolmamasının müəyyən edilməsi istiqamətində təkcə mərhumun ixtisas dərəcəsinə malik olması deyil, həmçinin həmin dərəcəyə görə əlavələrin alması və əlavələrdən sosial sığorta haqqının ödənilməsinin araşdırılması vacıbdir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı qəbul edildikdən sonra, əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı nəzərə alınmalı əlavələrin hansı xüsuslara malik olması konkretləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Baxmayaraq ki, cavabdeh imtina məktubunda X2 işlədiyi dövrdə ödənilən əmək haqqına dair arayışda ona ixtisas dərəcəsinə görə əlavənin ödənilməsi ilə bağlı məlumatın olmadığına istinad etsə də, Məhkəmə hesab edir ki, bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayış ilə təkzib olunmuşdur. Belə ki, arayışın məzmunundan göründüyü kimi, Azərbaycan SSR X8 Heyətinin 06.04.1990-ci il tarixli Fərmanı ilə X3 dördüncü ixtisas dərəcəsi verilmiş, dördüncü ixtisas dərəcəsinə görə 24 may 1996-cı il tarixdən işlədiyi dövrdə ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Göstərilən bu hal isə bir mənalı olaraq ona dəlalət edir ki, X4 ixtisas dərəcəsini aldığı dövrdən Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi işlədiyi vaxtadək əlavələri almışdır. Məhkəmə sözügedən əlavələrdən sosial sığorta haqqının ödənilib-ödənilməməsinə münasibətdə isə bildirir ki, ümumiyyətlə sosial sığorta anlayışı özündə fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasını xarakterizə edir. Nəzərə alınmalıdır ki, sosial sığorta haqqının ödənilib-ödənilməməsi pensiya təminatında mühim rol oynayır. Başqa sözlə desək, bura da sığorta haqqı ödənilən əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsindən söhbət gedir. Lakin, qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətləridə mövcuddur ki, bu istisna hal 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti müddətlərinə şamil olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: - mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının mərhum həyat yoldaşının dördüncü ixtisas dərəcəsinə görə aldığı əlavələr 1996-2000-illərdəki dövru əhatə etdiyindən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əlavələr nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı X5 “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən dördüncü ixtisas dərəcəli hakim olması səbəbi ilə minimum əmək haqqının iki misli məbləğində əlavə haqq aldığından, həmçinin mübahisəli dövrü əhatə edən illər üzrə məcburi sosial sığorta haqqının ödənilməsi ilə bağlı məcburiyyət olmadığından, həmin əlavələr nəzərə alınmaqla iddiaçının ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiyası yenidən hesablanmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin “ödənilməyən pensiya məbləğinin pensiya hüququnun yarandığı tarixdən hesablanaraq ödənilməsi” hissəsində hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla bağlı “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi isə həmin məsələ ilə bağlı qismən fərqli mövqe nümayiş etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, -müvafiq işlərə baxan məhkəmələr “Əmək pensiya haqqında” Qanuun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Göründüyü kimi burada göstərilən hissədə iddia tələbinin tam və ya qismən təmin edilməli olması, yəni ödənilməmiş əlavə pensiya ödənişinin müraciət edilən vaxtdan əvvəlki üç il üçün yoxsa iddiaçının hüququnun yarandığı tarixdən ödənilməli olması iddiaçının əmək pensiyasının ixtisas dərəcəsi ilə bağlı ödənişlər nəzərə alınmaqla yenidən hesablanması ilə bağlı 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərinin üzrlü hesab edilib-edilməməsindən asılıdır. Məhkəmə də həmin istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətin 2017-ci il 1 iyul tarixinədək edilməməsi şəxsin ixtisas dərəcəsinə görə edilən ödənişinin əmək pensiyasının yenidən hesablanmasına səbəb olması barədə qanunvericiliyin tələblərinin bilinməməsi ilə bağlı olmuşdur. Eyni zamanda, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət edilməmə barədə iddiaçının səhhəti və digər hallarla bağlı hər hansı obyektiv və üzrlü səbəb olmamışdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının yenidən hesablanması əsas olan halların, həmin hallar əsasında əmək pensiyasının yenidən hesablanmalı olmasını müəyyən qanunvericilik normalarının bilinməməsinin Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olub-olmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Qanunun: 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. 83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın qismən təmin olunduğu hissədə iddia tələbinin tam təmin olunmasını məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Belə ki, hüququn prinsiplərindən biri kimi hesab olunur ki, qanun qüvvədə olduğu müddətdə onun tələblərini, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırkı işin faktiki hallarına münasibətdə tənzimləyən normalarının tələblərini həmin Qanunların dərc edildiyi və qüvvəyə mindiyi vaxtdan iddiaçı bilirdi və ya bilməli idi kimi qəbul edilməlidir. Yəni, hüququn əsasında dayanan prinsip onu ehtiva edir ki, iddiaçı ixtisas dərəcəsinə görə ödənilən haqqın əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olması ilə bağlı məlumatlı olmuşdur və ya məlumatlı olmalı idi və əgər bununla bağlı narazılığı mövcuddursa inzibati orqana müraciət etməli idi. Bu səbəbdəndir ki, həmin müraciətin edilməməsi səbəbi onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb hesab edilə bilməz. Əks halda Konstitusiya Məhkəməsinin göstərilən mövqeyi hər hansı əhəmiyyət daşımazdı. Belə ki, üzrlü və obyektiv səbəbin başlanğıcında istifadə edilən ifadədən görünür ki, ilkin olaraq şəxsin müraciətini istisna edən hal kimi onun səhhəti göstərilmiş, daha sonra digər obyektiv və üzrlü səbəblər sadalanmışdır ki, məhkəmə hesab edir ki, həmin hallara misal olaraq bəzi qrup şəxslərlə əlaqədar pensiya təyini üçün ilk olaraq aidiyyəti üzrə xidmət keçdiyi inzibati orqana müraciət edilməli olması, məlumat vərəqinin yenidən göndərilməli olması və s kimi hallar, səhhətlə yanaşı üzrlü və obyektiv səbəb hesab edilə bilər. Lakin qanuni bilməmə hər bir halda üzrlü və obyektiv səbəb hesab edilə bilməz. Belə ki, həmin səbəbin üzrlü hesab edilməsi, hüququn əsasına zidd olmaqla, eyni zamanda Konstitusiya Məhkəməsinin mövqeyi ilə də uyğunluq təşkil etməyəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 dördüncü ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 03.11.2018-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X1 dördüncü ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli miqdarında ödənilməmiş əlavə haqqının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 03.11.2018-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar