Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4282/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajı daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 01.01.1992-ci il tarixdən 01.10.2001-ci ilədək "xxxx" ASC-də sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, 64 il 6 aydan, yəni 21.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Quba rayonunda anadan olmuşdur. 02.09.1999-cu il tarixdən Bakı 2 saylı Elektrik Tikinti Təmir sahəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş və 10.01.2001-ci ilədək orada işləmişdir. 10.01.2001-ci il tarixdə "xxxx" ASC-nin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən 2-ci Bakı Elektrik şəbəkə Tikinti Təmir sahəsinin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçının əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 64 yaş 6 ay müddət tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və ona 05.01.2021-ci il tarixli, **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, ümumi iş stajı 17 il 9 ay olmaqla, tələb olunan müddətdən, 25 il dən azdır. Bildirilmişdir ki, 31.01.1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş 01.01.1992-ci il tarixdən 01.10.2001-ci ilədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən saxlanıldığı ünvan məlum olmadığından, həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İşlədiyi 01.01.1992-ci il tarixdən 01.10.2001-ci ilədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi səbəbindən, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə “Əmək pensiyaları haqqında" Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniınum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən İddiaçı 01.01.1992-ci il tarixdən 01.10.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlər üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanmışdır. Milli Arxiv İdarəsinin 05.04.2021-ci il tarixli 4/710 nömrəli arayışında qeyd olunmuşdur ki, 1 №-li Bakı Elektrik Tikinti Təmir Sahəsinin, 2 №-li Bakı Elektrik Tikinti Təmir Sahəsinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrlər arxiv arayışı əsasında təsdiqlənmədiyi üçün həmin dövrlər İddiaçı sosial sığorta stajına daxil edilməmişdir. Bundan əlavə, əmək kitabçasının 9 №-li qeydində İddiaçı 01.09.1999-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 68-ci maddəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. Lakin bilindiyi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi 01.07.1999-cu il tarixdə qüvvəyə minmişdir. 01.07.1999-cu il tarixdən AR Əmək Məcəlləsi qüvvədə olduğu halda 01.09.1999-cu il tarixdə AR Əmək Qanunlar Məcəlləsinə əsasən işdən azad edilməsi həmin qeydin mötəbərliyini şübhə altına salan bir haldır. Əmək kitabçasının 11 №-li qeydində 01.10.2001-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən işdən azad edilməsi göstərilmişdir. Lakin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15.03.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC 15.03.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı halda İddiaçı həmin ASCnin 24.09.2001-ci il tarixli əmrinə əsasən 2 №-li Bakı Elektrik Tikinti Təmir Sahəsinin ləğv edilməsi ilə əlaqədar işdən azad edilməsi şübhə yaradan digər bir haldır. Yuxarıda qeyd olunan məqamlar iddiaçının mübahisələndirilən dövrlər üzrə iddia tələbinin əsassız olduğuna dəlalət edir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 07.05.1974-cü ildə hərbi xidmətə çağırılmış, 14.05.1976-cı ildən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 31.01.1974-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 25.01.1974-cü ildə xlor və kaustik soda istehsalına 5ci dərəcəli aparatçı kimi işə qəbul edilmiş, 22.04.1974-cü ildən hərbi xidmətə çağırışı ilə əlaqədar işdən azad edilmişdir. 24.06.1976-cı ildən orqanik məhsullar zavodu 46 saylı sexə aparatçı kimi işə qəbul edilmiş, 07.08.1978-ci ildə işdən azad edilmişdir. 07.08.1978ci ildə PMU “Azqlavenerqo” 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, “Azərenerjişəbəkətikinti” üzrə 38 saylı 13.03.1989-cu il tarixli əmrə əsasən PMU “Azqlavenerqo” “Azərenerjişəbəkətikinti” tresti adlandırılmışdır. 01.09.1999-cu il tarixdən işdən azad edilmişdir. 02.09.1999-cu ildə Bakı 2 nömrəli elektrik tikinti-təmir sahəsinə sürücü (4 dərəcə) işinə qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 30.04.2001-ci il tarixli 243 saylı sərəncamına 1 saylı əlavəyə uyğun olaraq “Azərelektrikşəbəkətikinti Açıq Səhmdar Cəmiyyəti yaradılmış, 01.10.2001-ci ildə "xxxx" Açıq Səhmadr Cəmiyyətinin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən 2 nömrəli Bakı Elektrik Tikinti Təmir Sahəsinin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 05.01.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 17 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bildirilmişdir ki, 31.01.1974-cü il tarixli iddiaçının əmək kitabçasında qeyd olunmuş 01.01.1992-ci ildən 01.10.2001-ci ilədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006cı il tarixədək olan sığorta stajına uyğun (17 il 9 ay) sığorta kapitalı 13158,08 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alıb iddiaçıya yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvavinətin təyin edilməsi üçün 3 saylı Bakı “DOST” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 25 il ümumi iş stajı yoxdur və bundan əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan sığorta kapitalından azdır. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını mübahisələndirir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeyd hissəsi nəzərə alındıqda müəyyən olunur ki, 1 iyul 2019 - 30 iyun 2020-ci ilədək olan dövr üzrə kişilər üçün pensiya yaşı 64 il 6 ay təşkil edir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 64 il 06 ayını 21.06.2020-ci ildə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbindən görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya yaşına çatmış şəxs 25 ildən az olmayan sığorta stajına malik olmalı və yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Məhkəmə ilk növbədə cavabdehin mübahisələndirdiyi məsələyə - iddiaçının 25 il sığorta stajının mövcud olmaması ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab edir. Belə ki, cavabdeh qeyd edilən dəlilini onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.1992-ci ildən 01.10.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı əsasında təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün deyildir. "xxxx" ASC 15.03.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı halda iddiaçının həmin ASC-nin 24.09.2001-ci il tarixli əmrinə əsasən 2 nömrəli Bakı Elektrik Tikinti Təmir Sahəsinin ləğv edilməsi ilə əlaqədar işdən azad edilməsi şübhə yaradan haldır. Cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə iddiaçının əmək fəaliyyəti ilə bağlı məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 02.04.2021-ci il tarixli 05-05- 499 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı "xxxx" ASC-də əmək fəaliyyəti və ona aid əmək kitabçasının surətindəki 08.07.1978-ci il tarixli işlə bağlı qeydlərə dair bildirilir ki, «Азелектросетьстрой» (“Azelektrikşəbəkətikinti") Трести (İdarəsi) «Азглавенерго» (“Azərbaşenerji”)-nin müstəqil fəaliyyət göstərən təsərrüfat hesablı İdarəsi olmuş, əmrlər və digər sənədlər həmin idarədə saxlanmışdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 sentyabr tarixli 423 nömrəli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" ASC-yə çevrilmiş, tərkibindəki bir çox müəssisələr özəlləşdirilmə və digər məqsədlər üçün Əmlak Məsələləri Dövlət Komitəsinin və müvafiq icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilmişdir. "xxxx" ASC-nin tərkibində qalmış müəssisələr isə "xxxx" ASC tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətlər olaraq (hüquqi şəxs statusunda) təsis edilmiş və fəaliyyətlərini davam etdirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyinə verilmiş "xxxx" Tresti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, hal-hazırda fəaliyyətini davam etdirir (ünvanı: AZ 1102, ünvan 3ətikinti" ASC-nin təsisçisi, hüquqi varisi və səhmlərinin sahibi deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin 26.02.2021-ci il tarixli, 4/424 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 05.03.2021-ci il tarixli, **********427300 nömrəli məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyəti barədə məlumatlarda aşağıdakılar göstərilmişdir: -Qurumun adı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti; -Qeydiyyata alındığı tarixi: 15.03.2002-ci il; -Dövlət qeydiyyat № (VÖEN **********); -Təşkilati-hüquqi forması: Açıq Səhmdar Cəmiyyəti; -Maliyyə ili: 1 yanvar - 31 dekabr; -Hüquqi ünvanı: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, X7, 17 -Qanuni təmsilçi: X4. “Azərelektrikşəbəkətikinti" Açıq Səhmdar Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 01.04.2021-ci il tarixli, 35 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən də "xxxx" trestinin Elektrik Quraşdırma İdarəsində 07.08.1978-ci il tarixdən 01.09.1999-cu il tarixinədək 3-cü dər. sürücü vəzifəsində; “Azərelektrikşəbəkətikinti" trestinin 38 saylı. 13.03.1989-cu il tarixli əmri ilə Elektrik Quraşdırma İdarəsinin adı dəyişilərək 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi adlandırılmışdır. 02.09.1999-cu il tarixdən 01.10.2001-ci il tarixinədək 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsində sürücü (4-cü dər.) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 30.04.2001-ci il tarixli 243 saylı Sərəncamına 1 saylı əlavəyə uyğun olaraq "xxxx" trestinin bazasında “Azərelektrikşəbəkətikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" ASC-nin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi ləğv edilmişdir. Ləğv edilmiş 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsinin və 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsinin bütün sənədləri yerli arxiv idarələrinə təhvil verilmişdir. Sorğunuzda göstərilən müvafiq sənədləri almaq üçün yerli arxiv idarələrinə müraciət etməyiniz tövsiyə olunur. Bundan sonra məhkəmə təkrar sorğu ilə "xxxx" ASC-yə müraciət edərək "xxxx" ASC-yə işə qəbul və işdən çıxma əmrlərinin təsdiq olunmuş surətlərinin əldə edilməsi zərurəti ilə əlaqədar 1 №li Bakı Elektrik Tikinti Təmir Sahəsinin və 2 №li Bakı Elektrik Tikinti Təmir Sahəsinin arxiv sənədlərinin hansı yerli arxiv idarələrinə təhvil verilməsi barədə məlumatın məhkəməyə bildirilməsi xahiş olunmuşdur. “Azərelektrikşəbəkətikinti" Açıq Səhmdar Cəmiyyətinin 11.06.2021-ci il tarixli, 67 nömrəli təkrar sorğuya cavab məktubunda bildirilmişdir ki, "xxxx" trestinin 12.10.1999-cu il tarixli 36 saylı əmrinə əsasən Bakı 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi ləğv edilmişdir. X1 vəfat etmişdir. "xxxx" ASC-nin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi ləğv edilmişdir. Ləğv edilmiş 1 saylı Elektrik Tikinti Təmir Sahəsinin və 2 saylı Elektrik Tikinti Təmir Sahəsinin idarə olunması Ləğvetmə komissiyası tərəfindən həyata keçirilmişdir və saxlanılmalı olan sənədləri barədə bizdə başqa məlumat yoxdur. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı 07.08.1978-ci il tarixdən "xxxx" trestinin Elektrik Quraşdırma İdarəsində (sonradan 1 № li Bakı Elektrik likinti Təmir Sahəsi adlandırılmış) 3-cü dər. sürücü vəzifəsinə qəbul edilmiş, 01.09.1999cu il tarixində işdən azad olunmuşdur. Daha sonra iddiaçı 02.09.1999-cu il tarixdən həmin trestin 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsində 4-cü dər. sürücü vəzifəsinə təyin olunmuş və 01.10.2001-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən dövr əmək fəaliyyəti üzrə məlumatlar əmək kitabçasında qeyd edilmiş, həmin qeydlər müvafiq olaraq işləmiş olduğu "xxxx" trestinin 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi və 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsinin möhürləri ilə bilavasitə təsdiqlənmişdir. Qeyd edilməlidir ki, adları çəkilən 1 № li Bakı Elektrik tikinti Təmir Sahəsi və 2 № li Bakı Elektrik Tikinti Təmir sahələri "xxxx" ASCnin deyil, "xxxx" trestinin tərkib hissələri olmuşdur. "xxxx" trestinin bazasında isə sonradan 30.04.2001-ci il tarixdə "xxxx" ASC yaradılmışdır. Bu mənada "xxxx" ASC-nin 2001-ci ildən əvvəl eyni adlı trest şəklində mövcud olması qanunidir və bu fakt həmin trestin idarələrinin rəhbərləri tərəfindən əmək kitabçasına daxil edilmiş və üzərində "xxxx" trestinin 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi və "xxxx" trestinin 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsinin adlarının həkk olunduğu möhürlərlə təsdiq edilmiş qeydlərin əsaslılığı və mötəbərliyini təsdiq edir. Məhkəmə yuxarıda qeyd olunan sorğuya cavab məktublarına əsaslanaraq bu qənaətə gəlir ki, 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsinin ləğv edilməsi ilə bağlı Ləğvetmə komissiyası yaradıldığından ləğvetmə prosesinin təşkili, eləcə də "xxxx" trestinin bazasında “Azərelektrikşəbəkətikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılması ilə əlaqədar təhvil-təslim işlərinin aparılması ilə bağlı proseslərin ləngiməsinin nəticəsidir ki, iddiaçının işdən çıxma barədə əmri "xxxx" ASC-nin 24.09.2001-ci il tarixli 20 saylı əmrinə əsasən 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi ləğv edildikdən 1 həftə sonra, yəni 01.10.2001-ci il tarixdə əmrləşdirilmiş və bu barədə əmək kitabçasında müvafiq qeydlər edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının 07.08.1978-ci il tarixdən 01.09.1999-cu il tarixinədək və 02.09.1999-cu il tarixdən 01.10.2001-ci il tarixinədək "xxxx" trestinin 1 № li Bakı Elektrik Tikinti Təmir Sahəsi və 2 № li Bakı Elektrik Tikinti Təmir Sahəsində işləməsi barədə əmək kitabçasında qeydlər daxil edilmiş, bu qeydləri şübhə altına alan əsaslı dəlillər iş üzrə müəyyən olunmamış və ən əsası "xxxx" ASC hüquqi xələfi (varisi) olduğu “Azərelektrikşəbəkətikinti" trestində İddiaçı işləməsi faktını təsdiq edir, bu halda iddiaçının qeyd edilən dövrlər üzrə iş illəri onun pensiya təyini üçün sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 01.07.1999-cu il tarixdən qüvvədə olduğu halda iddiaçının əmək kitabçasının qeydində 01.09.1999-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinə əsasən işdən azad edilməsinin göstərilməsinin həmin qeydin mötəbərliyinə şübhə edilməsinə əsas verməsi ilə bağlı cavabdehin dəlilini formal mülahizə kimi qiymətləndirir. Belə ki, Əmək Məcəlləsi qüvvəyə mindiyi vaxtdan təxminən 2 ay sonra yeni qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinə istinad edilməsi halı işəgötürənin nöqsanı kimi qəbul edilə bilsə də lakin işçinin həqiqətən həmin tarixdə işdən azad olunması faktını təkzib edəcək sübuti əhəmiyyətə malik dəlil hesab oluna bilməz. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının müvafiq əmək fəaliyyəti barədə qeydlər istər onun əmək kitabçası ilə, istərsə də müəssisənin hüquqi varisi hesab olunan “Azərelektrikşəbəkətikinti" Açıq Səhmdar Cəmiyyətinin həmin müəssisə və iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatları ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, iddiaçının 07.05.1974-14.05.1976-cı il hərbi xidmət dövrü; 25.01.1974- 22.04.1974; 24.06.1976-07.08.1978; 07.08.1978-01.09.1999; 02.09.1999-01.10.2001-ci il tarixlərdə əmək fəaliyyəti dövrü nəzərə alındıqda iddiaçının 27 il 06 ay 17 gün iş stajı topladığı müəyyən olunur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 64 il 06 aydan, yəni 21.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 64 il 06 aydan, yəni 21.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4282/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4282/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver