Məhkəmə qərarları › İş №2-1(112)-4287/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4287/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4287/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «şikayətin araşdırılıb nəticəsi üzrə qərar qəbul edilməklə cavablandırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «şikayətin araşdırılıb nəticəsi üzrə qərar qəbul edilməklə cavablandırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 ünvanında yerləşən evin 2/3 hissəsi iddiaçının övladı Nümayəndə, qalan 1/3 hissəsi isə X2 məxsusdur. İyun ayının 18-də saat 15 radələrində məhkəmə qaydasında ümumi paylı mülkiyyətin bölünməsi tələbi üzrə məhkəmə icraatında ekspertiza keçirilməsi ilə əlaqədar X3, əri X6, məhkəmənin hakimi, Məhkəmə ekspertizası mərkəzinin eksperti, iddiaçı və onun ailə üzvləri həmin ünvanda olmuşlar. Ekspertiizanın gedişi zamanı X3 ona, arvadına və hadisəni kənardan izləyən qonşulara qarşı nalayiq ifadələr işlətmiş, şəxsən onun şərəf və ləyaqətinə toxunan ifadələr ünvanlamışdır. Bundan başqa Svetlana Hüseynova ekspertiza başlayandan bir qədər sonra onlara səslərinin audio yazısının aparıldığını da demişdir. Halbuki, qanunla bu hal qadağandır. İddiaçı bütün bunların araşdırılması və hüquqi qiymət verilməsi ilə bağlı Svetlana Hüseynovadan xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubu iddiaçının ünvanına həmin ilin oktyabr ayında çatdırılmışdır. Həmin məktubda AR Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən Svetlana Hüseynovaya töhmət verildiyini bildirmişdir. Lakin məlum olmuşdur ki, həmin töhmət Svetlana Hüseynovaya başqa şikayətçinin müraciətinin nəticəsi üzrə, digər məsələlərlə əlaqədar verilmişdir. Belə çıxır ki, müvafiq ekspertiza keçirilməsi zamanı baş vermiş hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılmamış, barəsində şikayət verilən Svetlana Hüseynova dindirilməmiş, onun ilkin izahatı alınmamış, bununla da qanunvericiliklə məsul olduğu öhdəliklər yerinə yetirilməmişdir. Cavab məktubundan müəyyən etmək olmur ki, nəzərdə tutulan töhmət həmin şəxsə nə vaxt, hansı məsələ ilə bağlı verilmişdir. Göndərilmiş məktub yayındırıcı və formal xarakterlidir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin atdığı addım belə təsəüvvür yaradır ki, qurum həmin məsələni araşdırmaqda maraqlı deyil və belə araşdırmadan imtina edir. AR Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış Qaydaları”nın 3 və 4-cü bəndlərində qeyd olunur ki, müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət etməlidir. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalıdır. Bu işlə bağlı qarşı tərəfin əməlinə hüquqi qiymət verilməsi üçün həm də Bakı Şəhər Baş X5 və Təhqiqat İdarəsində araşdırma aparılır. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 73.2-ci maddəsinə, İPM-in 2.2.3, 35.1-ci maddələrinə əsaslanaraq, X1 hərəkətlərinə dair şikayətin tam, hərtərəfli və obyektiv araşdırılıb nəticəsi üzrə qərar qəbul edilməklə cavablandırılması öhdəliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddaçı tərəf məhkəməyə iddianın dəqiləşdirilməsi barədə əlavə ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, ikinci cavabdeh AR Təhsil Nazirliyinin üçüncü şəxs qismində işə cəlbinə etiraz edilmir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin məhkəməyə təqdim etdiyi F-256 nömrəli “İntizam tənbehi barədə” əmrdən məlum olur ki, barəsində şikayət edilən X2 xx xxx 2019-cu il tarixdə X7 və İddiaçı şikayəti əsasında AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Bu töhmət ona xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi “sübutların təmin edilməsi” barədə ərizəsinin 2-ci abzasının 2-ci cümləsində və 2-ci abzasının sonuncu cümləsində hazırkı iddiaçının ünvanına müvafiq ifadələr yazdığına görə verilmişdir. İddia ərizəsindən göründüyü kimi, hazırkı iddia tələbi başqa vaxt (xx xxxx 2019-cu il tarixdə müvafiq ünvanda keçirilən ekspertiza zamanı) baş vermiş hallarla əlaqəlidir. Lakin cavabdehin təqdim etdiyi əmr sözügedən hadisə ilə bağlı ola bilməz. Çünki, İdarənin hələ baş verməmiş hadisə ilə bağlı ona ünvanlanmamış şikayəti araşdırması və şikayətdəki şəxsə töhmət elan etməsi mümkünsüzdür. Yəni, AR Təhsil Nazirliyinə ünvanlanmış şikayət ərizəsi, tamam fərqli məmzunda, Svetlana Hüseynovanın başqa davranışı ilə bağlı olmuşdur. Beləliklə məlum olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin şikayətə dair ona (iddiaçıya) ünvanlandığı cavab məktubunda nəzərdə tutulan “töhmət” intizam tənbehi Svetlana Hüseynovaya iddiaçının şikayəti üzrə davranışlarından əvvəl verilmişdir. Bütün bu ziddiyyətli məqamlar Svetlana Hüseynova barəsində şikayətin hələ də araşdırılmadığını və Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəzifəli şəxslərinin müraciətlə bağlı düzgün olmayan və yayındırıcı formada məlumat verdiyini sübut edir. Bakı şəhəri üzrə Təhsil İdarəsi dövlət adından və onun səlahiyyətlərinə əsaslanaraq publik hüquq münasibətləri tənzimlədiyindən, iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2019-cu ilin sentyabr ayının 13-də imzalanan və oktyabr ayında ona çatdırılmış məktubda «İnzibati icraat haqında» AR Qanununun 73.2-ci maddəsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri göstərilmədiyindən, məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan müddət ötürülməmişdir. Qeyd olunanalara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında aşağıdakıları bildirmişdir: - İddiaçı iddia ərizəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən onun şikayətində göstərilənlərlə əlaqədar araşdırma aparılmadığını, barəsində şikayət verilmiş şəxsin dindirilmədiyini, onun izahatının alınmadığını və qanunvericiliklə məsul olduğu öhdəliklərin yerinə yetirilmədiyini bildirmiş və ərizəyə ətraflı cavab verilməsi öhdəliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayət ərizələri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişdir. Məsələ ilə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində Svetlana Hüseynovanın təhsil və əmək qanunvericiliyinin tələblərini pozduğunu ehtimal etməyə əsas verən sübutlar mövcud olduğuna görə barəsində intizam təhbehi tətbiq edilmiş və bu barədə ərizəçiyə məktubla rəsmi məlumat verilmişdir. İPM-in 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddia ərizəsi məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən irəli gələn mübahisələr üzrə tərəflərdən heç olmazsa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İPM-in 2.2-ci maddəsində isə, inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısı verilir. Həmin siyahıya əsasən də yuxarıda adı çəkilən iddianın inzibati iş olmadığı aşkar olunur. İddiaçının qeyd etdiyi məsələlərə aid faktlar sübuta yetirilmədiyindən, həmçinin işçi – işəgötürən arasında olan məsələyə aid olduğundan Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavab məktubu inzibati akt kimi qəbul olunmamalı, bu səbəbdən iddia ərizəsi əsassız hesab edilməli və cavab verməsi öhdəliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmamalıdır. Göstərilənləri nəzərə alaraq, İPM-in 47.2-ci maddəsinə və AR Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibıətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarına əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi, (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı digər şəxs X3 barəsində şikayətlə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, həmin İdarə də ona müvafiq məzmunda cavab məktubu ünlanmamışdır. İddiaçı adıçəkilən qurumun cavab məktubu ilə razılaşmır və onu mübahsələndirərək, şikayəti üzrə araşdırma aparılması və nəticəsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması tələbini irəli sürür. Qeyd olunmalıdır ki, iddiaçının qaldırdığı məsələ üzrə araşdırma aparılmaqla hər hansı qərarın qəbul olunması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq inzibati icraat üzrə müraciət əsasında inzibati aktın qəbulu ilə eyniləşdirilməməlidir. Nəzərə alınmalıdır ki, başqa şəxs barəsində onun əmək intizamının pozulması və digər qanuna zidd hərəkətləri ilə əlaqədar hər hansı araşdırma aparılması və nəticəsi üzrə qərarın, xüsusilə də “əlverişsiz” qərarın qəbulu inzibati icraat çərşivəsində mümkünsüzdür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində ikinci cavabdeh kimi Azərbaycan Respublikası Təhsil Nazirliyini də göstərmişdir. Halbuki, onun Təhsil Nazirliyinə həmi məsələ ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanala əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar