Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4283/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “ünvan 1 ünvanında yerləşən 387,3 kv.m torpaq sahəsi üzərində hüquqların mərhum X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərindəki hüquqlar xx.xx.1993-cü il tarixdə vəfat etmiş nənəsi X4 məxsus olmuşdur. Həmin yaşayış evi və torpaq sahəsi üzərində hüquqların mərhum X5 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, 1963-cü il tarixli fərdi yaşayış evi sökülüb və həmin ərazidə 1991-ci il tarixli texniki pasportdakı fərdi yaşayış evi tikilib. Göstərilən torpaq sahəsi qonşu özəl sahə ilə ümumi hasar daxilində yerləşir və həmin sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əlavə olaraq torpaq sahəsinin texniki pasport üzrə ölçüsü 913 kv.m, faktiki isə 387 kv.m təşkil edir.
4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, “idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman tərəfinizdən təqdim edilmiş Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda göstərilən fərdi yaşayış evinin söküldüyü və həmin ərazidə idarənin arxivində mövcud olan 1991-ci il tarixli texniki pasportdakı yaşayış evinin yerləşdiyi məlum olmuşdur. Həmin texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir (qeydiyyat üçün əsas hesab olunmur). Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman göstərilən torpaq sahəsinin qonşu özəl sahə ilə ümumi hasar daxilində yerləşdiyi və həmin sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Əlavə olaraq, torpaq sahəsinin texniki pasport üzrə ölçüsü 913,0 kv.m., faktiki isə 387,3 kv.m. təşkil edir.”
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman tərəfinizdən təqdim edilmiş Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda göstərilən fərdi yaşayış evinin söküldüyü və həmin ərazidə idarənin arxivində mövcud olan 1991-ci il tarixli texniki pasportdakı yaşayış evinin yerləşdiyi məlum olmuşdur. Həmin texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir (qeydiyyat üçün əsas hesab olunmur). Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman göstərilən torpaq sahəsinin qonşu özəl sahə ilə ümumi hasar daxilində yerləşdiyi və həmin sahənin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Əlavə olaraq, torpaq sahəsinin texniki pasport üzrə ölçüsü 913,0 kv.m., faktiki isə 387,3 kv.m. təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı 726542 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri keçmiş Əzizbəyov rayonu VVAQŞ-si tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X7 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.
8. Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir, mərhum X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi – İddiaçı tərəfindən Bakı şəhəri 25 saylı Notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.1993-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. ünvan 3 ünvanında yerləşən əmlaka dair arayışın verilməsi xahiş olunur.
9. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixdə tərtib edilmiş pasporta əsasən, Buzovna qəsəbəsi, Axundov 99 ünvanda yerləşən evin torpaq sahəsinin 919,7 kv.m-nin sahibi kimi X7 qeyd edilmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdirş aşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 1991-ci il texniki pasporta əsasən hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 85.7 kv.m otaq sayı iki, ərazinin ümumi torpaq sahəsinin isə 387,3 kv.metr. Əraziyə əlavə olunmuş 1963-cü ilə aid texniki pasportdakı “A” yaşayış evi sökülmüşdür. Ərazi qonşu özəl sahə ilə bir hasar daxilindədir. Həmin sahə qonşunun adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid 387,30 kv.m torpaq sahəsinə dair keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına Texniki Pasport tərtib edilmişdir, həmin şəxs xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
20. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq X3 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən həyətin ümumi sahəsi 919,7 kv.m olaraq göstərilmişdir, faktiki sahəsi isə 387,30 kv.m təşkil edir.
28. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan – Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.
29. Cavabdehin dəlili ondan ibarətdir ki, Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda göstərilən fərdi yaşayış evinin söküldüyü və həmin ərazidə idarənin arxivində mövcud olan 1991-ci il tarixli texniki pasportdakı yaşayış evinin yerləşdiyi məlum olmuşdur. Həmin texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir (qeydiyyat üçün əsas hesab olunmur). Torpaq sahəsinin texniki pasport üzrə ölçüsü 913,0 kv.m., faktiki isə 387,3 kv.m. təşkil edir.
30. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, sözügedən ünvanda yerləşən yalnız 387,3 kv.m torpaq sahəsi üzərində hüquqların X4 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.
31. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid 387,30 kv.m torpaq sahəsinə dair X3 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport mövcuddur. Texniki pasporta əsasən torpaq sahəsinin cəmi ölçüsü 387,30 kv.m olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.
32. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə iddiaçının mərhum nənəsinin hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.
33. Odur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1-da yerləşən sahəsi 387,3 kv.m olan torpaq sahəsinin mərhum X4 mülkiyyət hüququ əsasında məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva