Məhkəmə qərarları › İş №2-1(112)-4278/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4278/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4278/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində soyad sonluğunun dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində soyad sonluğunun dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı doğum haqqında akt qeydinin yenidən verilməsi və doğum haqqında şəhadətnamədə soyadının Qədimbəyli Emil-Murad Ramil oğlu kimi qeyd edilməsi öhdəliyinin cavbadehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycanın Respublikasının müstəqilliyi bərpa olunandan sonra Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının milliləşdirilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin (Ali Soveti) 2 fevral 1993-cü il 495 №-li qərar qəbul etmişdir. Həmin qərara görə, Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadların milli soyadlarla əvəz edə bilərdi. Milli köklərə qayıdışla bağlı ailə üzvləri daxil olmaqla soyad sonluqlarında olan “Qədim - ov” şəkilçisini “Qədim - bəyli” şəkliçisi ilə əvəz edilmişdir. X1, əmsi X4, əmisi X6 və digər yaxın qohumlarının da, soyadları Qədimbəyli soyadına dəyişdirilmişdir. O, İddiaçı 16 avqust 2002-ci il tarixində Fransa Respublikasının Paris şəhərində doğulmuşdur. İlk soyadı “Məmmədov” olmuşdur. Bu soyad onun ata soyadıdır, sonradan soyadını dəyişdirərək “Qədimov” ana soyadını götürmüşdür. Belə ki, əsl-nəcabətlərində “Qədimbəyli” soyadının mövcudluğunu əsas götürərək soyad sonluğunu dəyişdirərək “Qədimbəyli” edilməsi və doğum haqqında şəhadətnaməyə müvafiq dəyişikliyin aparılması məqsədi ilə aidiyyəti üzrə Cavabdehnə müraciət etməsinə baxmayaraq Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-14xx/xx-2023 saylı məktubu ilə soyadının “Qədimov”-dan “Qədimbəyli”yə dəyişdirilməsindən imtina edilmişdir (Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-14xx/xx-2023 saylı məktubu). Cavabdehndən nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində imzalanaraq təhvil alınmışdır. Hesab edir ki, tərəfindən Cavabdehnə kifayət qədər sənəd təqdim edilmişdir. Qeydiyyat şöbəsinin ona ünvanladığı imtina məktubu əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıyır və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydində soyad sonluğunun “ov”-dan “bəyli”-yə dəyişdirilərək bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” qaydalarına əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Bununla yanaşı Azərbaycan Milli Elmlər X2 qərarında ad və soyad seçimi zamanı titul bildirən sözlərdən istifadə edilməsi tövsiyə edilmir. Göstərilənlərə əsasən bildirilmişdir ki, soyadın “Qədimov”dan “Qədimbəyli”yə dəyişiklik edilməsindən imtina edilmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Qədimbəyli Emil-Murad Ramil oğlu xx.xx.2002-ci il tarixdə Paris şəhərində doğulmuş, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

8. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin müraciətinə xx.xx.2023-cü il tarixli 3-16-5/8-14xx/xx-2023 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşaq, ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsivə dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqnaı tərəfindən müəyyən olunur. Göstərilənlərə əsasən, doğum haqqında akt qeydinin uşaq bəndində soyadın “Qədimov”dan “Qədimbəyli”yə dəyişdirilməsi imkan xaricindədir.

9. Bakı şəhəri Cavabdeh tərəfindən 21 iyun 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 030229 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən xx.xx.2002-ci ildə Fransa Respublikasının Paris şəhərində doğulmuş Məmmədov Emil-Murad Ramil oğlu soyadını “Məmmədov”-dan “Qədimov”-a dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 18 nömrə ilə qeyd edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-5/8-410/24/13 nömrəli məktubla İddiaçı soyad dəyişmə barədə akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir.

11. İddiaçı tərəfindən “Qədimbəyli” soyadına malik qohumluq əlaqələrində olduğunu bildirdiyi şəxslərin şəxsiyyət vəsiqləri təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması. 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq X3 qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar X3 qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

18. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının : 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.5. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. 5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir. 5.7. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir. 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X3 Reyestri Xidmətinə bildiriş göndərir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

19. Göründüyü kimi, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilməsi qanunverciliklə müəyyən edilmişdir.

20. İddiaçının hüquqi marağı “Qədimov” soyadının “ov” sonluğunun “bəyli” soyad sonluğuna dəyişdirilməsindən ibarətdir.

21. Cavabdehin imtina əsası isə Azərbaycan Respublikasının Elmlər X2 qərarında ad və soyad seçimi zamanı titul bildirən, bəy, xan, hacı, əfəndi və s. kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməməsinin tövsiyə edilməməsi olmuşdur.

22. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, sözügedən qərar Azərbaycan Milli Elmlər X2 Terminologiya Komissiyasının nəzdində adlar və soyadlar üzrə komissiyasının “Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar”ıdır.İlkin olaraq yuxarıda adı çəkilən qərar tövsiyə xarakteri daşımaqla məcburi hüquqi qüvvəyə malik inzibati akt deyildir. 23. Qərara əsasən, soyadların yeni seçim sisteminin təsdiq edilməsi və təklif olunan tövsiyələrin 2011-ci il yanvarın 1-dən başlayaraq yeni doğulanların soyad seçimi zamanı nəzərdə tutulması haqqında müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.

24. Məsələnin hüquqi aspekti ilə bərabər linqvistik və etnik baxımdan da araşdırdıqda hazırkı iş üzrə cavabdehin imtinasının müvafiq əsasının olmadığı müəyyən edilir. Belə ki, dilimizdə şəxlərə verilən adların özünün titul bildirən sözlərdən ibarət olduğuna dair kifayət qədər misallar mövcuddur. Yəni, Əfəndizadə, Hacılı və ya ulu babanın adının hər hansı titul ehtiva etmədən “Əlibəy”, “Hacısalman” olması əsasından yaranan “Əlibəyli”, “Hacısalmanov” soyadının verilməsi mümkündür. Hazırda cəmiyyətimizdə "...bəyov", "...xanov" tipli tarixi soyadlar da, az deyil.

25. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olmadığından və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

28. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində soyad sonluğunun “ov”-dan “bəyli”-yə dəyişdirilərək bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar