Məhkəmə qərarları › İş №2-1(112)-4288/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4288/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4288/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə əlavə tikilmiş tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə əlavə tikilmiş tikili üzərində onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 760-cı məhəllə, Ü.Bünyadzadə küçəsi, ev 19C ünvanında yerləşən, 26.4 kv.m. olan qeyri-yaşayış binası onun, İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2008 saylı, 17.01.2008-ci il tarixli qətnaməsi əsasında mülkiyyət hüququ tanınmışdır. Daha sonra həmin qeyri-yaşayış sahəsinə əlavə tikili olmuşdur. İddiaçı Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə əlavə tikilmiş tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, həmçinin "xxxx" ASC-nin xeyrinə yüklülük edildiyini əsas gətirərək müraciətdən imtina etmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" ASC qarşısında öhdəlik yerinə yetirilmiş və borc öhdəliyi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 26.4 kv.m olan qeyri-yaşayış binası “Mağaza” (yerləşdiyi 0.00298 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış binasına İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə əsaslı yenidənqurma və əlavə tikinti işləri aparılmışdır. Belə ki, binanın tikintialtı sahəsi 86.0 kv.m, ümumi sahəsi isə 78.3 kv.m artırılmışdır. Qeyri-yaşayış binasının əlavə sahələrlə birlikdə ümumi sahəsi faktiki olaraq 104.7 kv.m təşkil edir. Qeyri-yaşayış binasında aparılmış yenidənqurma işləri (rekonstruksiya), inşa edilmiş əlavə tikililər və əlavə tikililərin yerləşdiyi torpaq sahəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) İdarəyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 26.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası “Mağaza” üzərində xüsusi mülkiyyət hüququ, torpaq sahəsi 0.00298 ha, torpaq sahəsinin mülkiyyət növü - dövlət, torpaq sahəsi üzərində hüququn növü - istifadə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24.02.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********52 nömrəli, 11.03.2021-ci il tarixli məktubla Bakı şəhəri, Nərimanov rayonu, 760-cı məhəllə, Ü.Bünyadzadə küçəsi, ev 19C ünvanında yerləşən 26.4kv.m olan qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2008 saylı, 17.01.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 760 saylı məhəllədə yerləşən ümumi sahəsi 24 kv.m olan qeyriyaşayış sahəsi (köşk) üzərində İddiaçı mülkiyyət hüququ tanınmış, Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 760 saylı məhəllədə yerləşən ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsinə (köşkə) dair İddiaçı adına mülkiyyət hüququ haqqında şəhadətnamənin və texniki pasportun verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000795 qeydiyyat nömrəli, 14.03.2008-ci il tarixli şəhadətnamədən görünür ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən ünvan 4 ünvanında yerləşən Mağaza binası (ümumi sahəsi 26.4 kv.m) üzərində hüquqları əldə etmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş 000351 nömrəli, 28.02.2008ci il tarixli müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportundan müəyyən olunur ki, ünvan 4də yerləşən qeyri-yaşayış sahəsi -mağaza binasının obyektin ümumi sahəsi 26.4 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1/382 nömrəli, 08.05.2021-ci il tarixli məktubda İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşyış sahəsinə əlavə tikilmiş tikilinin dövlət qeydiyyatının aparılması və s. barədə iddia tələbi üzrə bildirilmişdir ki, ünvan 5 ünvanda Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə, istismara qəbul edilib-edilməməsi barədə hər hansı məlumat aşkarlanmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin XO-02-05-2021-01455 nömrəli, 25.05.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 760-cı məhəllə, Ü.Bünyadzadə küçəsi, ev 19C ünvanında yerləşən qeyri-yaşayış sahəsində sonradan aparılmış əsaslı yenidənqurma və əlavə tikinti işləri ilə bağlı sənədlərin (tikintiyə icazə, təsdiq olunmuş tikinti layihəsi, istismara qəbul) təsdiq olunmuş surətlərinin verilməsi barədə 22.04.2021-ci il tarixli, 2- 1(112)-4288/2021 nömrəli məktubunuza baxılmışdır. Bildirilir ki, müraciətdə qeyd olunan sənədlər arxivdə aşkar edilmədiyindən məsələnin müsbət həlli imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********97 nömrəli, 22.06.2021-ci il tarixli məktubda bildirilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki sahəsi 104.7 kv.m olan qeyri yaşayış sahəsinin 26.4 kv.m hissəsi qeydiyyatdan keçmişdir. Əlavə inşa olunmuş 78.3 kv.m sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Dövlət mülkiyyəti torpağında yerləşir. Qeyri-yaşayış sahəsi avto-təmir sexi, avto-yuyucu və mağaza istifadə olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********59 nömrəli, 09.02.2021-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası, əlavə tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 05.01.2021-ci il tarixli, ********** nömrəli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən qeyri-yaşayış binasında əlavə tikiliyə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin "xxxx" ASC-nin xeyrinə yüklülük edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********59 nömrəli, 02.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 760-cı məhəllə, Ü.Bünyadzadə küçəsi, ev 19C ünvanında yerləşən qeyri-yaşayış binasının əlavə tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsinə dair 19.02.2021-ci il tarixli, ********** nömrəli ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd edilən qeyri-yaşayış binası sənəd üzrə 26.4 kv.m, faktiki isə 104.7 kv.m təşkil edir. Əlavə inşa edilmiş 78.3 kv.m sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 760 saylı məhəllədə yerləşən 26.4 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı sonradan həmin qeyri-yaşayış sahəsinə əlavə tikililər tikmiş, hazırda qeyri-yaşayış sahəsinin ölçüsü əlavə tikililərlə birlikdə 104.7 kv.m təşkil edir. İddiaçı sonradan artırılmış qeyd edilən əlavə tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqların qeydiyyatını aparan cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh qeyri-yaşayış binasında əlavə tikiliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasını mübahisələndirərək qeyri-yaşayış sahəsinə əlavə tikilmiş tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsinin təmin edilməsi (bənd 2.0.1), eləcə də bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığının müəyyən edilməsi (bənd 3.0.4), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatların daxil edilməsi (bənd 3.0.5), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış verilməsi (Əsasnamə 3.0.11-ci bəndi) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassız iddiadır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin: -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. -75.11-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının dövlət mülkiyyətində yerləşən torpaq sahəsində inşa etdiyi 26.4 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olsa da sonradan həmin qeyriyaşayış sahəsinə əlavə tikililər tikmiş, lakin həmin əlavə tikililərin tikintisinə müvafiq icra hakimiyyəti orqanının icazəsi, əlavə tikilinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd, razılaşdırılmış tikinti layihəsi və istismara qəbul aktını təqdim etməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə əlavə tikilmiş tikili üzərində onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə əlavə tikilmiş tikili üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar