Məhkəmə qərarları › İş №2-1(112)-4282/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4282/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4282/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, iddiaçı xx.xx.1982-ci ildə “Azselstroy-5” tresti, 54 saylı X1 0 Mənzil İstismar Kontoruna mühasib, xx.xx.1985-ci il tarixdən həmin müəssisədə materiallar üzrə mühasib işləmiş, xx.xx.2000-ci il tarixdə “Rahim” kiçik müəssisəsinə işə girməsi ilə əlaqədar həmin müəssədən işdən azad edilmiş, xx.xx.2000-ci ildən, xx.xx.2003-cü ilə qədər “Rahim” kiçik müəssisəsində mühasib, xx.xx.2003-cü ildən, xx.xx.2007-ci ilə qədər isə, "xxxx" MMC-də fəhlə, mühasib işləmişdir. İddiaçıya 5.09.2024-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövr sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Rahim” KM-də mühasib və xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" MMC-də fəhlə və mühasib vəzifələrində işlədiyini qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının fərdi hesabın sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Buna görə də, xx.xx.2000-xx.xx.2003, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində də işləməyinizə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrləri sizin iş stajınıza daxi etmək mümkün deyil. Həmçinin sözügedən əmək kitabçanızın doldurulma tarixi 2 avqust 1983-cü il göstərildiyi halda, həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid möhürlə təsdiqlənmişdr. Bu səbəbdən də, xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə də əsaslı şübhələr yaranıb. Göstərilən səbəblərdən də sizin xx.xx.2006-cı il tarixinə qədər ümumi iş stajınız yoxdur”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixinə qədər işlədiyi dövrləri nəzərə alaraq pensiyanın yenidən hesablanması və yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi tikinti idarəsində mühasib vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə “Rahim” kiçik müəssisəsinə işə girməyi ilə əlaqədar köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildən “Lider-A" MMC-yə işə girməyi ilə əlaqədar köçürmə yolu ilə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-dən işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə, xx.xx.2016-cı il tarixə kimi “Azneft” İB-nin Əmirov adına Neft və qazçıxarma idarəsində işləmişdir. Hazırda pensiya yaşının çatması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun əvvəlki illərdə işlədiyi əmək kitabçasında rəsmi olaraq qeydiyyat aparılsa da, həmin müddət iş stajına daxil edilmir. Belə ki, əmək kitabçasında xx.xx.2000-xx-xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Rahim” KM-də mühasib və xx.xx.2003-cü -xx.xx.2007-ci il tarixləri arasında dövr ərzində isə “Lider-A" MMC-də fəhlə və mühasib vəzifələrində işlədiyi qeyd edilsə də, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasında məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının fərdi hesabının sığorta hissəsində qeydə alınma müəyyən edilməmişdir. Həmin dövrdə onun əmək haqqından pensiya fondunun tutulması onun təqsiri deyildir. Həmçinin əmək kitabçası 02 avqust 1983-cü ildə açılsa da işdən azad edilən zaman möhür yeni əlifba ilə olan möhürlə təsdiq edilmişdir. Belə ki o, işdən azad ediləndə əmək kitabçasında qeydiyyat aparılmış və həmin vaxt yeni əlifba ilə möhür vurulmuşdur. Hazırda işlədiyi idarənin arxiv sənədlərini tapa bilmir. Göründüyü kimi onun təqsiri səbəbindən deyil, işlədiyi təşkilatın arxiv sənədləri saxlanılmadığından onun stajı hesablanmır. Qeyd edilən təşkilatın təqsiri səbəbindən hazırda ona əmək pensiyası təmin edilmir və qanunvericilikdə tələb olunan müddəti müəyyən edilmir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixdən sonra 16 il 2 ay, güzəştli iş stajı isə 11 il təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı xx.xx.1983-cü il tarixli ИТ-İ ******* nömrəli kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən əmək fəaliyyəti ilə məşğuldur. İddiaçıya xx.xx.2024-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövr sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdeh iddiaçının xx.xx.1982-xx.xx.2006-cı il tarixlərdə işlədiyi dövrü sosial sığorta stajına daxil etməmiş, daxil etməməsinə əsas olaraq işlədiyi idarənin arxiv sənədləri sənədlərinin saxlanılmadığını, eyni zamanda əmək kitabçasının doldurulma tarixi 2 avqust 1983-cü il göstərildiyi halda, həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid möhürlə təsdiqləndiyini bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan bəzi dövrlər üzrə arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisədə işləməsi barədə əmək kitabçasında qeydlər aparılmış, həmin qeydlər təsdiqlənmişdir. Əmək kitabçasında həmin qeydlərin olmaması, natamam olması, yaxud iş dövrü barədə qeydlərin düzgün və dəqiq olmaması ilə bağlı hallar müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar həm onun əmək kitabçasında, həm də güzəştli stajla bağlı verilmiş arayışda təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir. Digər tərəfdən, iddiaçının xx.xx.1982-ci ildən işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyiasının 2-1(102)- 2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə, 2-1(102)-473/2023 nömrəli iş üzrə, 2- 1(102)-1728/2022 nömrəli iş üzrə, 2-1(102)-1476/2022 nömrəli iş üzrə, 2-1(102)- 1180/2022 nömrəli iş üzrə, 2-1(102)-1431/2020 nömrəli iş üzrə) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır”. Beləliklə, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixinə qədər işlədiyi dövrlərin nəzərə alınaraq pensiyasının yenidən hesablanması və yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ona ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixinə qədər işlədiyi dövrlər nəzərə alınaraq pensiyanın yenidən hesablanması və yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar