Məhkəmə qərarları › İş №2-1(112)-4280/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4280/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4280/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlu tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması» tələbinə dair iddiası üzrə inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, 1985-ci ildə Ağdərə rayonunda doğulmuşdur, məlum hadisələrlə bağlı 1991-ci ildən Bərdə rayonunun Əliyanlı kəndində məskunlaşmışdır. Ailəlidir, 2 övladı var. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olmuş, 2009-cu ildə təhsilini başa vuraraq, həmin İnstitutu “ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bitirmiş və həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. Təhsil aldığı 4 il ərzində Gəncə şəhərində yaşamış (kirəyədə) və bütün dərslərdə iştirak etmişdir. Təhsilini başa vurduqdan sonra İnstitutun rəhbərinin imzası ilə ona B087773 nömrəli (2/0096 qeydiyyat nömrəli) diplom verilmişdir. O, 2009-cu ildən Bərdə rayonu N.Paşayev adına Əliyanlı kənd orta məktəbində ixtisası üzrə işləyir, YAP üzvüdür. İşlədiyi müddət ərzində müəllim kimi heç bir inzibati cəza almamışdır. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”na əsasən diaqnostik qiymətləndirmə Təhsil Nazirliyi tərəfindən aparılır. O, diaqnostik qiymətləndirmədə iştirakı ilə bağlı Nazirliyə müraciət etmiş, lakin həmin müraciət təmin edilməmişdir. Hazırda o, diaqnostik qiymətləndirmədən keçmək istəiyir. Onun diaqnostik qiymətləndirməyə buraxılmaması Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»na, ölkə başçısının insan hüquqları, hüquqi dövlət quruculuğu, insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması ilə bağlı mövqeyi və siyasətinə ziddir, eləcə də onun (iddiaçının) «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 saylı Sərəncamı ilə verilmiş imkanlardan istifadəsini mümkünsüz sayır. İşlədiyi məktəb Təhsil Nazirliyi sisteminə daxildir və onun yeganə və əsas iş yeridir. Qaydalara əsasən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə (o cümlədən tam orta məktəblər və liseylər) əsas iş yeri olan əmək müqaviləsi əsasında işləyən müəllimlər iştirak edə bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyindən ona ünvanlanmış xx xxxx 2020-ci il tarixli A-1061/10-24 nömrəli məktubda qeyd olunur ki, Təhsil Nazirliyinə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktuba baxılmışdır. Onun adına yazılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının B087773 nömrəli (2/0096 qeydiyyat nömrəli) diplom sənədinin dövlət nümunəli olmadığı müəyyən edilmişdir. Bu səbəbdən onun diaqnostik qiymətləndirmədə iştirakı təmin edilməmişdir. Nazirliyin mövqeyi ilə bağlı bildirilir (ərizəçi bildirir) ki, həmin təhsil müəssisəsi əvvəlki dövrlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və qanuni fəaliyyət göstərmiş, 1997-ci ildə isə təkrar qeydiyyatdan keçmişdir. Bu təhsil müəssisəsini bitirmiş şəxslər məktəblərdə işə qəbul olunmuş, dəfələrlə ixtisasartırma kurslarına göndərilmişlər. Nazirlik məktubunda onun adına verilmiş diplomun dövlət nümunəli olmadığı sadəcə vurğulamış, lakin həmin diplomun qüvvədən düşmüş hesab edilməsi, yaxud etibarsızlığı barədə heç bir sübut təqdim edə bilməmişdir. Diplom təhsil müəssisəsinin rəhbəri tərəfindən imza ilə təsdiq olunmuşdur. İmzanın saxtalığı bildirilməmişdir. O, 10 ildən artıqdır ki, ixtisası üzrə müəllim işləyir. Diaqnostik qiymətləndirmədən keçirilməməsi ona çox böyük mənfi təsir göstərir. Ona 6 satdan çox dərs yükü ayrılmır. Əmək haqqı da digər həmkarlarına nisbətdə az hesablanır. Maddi və mənəvi cəhətdən özünə və ailəsinə təsir edir. Göstərilənlərə və «İnzibati icraat haqqqında» AR Qanununun 2.0.2-ci maddəsinə, İPM-in 12, 33.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması öhdəliyinin cavabdeh AR Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. Məhkəmə işdə olan sənədlərə əsaslanaraq və İPM-in 16.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən həllini mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 236/1 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumtəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»na əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və xüsusi tipli ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlərin, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin, ixtisasları üzrə tədris apardığı təqdirdə direktorların, direktor müavinlərinin, yerli təhsil idarəetmə orqanlarında dövlət qulluqçusu və metodist vəzifələrində çalışanların diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmuşdur. Diaqnostik qiymətləndirmədə iştirak etməsi nəzərdə tutulan kontingentin mövcud qaydalara uyğun işə qəbul edilməsinin, təhsil sənədlərinin dövlət nümunəli olmasının və diplom üzrə ixtisasının qiymətləndirmədə iştirak edəcəyi fənnə uyğunluğunun yoxlanılması üçün qeyd olunan kontingentin əmək kitabçalarına və təhsil sənədlərinə baxılmışdır. Sizin (İddiaçı) diaqnostik qiymətləndirmədə iştirakınızın təmin olunması məqsədilə müvafiq yerli təhsil idarəetmə orqanı tərəfindən elektron proqram təminatına daxil edilmiş məlumatlar yoxlanılmışdır. Şəxsi işinizin aparılması zamanı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən Sizin adınıza yazılmış B seriyalı 087773 nömrəli diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığı aşkar olunmuşdur. Bu səbəbdən diaqnostik qiymətləndirmədə iştirakınız təmin olunmamışdır. Ümumtəhsil müəssisəsində dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr müəssisə rəhbəri tərəfindən nəzərə alınır. İş materiallarında olan “əmrdən çıxarış”dan görünür ki, Bərdə rayonu N.Paşayev adına Əliyanlı kənd tam orta məktəbinin xx xxxxxxxx 2009-cu il tarixli 3 saylı əmri ilə İddiaçı həmin məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi təyin olunmuşdur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdən arayış verilən (xx xxxxx 2020-ci il) tarixədək Bərdə rayonu N.Paşayev adına Əliyanlı kənd tam orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. İş materiallarından görünür ki, İddiaçı adına Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən ona “maarif ibtidai təhsilin pedaqogika və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi barədə B seriyalı 087773 nömrəli diplom verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 14.1-ci maddəsinə görə təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 21.5-ci maddəsinə görə orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının xx xxxxxxx 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 19-cu maddəsinə əsasən ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi: (8.5-ci bənd) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, (8.26-cı bənd) mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»nın 1.2-ci bəndinə görə bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Qaydaların 2-ci bəndinə görə diaqnostik qiymətləndirilmənin məqsədi aşağıdakılardır: müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrindən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. Qaydaların 3.1-ci bəndinə görə diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllimdefektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Qaydaların 3.2-ci bəndinə görə iki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı əsas iş yeri Bərdə rayonu N.Paşayev adına Əliyanlı kənd orta məktəbi olan ibtidai sinif müəllimi kimi yuxarıda qeyd olunan Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş kateqoriyada olan şəxslərin sırasına daxildir. Bundan başqa, iddiaçı “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə işlədiyindən və digər (iki fənn üzrə qiymətləndirilmədə iştirakla bağlı) niyyət nə Təhsil Nazirliyinə müraciətdə, nə də iddia ərizəsində bildirilmədiyindən iddianın mahiyyəti Qaydaların 3.2-ci bəndinə uyğun olaraq bir fənn üzrə diqanostik qiymətləndirilmə ilə bağlı sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən İddiaçı verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsi inzibati aktların etibarsız sayılması üçün konkret əsaslar nəzərdə tutur və hazırkı iş üzrə belə əsaslar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilmdə iştirakına maneələr törədilməsi ilə müşayiət olunan əlverişsiz hərəkətlərini «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri (Qanunun 12, 13, 19, 65-ci maddələri) baxımından əsaslandırmamış, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Odur ki, məhkəmə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahana buraxılmaması ilə bağlı əlverişsiz hərəklətləri qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəd olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar