Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4280/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müraciət edərək, ünvan 1 ünvanında yerləşən 69 sayı mənzilin, ümumi sahəsi 59,07 kv.m olmaqla, qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka çıxarışın və texniki pasportun verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, sözügedən əmlak ilə bağlı eskiz layihəsi hazırlanmış və eskiz layihəyə uyğun olaraq mənzilin küçəyə baxan pəncərələrindən birinin qapı ilə əvəz olunması ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Müvafiq olaraq qeyd edilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin müraciət əsasında iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 69 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 46,5 kv.m, faktiki isə 63.5 kv.m təşkil edir. Həmçinin, mənzilin daxilində rekonstruksiya aparılmış pəncərə oyuğundan küçəyə qapı sahəsi açaraq qeyri-yaşayış sahəyə çevrilmişdir. Bu səbəbdən iddiaçının müraciətinin müsbət həllindən imtina olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzil üzərində İddiaçı qıznın mülkiyyət hüququ yaranmışdır. İddiaçı hazırda razılaşdırılmış layihə əsasında inşa edilmiş və icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilməsinə icazə verilmiş mənzilin qeyri-yaşayış sahəsinə çevirməklə üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə ilkin olaraq ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilin qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsinə yol verilbverilməməsini araşdırmalıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Məhkəmə bildirir ki, cavabdehin imtinası aşağdaki qanunvericiliyin müddəalarına görə qanunazidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.10-cu maddəsinə əsasən, keçirilmiş sahə yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.05.2010-cu il tarixli Fərmanıın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Şərh olunan qanunvericiliiyin normalarından görünndüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yalnız Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Bu zaman mühim olan əsas şərtlər onlardı ki, yaşayış sahəsi qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verməli, həmçinin sahə konstruktiv cəhətdən qeyri-yaşayış sahəsi kimi istifadə üçün təminat etməli və müvafiq icra hakimiyyəti orqanları tərəfindən istifadəsinə icazə verilməlidir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki ünvan 1 ünvanında yerləşən 69 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məlum olduğu kimi, cavabdeh tərəfindən mübahisələndirilən məsələ məhz mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın olmaması ilə bağlıdır. Halbuki, Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş 21.01.1998-ci il tarixli, 91 saylı sərəncam sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiqləyən inzibati akt sayılır. Belə ki, məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş sərəncamın məzmunundan da görünüdüyü kimi, həmin sərəncam ilə vətəndaş R.Gəncamaliyevaya ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilinin küçəyə baxan pəncərələrindən birinin eskiz layihəsinə uyğun qapı ilə əvəz edilməsinə icazə verilmişdir. Bundan sonra, həmin əmlak bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanaraq, o, həmin əmlak üzərində mülkiyyət hüquqları əldə etmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin müddəalarını rəhbər tutaraq bildirir ki, inzibati aktın aydın və anlayışlı olması mühim olan şərtlərdən biridir. Sərəncamda birbaşa olaraq, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi göstərilməsə də, həmin sərəncam sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə xarakteri daşıyır. Beləliklə, sözügedən sərəncamın Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan qərar kimi qiymətləndirilməməsi formal xarakter daşıyır və iddiaçının hüquqlarının pozulmasına yönələn hərəkət sayılır. Bundan savayi isə, ünvan 1 ünvanında yerləşən 69 saylı mənzil ilə bağlı eskiz layihəsi həm Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verildiyi dövrdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, həmçinin də hazırda həmin əmlak ilə bağlı eskiz layihəsi tərtib olunmuşdur. Sadalanmış hallar ona dəlalət edir ki, mübahisə predmetini təşkil edən əmlak Yasamal rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam əsasında keçirilmiş konstruktiv dəyişiklikdən sonra belə qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçının iddia etdiyi əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsinin şəhərsalma və tikinti sahəsinində qanunvericilik, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydalarının tələblərinə uyğun olmasını təsdiq edən əsaslardan biri də, rəyin olmasıdır. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə yaşayış sahəsi kimi mülkiyyət hüququ qeydiyyata alınmış sahənin mənzil kimi və ya qeyri-yaşayış sahəsi kimi istifadə imkanları, orada aparılmış rekonstruksiya işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıbaparılmaması, başqa şəxslərin hüquq və manafelərinə istifadənin toxunub-toxunmaması, sahənin faktiki ölçüləri və s. kimi məsələlərin aydınlaşdırılmasına zərurət yaranmış, həmin araşdırımanın aparılması məqsədi ilə ekspert qarşısında aidiyyəti suallar qoyulmuş, bununla da məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadında qoyulmuş sualların icrası ilə əlaqədar “X2” MMC tərəfindən mənzilə yerli baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Bunun müqabilində məhkəməyə rəy təqdim olunmuşdur. Həmin rəydən məlum olur ki: - ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 69 saylı mənzilinin faktiki sahəsi 59,07 kv.m təşkil edir. Mənzilin qeydiyyat vəsiqəsind göstərilmiş 30 kv.m mənzilin yaşayış sahəsidir. Mənzilin ümumi sahəsində heç bir artırmalar aparılmayıb, yalnız daxilində bəzi köməkçi arakəsmələr götürülüb və eyvan hissəsi bağlanaraq mənzilin sahəsinə qatılıb. - Binanın birinci mərtəbəsində ümumiyyətlə yaşayış sahəsi mövcud olmasa da, həmin mərtəbə yalnız qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Mübahisə predmetini təşkil edən əmlak qeyri-yaşayış sahəsi (şirniyyət evi) kimi istifadə olunur. - Mübahisə predmetini təşkil edən əmlak şirniyyət evi qismində istifadə olunur və digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərinə toxunmur. - Sözügedən mənzildə aparılmış rekonstruksiya işlərinin mənzilin daxili köməkçi arakəsmələrinin yerdəyişməsindən və eyvan sahəsinin bağlanmasından ibarət olduğuna görə şəhərsalma və tikinti sahəsində qanunvericilikdə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydalara uyğundur. - ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 69 saylı mənzil binanın 1-ci mərtəbəsində yerləşir, heç bir digər mərtəbələrə və qonşu mənzillərə genişlənməsi yoxdur. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan və qeyri-yaşayış sahəsi kimi istifadə edilən daşınmaz əmlak ilə bağlı aparılmış rekonstruksiya işləri qanunvericiliyin və texniki normativ hüquqi aktların texniki qaydalarına uyğun olmaqla yanaşı, həmçinin həmin əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə olunması hər hansı digər şəxsin, o cümlədən qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərinə pozmur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqana təqdim edilmiş, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 21.01.1998-ci il tarixli, 91 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış qeyri-yaşayış sahəsinə dair eskiz layihəsi, həmçinin daşınmaz əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edən çıxarış, o cümlədən də, məhkəmə icraatı zamanı əldə olunmuş mütəxəssis rəyi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın (mənzilin) qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən verilmiş imtina qanunazidd hesab olunur. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsas olan Yasamal rayon İcra Hakimiyyətinin Sərəncamının 21.01.1993-cü il tarixə aid olduğu göstərilsə də, həmin Sərəncam 21.01.1998-ci il tarixə aid olmuşdur ki, sözügedən Sərəncam və onun verilməsinə əsas olmuş sənədlər Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuşdur. Göründüyü kimi, Sərəncamın mövcudluğu və mötəbərliyi hər hansı bir şübhə doğurmur. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən sərəncamın mötəbərliyi şübhə doğurmamaqla yanaşı, həmçinin köhnə Mənzil Məcəlləsinin tələblərinə də uyğundur. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 8-ci maddəsinə görə yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. İdarə və ictimai mənzil fondunun yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və ictimai təşkilatların mərkəzi orqanlarının təklifləri ilə keçirilir. Göründüyü kimi, sərəncamın verildiyi dövrdə, yəni 1998-ci ildə Mənzil Məcəlləsinin köhnə redaksiyası qüvvədə olmuşdur ki, həmin Məcəllənin müddəalarının tələbləri baxımından yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq qərar əsasında həyata keçirilirdi ki, bura da Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam, qərarın özündə əks etdirdiyi bütün səciyyəvi xüsuslara malikdir. Bununla da bir mənalı olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün mötəbər akt hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci, 2.0.3-cü və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bildiriri ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Əsasnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi texniki pasportun verilməsi hissəsində də təmin olunmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən 69 sayı mənzilin, ümumi sahəsi 59,07 kv.m olmaqla, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 69 sayı mənzilin, ümumi sahəsi 59,07 kv.m olmaqla, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və İddiaçınn adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4280/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4280/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver