Məhkəmə qərarları › İş №2-1(112)-4285/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4285/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4285/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi X1rşı «diplom üzrə ixtisasın tanınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, o, 2014 – 2018-ci illərdə Türkiyə Respublikası Kocaeli X3 Ali Məktəbində “mamalıq” ixtisası üzrə təhsil almışdır. O, həmin təhsil müəssisəsini bitirməsi barədə diplomu üzrə ixtisasının tanınması ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdlır ki, “mamalıq” ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2009-cu il tarixli 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) təsnifatı”nda mövcud deyil. Göstərilənlərdən başqa, imtinada cavabdeh tərəfindən iddiaçının diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını qeyri-mümkün edən başqa bir səbəb göstərilməmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bununla da, onun hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. O, Azərbaycan Respublikası mamaginekologiya institutu üçün zəruri olan bütün dərslikləri (fənləri) Kocaeli Universitetində mənimsəmişdir və bununla bağlı müvafiq sertifikatı da var. Orada ginekoloji xəstəliklərin müalicəsi ilə yanaşı, hamiləlik önü və hamiləlik vaxtı müayinə və müşahidələr, doğuşun həyata keçirilməsi və doğuş sonrası və s. prosedurlar ilə bağlı zəruri olan bütün biliklərə ziyələnmişdir. Bütün klinikalarda mamalıq və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bununla da görünür ki, onun aldığı təhsil “mamalıq”, respublikadakı Mamalıq və Ginekologiya İnstitutunun özüdür. Hazırda bu ixtisas üzrə 5 illik rezidentura təhsili tələb olunur. Lakin o, qanunvericiliyə əsasən Türliyə Respublikasında müvafiq təhsil almışdır. Bunun nəticəsi olaraq ona orada tanınan ali təhsil diplomu verilmişdir. Təhsil Nazirliyi onun aldığı 4 illik təhsil diplomunu tanımamaqla hüququnu pozur. Göstərilənlərə və AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara, Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş»in 8, 12-ci maddələrinə, İPM-in müddəalarına əsaslanaraq, onun (iddiaçının) Türkiyə Respublikasının Kocaeli X4 Ali Məktəbi tərəfindən verilmiş x xxxx 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunmaası haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan X5 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “X5 Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə X5 Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-ci maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi həmin Nazirliyin X5 Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin x xxxxxxxx 2020-ci il tarixli sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi cavabdejə təqdim olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında» Sazişdə göstərilmişdir ki, bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti, təhsil sahəsində əməkdaşlığın hər iki Tərəfə verəcəyi faydaya inanaraq, təhsil üzrə məsul qurumları arasındakı əlaqələri daha da möhkəmləndirmək niyyətində olduqlarını ifadə edərək, təhsil sahəsində hər iki ölkənin qüvvədə olan milli qanunvericiliklərini nəzərə alaraq, 1994-cü il 9 fevral tarixində Ankarada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında elmi, texniki, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında Saziş”in 1-ci maddəsində qeyd edilən təhsil sahəsindəki əməkdaşlığın təşviq etdirilməsi məqsədi ilə və həmin Sazişin 9-cu maddəsinə uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 2) Tərəflər aşağıdakı sahələrdə mövcud əməkdaşlığı təşviq edir və gücləndirirlər: . . . 2. pedaqoqların, mütəxəssislərin, ümumtəhsil müəssisələrinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələrinin mübadiləsi; 3. ali, orta, xüsusi, ilk peşə-ixtisas təhsili və müəllimlərin təlimi sahəsində təcrübə mübadiləsi, təlimlərin təşkili, birgə layihələrin həyata keçirilməsi; 4. təhsil proqramlarının hazırlanması sahəsində təcrübə mübadiləsi; 5. təhsildə tətbiq edilən yeni texnologiyalara dair təcrübə mübadiləsi; 7. təhsil müəssisələri arasında birgə proqramlar və tələbə fəaliyyətləri üçün əməkdaşlığın inkişafı; 8. Tərəflərin aidiyyəti təhsil qurumları tərəfindən verilən adların və diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsinin hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, bununla bağlı müvafiq məlumat və sənədlərin qarşılıqlı mübadiləsi; - (maddə 12) Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.53-cü maddəsinə görə universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən)rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya verilmiş x xxxx 2018-ci il tarixli 190627 nömrəli diploma (təhsil sənədinə) Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən “apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında» Saziş təsdiq edildiyindən, həmin Sazişin şərtlərini inzibati orqan iddiaçının diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı icraatda nəzərə almalı idi. İnzibati orqanın imtinasını əsaslandırdığı dəlillə bağlı məhkəmə onu da qeyd edir ki, imtinada gətirilən həmin əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş meyarlarla tam uzlaşmır. İnzibati orqanın imtina ilə bağlı hərəkətləri «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17, 19, 24-cü maddələrinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ona Türkiyə Respublikasının Kocaeli X4 Ali Məktəbi tərəfindən verilmiş x xxxx 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Türkiyə Respublikasının Kocaeli X4 Ali Məktəbi tərəfindən verilmiş x xxxx 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Türkiyə Respublikasının Kocaeli X4 Ali Məktəbi tərəfindən verilmiş x xxxx 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar