Məhkəmə qərarları › İş №2-1(112)-4284/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4284/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4284/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) bir neçə şəxslə birlikdə 14.01.2021-ci il tarixdə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, heyvan hüquqlarının müdafiəsinə, onlara qarşı baş verən zorakılıqlara diqqət çəkmək üçün 31 yanvar 2021-ci il tarixdə saat 13:00-dan 15:00-dək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında toplantı keçiriləcəyi barədə məlumat vermişdir. Bakı şəhər İcra Hakimiyyəti 25 yanvar 2021-ci il tarixli cavab məktubunda mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edərək təklif edilən yerdə planlaşdırılan toplantının keçirilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçı 06 fevral 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən edilən zənglə xəbərdarlığın sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda toplantının qadağan olunması ilə bağlı heç bir məlumatın olmamasına baxmayaraq, yanvar ayının 29-da, dinc toplantıya 3 gün qalmış Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin polis sahə inspektoru X2 iddiaçıya zəng edərək Bakı Şəhər İcra Hakimiyyətinin toplantını qadağan etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçı tələbində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. Belə ki, işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin iddiaçı iddia verilərkən pozuntunun mövcudluğuna işarə edən ilkin zəruri sübutları təqdim edə bilməmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia qaldırmış, bu zaman İdarənin 8-ci polis bölməsinin polis sahə inspektoru Zaur Məmmədov tərəfindən onunla mobil telefon vasitəsilə əlaqə saxlanılmaqla 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında toplantı keçirilməsinin qadağan olunması barədə məlumat verildiyini bildirmiş, lakin bu faktı təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı tələbini əsaslandırdığı halın sübut edilməsi məqsədilə ona edilmiş zənglərlə bağlı müvafiq qurumdan çıxarışın alınması barədə vəsatətlə çıxış etmiş, lakin vəsatətin təmin edilməsi halında iddiaçıya mobil telefon vasitəsilə zəng edilməsinin müəyyənləşdirilməsi işin həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi baxımından zəruri olmadığından təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, X1 iddiaçıya zəng etməsi müəyyən olunsa belə, bunun cavabdeh orqanın hərəkəti kimi qəbul edilməsi ilə bağlı işdə heç bir sübut yoxdur. Bundan başqa, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının barəsində iddia qaldırdığı tələblə bağlı hüquqi marağı müəyyən olunmur. Belə ki, İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. «İnzibati icraat haqqında» Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərinə görə inzibati akt: - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hərəkət inzibati akt deyil, faktiki xarakterli hərəkət kimi qiymətləndirilsə belə, «İnzibati icraat haqqında» Qanunun 1.2-ci maddəsinin tələbinə əsasən həmin hərəkətlərin də yuxarıda sadalanan tələblərə cavab verməsi tələb olunur. Lakin iddiaçının mübahisələndirdiyi bu hərəkət yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Belə ki, cavabdehin nümayəndəsinin iddiaçıya mobil telefon vasitəsilə toplantının qadağan olunması barədə məlumat verməsi güman olunsa belə, bu, iddiaçı üçün özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını (rayon və şəhər icra hakimiyyəti orqanları) qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Həmin Qanunun 7-ci maddəsi sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətləri, 8-ci maddəsi toplantının qadağan edilməsi və ya dayandırılması üçün əsasları, 9-cu maddəsi isə dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi qaydalarını tənzimləyir. Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 1998-ci il tarixli 14 nömrəli Fərmanına əsasən həmin maddələrdə göstərilən məsələlərlə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti müvafiq rayon və şəhər icra hakimiyyəti orqanlarına verilmişdir. Yuxarıda artıq göstərildiyi kimi, iddiaçı 31 yanvar 2021-ci il tarixdə toplantı keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, müraciətə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 25.01.2021-ci il tarixli məktubla planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı toplantının məhdudlaşdırılmaması ilə bağlı olmuş, o isə polis orqanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar