Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4286/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 30.06.1984-cü ildən 16.05.1994-cü ilə qədər “XXİİ qurultay adına” Bakı X8 1 saylı texnoloji sexində texnoloji qurğu operatoru peşəsində və 16.05.1994-cü ildən 12.09.1997-ci ilədək “Azərneftyağ” İstehsalat Birliyinin 1 saylı Yağ istehsalında texnoloji qurğu əməliyyatçısı peşəsində işləməyinin tanınması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Lerik rayonunun Gödərə kəndində anadan olmuşdur. 1981-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 30.06.1984-cü ildən 16.05.1994-cü ilə qədər “XXİİ qurultay adına” Bakı X8 1 saylı texnoloji sexində texnoloji qurğu operatoru peşəsində, 16.05.1994-cü ildən 12.09.1997-ci ilədək “Azərneftyağ” İstehsalat Birliyinin 1 saylı Yağ istehsalında texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 35-ci maddəsində “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş Bakı X8 1 saylı texnoloji sexində texnoloji qurğu operatoru və texnoloji qurğu əməliyyatçısı peşəsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazandığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməklə əmək kitabçasını və yuxarıda qeyd etməklə işlədiyi Təşkilatdan arayışı təqdim edib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.11.2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 9 il 10 ay 16 gün təşkil edir. Halbuki, onun güzəştli şərtlərlə iş stajı 13 il 6 ay təşkil edir. Yuxarıda qeyd etdiyi kimi güzəştli şərtlərlə iş stajı ilə əlaqədar təqdim etdiyi sənədlərə baxmayaraq iş stajı düzgün hesablanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 30.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 03.06.2017-ci ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının 27.10.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********9 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi İddiaçı ümumi iş stajı 25 ildən (17 il 0 ay 12 gün), güzəştli stajı isə 12 il 6 aydan az (9 il 10 ay 16 gün) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13049,93 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Sözügedən məsələ ilə əlaqədar məhkəmə təcrübəsində X4 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112)-5359/2020 nömrəli məhkəmə qərarında göstərilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxanda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı mövcud olmalıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 28.11.1978-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 10.12.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AT-İİ ******* nömrəli əmək kitabçasının tərcümə olunmuş notarius təsdiqli surətinə əsasən İddiaçı 18.05.1981-ci ildə 3-cü dərəcəli avtoçilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1982-ci ildə işdən azad edilmişdir. 17.02.1983-cü ildə Distansiya ştatına kuvozlu maşın sürücüsü qəbul edilmiş, 01.07.1983-cü ildə azad edilmişdir. 07.02.1984-cü ildə Azərbaycan SSR montaj və inşaat işləri üzrə Bakı avtonəqliyyat kontoru № 1-də 2 № a/p 3-cü sinif sürücü götürülmüş, 25.04.1984-cü ildə işdən azad edilmişdir. 30.06.1984-cü ildə 1 № Texniki sexə 3 dərəcəli texnoloji qurğu operatoru qəbul edilmiş, 01.04.1988-ci ildə 5 dərəcəli texnoloji qurğu əməliyyatçısı keçirilmiş, 16.05.1994-cü ildən 1 nömrəli yağ istehsalı 5-ci dərəcə texnoloji qurğu əməliyyatçısı vəzifəsinə keçirilmiş, 12.09.1997-ci ildən işdən azad edilmişdir. 01.11.2000-ci ildən “Xəzər-İ” firmasında İ texnoloji xətdə təmirçi çilingər vəzifəsinə qəbul edilmiş, 01.07.2001-ci ildən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.1960-cı il təvəllüdlü İddiaçı iş stajının təsdiq olunması üçün verilmiş SOCAR**********80020123X00118 nömrəli, 30.09.2020-ci il tarixli arxiv arayışına əsasən İddiaçı: 1) 30.06.1984-cü ildən (işə qəbul əmri 138/şh. 30.06.1984-cü il) 16.05.1994-cü ilə qədər “XXİİ qurultay" adına Bakı X8 1 saylı texnoloji sexində texnoloji qurğu operatoru peşəsində işləmişdir. 2) 16.05.1994-cü ildən (işə qəbul əmri 295. 16.05.1994-cü il) 12.09.1997-ci ilədək “Azərneftyağ” İstehsalat Birliyinin 1 saylı Yağ istehsalında texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. 3) 12.09.1997-ci ildə (işdən çıxma əmri 192/şh. 15.09.1997-ci il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən başqa şəhərə köçməsi ilə əlaqədar olaraq işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X7 tərəfindən verilmiş 64 nömrəli, 04.05.2021-ci il tarixli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 01 sentyabr 1975-ci il (Əmr N:384) tarixində Lənkəran 113N-li X10 Peşə Məktəbinə təhsil müddəti 3-illik olan “Traktorçu-maşınçı” ixtisası üzrə qrupa qəbul edilmiş, 24 iyul 1978-ci il (ƏMR N:40) tarixində məktəbi bitirmiş, bu barədə 790610 N-li diplomu almışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X8 SOCAR**********30560046X00045 nömrəli, 21.05.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Heydər Əliyev adına X11 tərəfindən İddiaçı verilmiş 17 mart 2021-ci il tarixli SOCAR **********80020123X00036 №-li arayışa əsasən bildirilir ki, işçinin texnoloji qurğudakı peşəsi (Əmək kitabçasında qeyd olunan) “Texnoloji qurğu operatoru” peşəsi “Texnoloji qurğu əməliyyatçısı" peşəsi ilə eyni mahiyyətli və eyni funksiyanı daşıyan peşədir və o zaman iş yerlərində azərbaycan dilinə keçidlə əlaqədar olaraq rus dilindən azərbaycan dilinə tərcümə zamanı buraxılan texniki səhv kimi qəbul olunmuşdur. Sözügedən məktuba əlavə edilmiş SOCAR**********80020123X00096 nömrəli, 24.05.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, arayış verilir İddiaçı ona görə ki, o aşağıda göstərilən dövrlərdə, qeyd olunan peşələrdə çalışmışdır: 1) 30.06.1984-16.05.1994-cü illərdə (ƏMR 138/şh, 30.06.1984) 1 №li texnoloji sexdə texnoloji qurğuların operatoru işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərar, 2-ci siyahısı, bölmə Xİİ, 2130301a- 16081 kodla zərərli peşədə işləməsi müəyyən edilmişdir; 2) 16.05.1994-12.09.1997-ci illərdə (ƏMR 295, 16.05.1994) 1 №li Yağ istehsalatı sexində texnoloji qurğuların əməliyyatçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərar, 2-ci siyahısı, bölmə Xİİ, 2130301a- 16081 kodla zərərli peşədə işləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən başqa şəhərə köçməsi ilə əlaqədar olaraq işdən azad olunub. ƏMR 192/şh 15.09.1997-ci il. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış **********3 nömrəli, 17.11.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən (17 il 4 ay 9 gün), güzəştli stajınız isə 12 il 6 aydan az (9 il 10 ay 16 gün) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12954,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi iş stajı 17 il 4 ay 9 gün olmaqla qanunla tələb olunan 25 il ümumi iş stajından, güzəştli stajı isə 9 il 10 ay 16 gün olmaqla 12 il 6 aydan azdır. Bundan əlavə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını 03.06.2017-ci il tarixdə tamamlamışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İş üzrə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının zərərli iş hesab edildiyi texnoloji qurğu əməliyyatçısı (operatoru) vəzifəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 21303000 Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində 2130301a-16081 texnoloji qurğuların operatorları vəzifəsinə uyğun olmaqla, iddiaçı bu vəzifə üzrə tələb olunan 12 il 06 aydan çox, yəni 13 il 02 ay 15 gün güzəştli iş stajını toplamışdır. Lakin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajı mövcud olsa da tələb olunan 25 il ümumi iş stajı mövcud deyildir. Belə ki, texniki peşə təhsili müddəti (01.09.1975-24.07.1978), hərbi xidmət dövrü (28.11.1978 -10.12.1980), əmək fəaliyyəti (18.05.1981-01.04.1982; 17.02.1983- 01.07.1983; 07.02.1984-25.04.1984; 30.06.1984-16.05.1994; 16.05.1994-12.09.1997; 01.11.2000-01.07.2001) nəzərə alındıqda müəyəyn olunur ki, iddiaçı 01.01.2006-cı il tarixədək ümumilikdə 20 il 03 ay 09 gün ümumi iş stajı toplamışdır. Beləliklə, iddiaçının ümumi iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Bu halda cavabdehin pensiya təyinindən imtinası əsaslı olmuş, iddiaçının qanunla qorunan pensiya hüquqlarını pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni 03.06.2017-ci ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4286/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4286/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver