Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4281/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Əmrulla oğlunun cavabdeh Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinə qarşı qarşı «fəaliyyət qabiliyyətsiz şəxsin üzərində qəyyum təyin olunması üzrə icraatın dayandırılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Əmrulla oğlu cavabdeh Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinin Qəyymluq və Himayəçilik şöbəsinə qarşı qarşı «fəaliyyət qabiliyyətsiz şəxsin üzərində qəyyum təyin olunması üzrə icraatın dayandırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət edə bilər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının qardaşı X2 uzun illərdir ruhi xəstədir. O, bir müddət Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Psixiatrik Dispanserdə müalicə almışdır. İddiaçı qardaşı Ağacan Zeynalova bu illərdə qulluq etmiş, ona baxmış, lazımi dərmanlarını almışdır, indi də qulluq edir. X8 Zeynalovun övladıdır və “şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunması barədə” ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin qətnaməsi ilə Ağacan Zeynalov fəaliyyət qabiliyyətsiz sayılmışdır. X7 müəyyən maraqlar baxımından Ağacan Zeynalovun üzərində qəyyum təyin olunmaq istəyir. Lakin o, tasaı Zeynalov Ağacana baxmır, başqa ünvanda yaşayır. X4 üzərində qəyyum təyin olunmaq üçün Bakı şəhəri Yasamal RİH-ə müraciət ertmişdir. Ona qəyyum təyin olunmaq üçün Yasamal RİH-ə Ruslan Zeynalov da müraciət etmişdir. Lakin Yasamal RİH Ağacan Zeynalovun onun (iddiaçının) himayəsində yaşamasını təsdiq edən sənədi – məhkəmə qətnaməsini tələb edir. Buna görə də o, müvafiq rayon məhkəməsinə müraciət edərək, Ağacaan Zeynalovun onun himayəsində olması faktının təsdiqlənməsini xahiş etmişdir. Ərizə həmin məhkəmənin icraatına qəbul edilmişdir və hazırda da icraatda olmaqla baxılmaqdadır. Buna görə də iddiaçı Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət edərək, Ağacan Zeynalovun üzərində qəyyum təyin olunması məsələsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal RİH hərəkətsizlik edərək, bu barədə qərar qəbul etməmiş, yəni icraatı dayandırmamış, mahiyyəti üzrə aydın olmayan məktubla həmin müraciəti cavablandırmışdır. Hesab olunur ki, Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinin hərəkətsizliyi qanunsuzdur. Göstərilənlərə əsaslanaraq, cavabdeh Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinin hrəkətsizliyinin qanunsuz sayılması, Ağacan Zeynalovun üzərində qəyyum təyin edilməsi ilə bağlı məsələ üzrə icraatın “Ağacan Zeynalovun onun himayəsində olması faktının müəyyən edilməsi”nə dair ərizə üzrə mülki məhkəmə icraatında işə baxılıb qurtaranadək dayandırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİİ bölməsində inzibati orqan kimi Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçıları olan orqanlar müəyyən edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə iddia ərizəsində cavabdeh qismində Bakı şəhəri Yasamal RİH Qəyyumluq və Himayəçilik şöbəsinin göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh inzibati orqan olaraq Bakı şəhəri Yasamal RİH-in verilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrinə aiddir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, “qəyyumluq və himayəçilik” mülki qanunvericiliyin ayrıca instutu olmaqla onun subyektlərinin hüquq və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifələrinə daxildir. Belə olan halda, səlahiyyətli orqan kimi yerli icra hakimiyyəti orqanlarının fəaliyyət qabiliyyətsiz şəxslər üzərində qəyyum təyin edilməsi üzrə icraatından yaranan, xüsusilə də bir şəxsin üzərində qəyyum təyin olunması bir neçə şəxsin marağında olduğu halda mübahisə publik xarakterli qiymətləndirilə bilməz və bu icraatın nəticəsi üzrə qəbul olunmuş qərar da inzibati akt sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə yerli icra hakimiyyəti orqanında qəyyum təyin olunması ilə bağlı qərarın qəbulu çərçivəsində istər icraatın dayandırılması, istərsə də digər hallarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması və bu icraat üzrə həmin orqanın üzərinə öhdəlik qoyulması yolverilən hal deyil. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4281/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4281/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver