Məhkəmə qərarları › İş №2-1(112)-428/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-428/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-428/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının direktoru X4 (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X12 “Q” yaşayış massivi, S.Cəfərov küçəsi 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Çörək zavodu kompleksinə) müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış Massivi, S.Cəfərov küçəsi 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqların qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, X12 “Q" yaşayış massivi, S.Cəfərov küçəsi 1C ünvanında yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi ilkin olaraq xx.xx.1994-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1447saylı Sərəncamı ilə İddiaçı MMC-yə təhkim edilmiş və xx.xx.2016-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının 306 saylı sərəncamı ilə qeyd olunan Sərəncamda dəyişiklik edilərək torpaq sahəsinin ölçüləri 1,4467 ha müəyyən edilmişdir. Həmin sərəncamın tərkib hissəsi kimi Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 08/03 saylı ayrıc aktı tərtib etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1447 saylı Sərəncamı, 9499 saylı İnşaat passportu və dəqiqləşdirilmiş ayrıc aktı əsasında hazırlanmış Suraxanı rayonu, X12nin “Q” yaşayış massivinin, Şimal Şərqində 4 nömrəli çörək zavodunun nəzdində tikilmiş Çörək sexinin tutduğu ərazidə tikintisi nəzərdə tutulan çörək zavodu kompleksinin təqdim edilmiş eskiz layihəsi xx.xx.2008-ci il tarixdə 18/04-125 saylı Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq məktubu ilə razılaşdırılmış, tikintiyə başlamaq üçün müvafiq ekspertiza rəyləri alınmışvə bundan sonra tikinti işləri aparılmışdır. Tikinti işləri başa çatdıqdan sonra xx.xx.2011 -ci il tarixdə Azərbaycan Respublikası FHN Tikintidə X3 Agentliyinin Təhlil Qrupunun 193 saylı rəyi alınmış həmin rəyə əsasən inşa edilmiş tikililər tikinti və inşaat normalarının tələblərinə uyğun tikilmiş və bu baxımdan istismara yararlı olması barədə qərar qəbu edilmişdir. xx.xx.2012-ci il tarixdə tikintisi başa çatmış obyektin istismara qəbul edilməs haqqında Qəbul Komissiyasının aktı əsasında Bakı şəhəri, Suraxanı rayonu, X12nin, “Q” X13 Şərqində çörək zavodu kompleksi mövcud vəziyyətdə istismara qəbul edilmişdir. İstismara qəbul edilmiş çörək zavodu Kompleksinə Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazsinin Tikinti və Planlaşdırma İdarəsinin xx.xx.2008-ci il tarixli məktubu əsasında Yeni Günəşli Y/Sahəsi, S.Cəfərov Küçəsi 1Ç ünvanı verilmişdir. Müvafiq sənədləri toplayıb, Qeyri-yaşayış sahəsinə çıxarış və texniki passport almaq məqsədilə 03,07.2020-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edilsə də, cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli imtina məktubu vermişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə ********** saylı ərizə ilə rəsmi qaydada müraciət edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının (Bakı şəhər icra Hakimiyyətinin) möhürləri ilə təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının direktoru iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunu onunla əsaslandırılmışdır ki, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş və qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1994-cü il tarixli 1449 nömrəli Sərəncamına əsasən Suraxanı rayonu, X12nin “Q” yaşayış massivinin şimal-şərqində 4 №-li çörək zavodunun nəzdində tikilmiş çörək sexinin tutduğu ərazi mövcud istifadə vəziyyətində ona təhkim edilmişdir. İş materiallarından görünür ki, 1996-cı ilin avqust ayında X12nin “Q” yaşayış massivinin şimal-şərqində 4 №-li çörək zavodunun 9 saylı sahənin Texniki Pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin 34110 nömrəli Şəhadətnaməsinə əsaəsn İddiaçı MMC xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir (identifikasiya kodu- 3034467; yerləşdiyi ərazi – Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış massivi). İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Deparatmenti Mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli 001932 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış massivində yerləşən 4 saylı çörək zavodunun 9 saylı çörək sexinin əmlakı X4 xüsusi mülkiyyətidir. İşdə olan xx.xx.2004-cü il tarixdə təsdiq edilmiş İddiaçı MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi X6r. Nizamnamənin 6.3-cü bəndinə əsasən Nizamnamə kapitalının 100%-nı 96.740.000 manat dəyərində olan özəlləşdirilmiş Suraxanı 4 saylı çörək zavodunun 9 saylı çörək sexinin əmlakı təşkil edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış sahəsində istifadədə olan 0.07343 ha torpaq sahəsində yerləşən 673.9 kv.m olan ümumi, 624.6 kv.m əsas 49.3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (4 saylı çörək zavodunun 9 saylı çörək sexi) tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə Suraxanı rayonu, X12nin “Q” yaşayış massivinin şimal-şərqində 4 №-li çörək zavodunun nəzdində çörək sexinə Ayrıc Aktı tərtib edilmişdir. İş materiallarından görünür ki, X12, “Q” yaşayış massivi Samir Cəfərov küçəsində dəyirman və çörək zavodu kompleksinin eskiz layihəsi xx.xx.2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/04-125 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1449 saylı sərəncamı 9499 saylı inşaat pasportu və xx.xx.2008-ci il tarixli 18/04-125 saylı məktub əsasında hazırlanmış Suraxanı rayonu, X12nin «Q» yaşayış massivinin şimal-şərqində, 4№-li çörək zavodunun nəzdində tikilmiş çörək sexinin tutduğu ərazidə tikintisi nəzərdə tutulan çörək zavodu kompleksinin təqdim edilən işçi layihəsi ilə tanış olaraq (çörək bişirmə sexi və inzibati hissə - 1 mərtəbəli; un anbarı - 1 mərtəbəli; dəyirman - 5 mərtəbəli; taxıl anbarı - 1 mərtəbəli, emalatxana və anbar - 1 mərtəbəli; qonaq evi 2 mərtəbəli, -2.60m səviyyəsində zirzəmi mərtəbəsi; ofis, çörək bişirmə sexi və yataqxana - 2 mərtəbəli; xidmət avtomobilləri üçün avtoyuyucu və təmir məntəqəsi - 1 mərtəbəli; keçid-nəzarət məntəqəsi - 1 mərtəbəli; çörək mağazası - 1 mərtəbəli; personal otağı - 1 mərtəbəli; "xxxx" MMC-nin işi, memar İ.Əliyev) onun memarlıq hissəsini razılaşdırılır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/3494 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsi, «Q» massivi Samir Cəfərov küçəsində razılaşdırılmış layihəyə əsasən İddiaçı MMC tərəfindən tikilmiş çörək zavodu kompleksinin ünvanı aşağıdakı kimi dəqiqləşdirilir. Ünvan: Yeni Günəşli y/sahəsi, S.Cəfərov küçəsi, 1C. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin xx.xx.2008-ci il tarixli YTNƏŞ-762 nömrəli Rəyinə əsasən Tərtib olunmuş layihə sənədləri, respublika ərazisində qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» A/DTN-nın; 2.08.02-39 «İctimai bina və qurğular» TNvəQ-nın; 2.04.02-84 «Su təchizatı. Xarici xəttlər və qurğular» TNvəQ-nın; 2.01.02-85 «Yanğına qarşı normalar» TNvəQ-nın: EQQQ-nın; «Tikintiqtıraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları»-nın (YTQ 05-86) və digər normativ sənədlərin tələblərinə uyğun olaraq, respublika X9 orqanları tərəfindən Razılaşdırılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2010-cu il tarixli 11727 nömrəli Rəyinə əsasən “Bakı şəhəri, Suraxanı rayonu, X12 “Q” yaşayış massivi S.Cəfərov küçəsində dəyirman və çörək zavodu kompleksi”nin tikintisi üzrə işçi layihəsinə bu rəyin 4-cü bölməsindəki tələblərin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə irad yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2 əsasən təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi aşağıdakı şərt daxilində: Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış massivi, S.Cəfərov küçəsi “1C” ünvanda inşa olunan İddiaçınə məxsus “Dəyirman və Çörək Zavodu” kompleksinin işçi layihəsini “Şanitariya- epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırır. 1. Tikinti zamanı ətrafda yerləşən mövcud yaşayış evlərindən normativ sanitar mühafizə zonasının yaradılmasını təmin etmək. Tikinti işləri Azərbaycan Respublikasının mövcud sanitariya qanunvericiliyinə uyğun həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/1030 nömrəli xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məktubda qeyd olunanları nəzərə alaraq təqdim olunumuş sənədlərə ekoloji baxımdan aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir: -ərazidə inşaat işləri zamanı əmələ gələn tikinti tullantılarının və artıq qruntun aidiyyatı icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması: -tikinti müddətində sanitar ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyucu tədbirlərin həyata keçirilməsi; -tikinti sahəsi ətrafında olan yaşıllıqların ciddi mühafizə olunması və onlara aqrotexniki xidmətlərin göstərilməsi; -sahənin yaxınlığından keçən əsas magistral kommunikasiya xəttlərinin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası tələblərinə riayət edilməsi; -obyektin yerləşdiyi ərazi nəzərə alınaraq tikinti müddətində sanitar-ekoloji tələblərin təmin olunması üçün qoruyucu tədbirlərin həyata keçirilməsi, ətraf mühitin çirkləndirilməsi (qeyri-üzvi tozlar, səs-küy, vibrasiya və.s) hallarının qarşısının alınması üçün ekoloji tələblərə ciddi riayət edilməsi; -obyektin xarici kommunikasiya xətləri birləşmələrinin aidiyyatı icra orqanlarının texniki şərtləri əsasında onların nümayəndələrinin iştirakı ilə yerinə yetirilməsi; -inşaat işləri müddətində tikinti norma və qaydalarına ciddi riayət edilməsi; -inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X8 xx.xx.2011-ci il tarixli 193 nömrəli Rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, X12 “Q” yaşayış massivi S.Cəfərov küçəsində yerləşən İddiaçı MMC tərəfindən inşa edilmiş dəyirnan və çörək zavodu kompleksinin yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2016-cı il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1449 saylı sərəncamında dəyişiklik edilməsi haqqında” Sərəncamına əsasən İddiaçı xx.xx.2016cı il tarixli, 01/11 saylı müraciətini, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 001932 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsini və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirinin xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1449 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüləri 1,4467 ha müəyyən edilsin. Məhkəmə cavabdeh inzibati orqanın “qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir” dəlili ilə bağlı qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsinə dair səlahiyyətlər xx.xx.2018-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarına verilmişdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə tikinti obyektinin istismarına qəbul Aktı xx.xx.2012-ci il tarixdə müvafiq yerli icra hakimiyyəti orqanı (Suraxanı Rayon İcra Hakimiyyəti) tərəfindən verilmişir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Məhkəmə cavabdeh inzibati orqanın “qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir” dəlili ilə bağlı qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1994-cü il tarixli 1449 nömrəli və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2016-cı il tarixli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1449 saylı sərəncamında dəyişiklik edilməsi haqqında” Sərəncamlarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır və iddiaçının hüquqlarını pozur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsi barədə hər hansı qərarın qəbul edilməməsi, daşınmaz əmlaka dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş İstismara qəbul edilməsi Aktının mövcudluğu həmin daşınmaz əmlakın müvafiq normalara uyğun tikilməsini müəyyən edir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış Massivi, S.Cəfərov küçəsi 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqların qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, X12, “Q” yaşayış Massivi, S.Cəfərov küçəsi 1C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı MMC-nin mülkiyyət hüquqlarının qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar