Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4288/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan torpağa və mövcud əmlaka dair dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin inzibati binası Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşir. Sözügedən əmlak əvvəllər dövlət müəssisəsi olmuş İddiaçı trestinin balansında olmuşdur. Daha sonra Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Belə ki, bu müəssisənin səhmləri özəlləşdirilmiş və nəticə etibarı ilə təşkilatihüquqi forması və mülkiyyətçisi dəyişmişdir. İddiaçı ASC-nin tərtib etdiyi özəlləşdirmə planı (emissiya prospekti) Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin əmlakın Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təqdim olunan texniki pasportu vardır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001-ci il tarixli sərəncamına 1 nömrəli əlavədən aydın görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən inzibati bina İddiaçı ASC-yə məxsusdur. Lakin göstərilən ünvanda yerləşən İddiaçı ASC-yə əmlaka dair dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alınmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı ASC-nin istifadəsində olan torpağa və mövcud tikililərə çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, 2 aydan artıq müddət keçməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh orqanın imtina məktubunu almadan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sahiblik və istifadəsində olan torpaq üzərində texniki pasportda əksini tapan tikililərə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi” kimi dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, məhkəmə tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sahiblik və istifadəsində olan torpaqda mövcud əmlaka baxış keçirilmişdir. Məhkəmə tərəfindən aparılmış yerində müayinə nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının göstəriyi sahədə texniki pasport və emissiya prospektində mövcud olan layihəyə uyğun tikili mövcuddur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan texniki pasportda öz əksini tapmış 84,9 kv.m daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC-nin İdarə heyətinin sədri B.A.Babayev oğlu Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 2098-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, texniki pasportda qeyd edilən tikililər sökülərək yerində texniki pasportda öz əksini tapmayan yeni tikililər inşa olunmuşdur. Odur ki, yeni inşa olunmuş tikililərə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş ərizə hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. Bundan əlavə, inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında və perimetrik ölçülərində uyğunsuzluq olduğu məlum olmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasına əsas hesab olunur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 18.3-cü bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilatihüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirimə prosesində bağlanan əqdlərin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən şəhadətnamələr əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X3 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli, 30 aprel 2001-ci il tarixli sərəncamından görünür ki, “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin həmin sərəncama 1 nömrəli əlavədə göstərilən müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin adi səhmlərinin sayı 86300 təşkil etmişdir. Həmin Sərəncama “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən müəssisələrin siyahısı”na dair 1 nömrəli əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən müəssisələrin siyahısına ünvan 2 ünvanında yerləşən İddiaçı Trestinin Aparatı, Bakı şəhəri Nərimanov rayonu X2 2098-ci məhəllə ünvanında yerləşən 2 saylı Elektrik tikinti-təmir sahəsi, Bərdə şəhərində yerləşən ünvan 5 ünvanında yerləşən İmişli Elektrik tikinti-təmir sahəsi daxil edilmişdir. Dövlət əmlakı nazirinin 06 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 003367 saylı xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş müəsissə və obyektin texniki pasportundan görünür ki, 1988-ci ildə tikilmiş Bakı şəhəri Nərimanov rayonu X2 2098-ci məhəllə ünvanında yerləşən, tikinti altı sahəsi 111,0 kv.metr, ümumi sahəsi 84,9 kv.metr, əsas sahəsi 30,0 kv.metr, köməkçi sahəsi 54,9 kv.metr olan 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin balans saxlayıcısı “İddiaçı Tresti olmuşdur. Obyektin texniki göstəricilərindən görünür ki, hündürlüyü 2,65 m, tikintialtı sahəsi 111,0 kv.m, həcmi 294,0 kub.m, tikildiyi il 1988-ci il, mərtəbəliliyi birmərtəbəlidir. Enerji müəssisələrinin faydalı sahəsi 84,9 kv.m, əsas sahəsi 30,0 kv.m, köməkçi sahəsi 51,9 kv.m-dir. Obyektin sahələr üzrə təsnifatından görünür ki, cəmi sahəsi 84,9 kv.m-dir. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş tikilinin planına əsasən hündürlüyü = 2,35 metr, H = 2,65 metr, St.a = 111,0 kv.m, V = 294 kub.m-dir. Tikilidə mövcud otaqların təyinatından görünür ki, dəhlizin köməkçi sahəsi 10,9 kv.m, h = 2,35 m, H = 2,55 m, iş otağının əsas sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m, anbarın köməkçi sahəsi 23,3 kv.m, h = 2,35 m, H = 2,55 m, digər anbarın köməkçi sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m və digər iş otağının əsas sahəsi 9,3 kv.m, h = 2,35 m, H = 2,55 m-dir. Cəmi sahəsi 84,9 kv.m-dir. Təsnifatına əsasən inzibati binanın əsas sahəsi 111,0 kv.m, H = 2,65 m, V = 294 kub.m, beton-daş hasarın digər sahəsi 36,8 kv.m, ümumi tikintialtı sahəsi 147,8 kv.m, açıq torpaq sahəsi 2432,2 kv.m, ərazinin ümumi sahəsi 2580,0 kv.m-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-8046/2023 **********6 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektinin və digər sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı şəhəri Nərimanov rayonu X2 ünvanında yerləşən 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin baş planından görünür ki, inzibati binanın tikintialtı sahəsi 108,2 kv.m, hündürlüyü 2,55 m, həcmi 276 kub.m-dir. Torpaq sahəsi 2249,4 kv.m, ümumi ərazi sahəsi 2357,6 kv.m-dir (Qeyd: Torpaq ayrılması barədə sənəd təqdim edilməmişdir). Bakı şəhəri Nərimanov rayonu X2 ünvanında yerləşən 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin planından görünür ki, hündürlüyü = 2,35 m, H = 2,55 M, St.a = 108,2 kv.m, V = 276 kub.metrdir. Tikilidə mövcud otaqların təyinatından görünür ki, dəhlizin köməkçi sahəsi 10,9 kv.m, h = 2,35 m, H = 2,55 m, iş otağının əsas sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55, anbarın köməkçi sahəsi 23,3 kv.m, h = 2,35 m, H = 2,55, digər anbarın köməkçi sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m və digər iş otağının əsas sahəsi 9,3 kv.m, h = 2,35 m, H = 2,55 m-dir. Cəmi sahəsi 84,9 kv.m, əsas sahəsi 30,0 kv.m, köməkçi sahəsi 54,9 kv.m-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-20040/2023 **********40 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Nərimanov rayonu X2 2098ci məhəllə ünvanında yerləşən torpaq sahəsinə və mövcud əmlaka dair müayinə aktının, hüquqmüəyyənedici sənədlərin, texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri Nərimanov rayonu X2 2098-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 84,9 kv.m-dir (Hüquqmüəyyənedici sənəd üzrə Storp = 2580,0 kv.m; faktiki Storp = 3215,7 kv.m). Torpaq sahəsi texniki pasportdan S = 635,7 kv.m artıqdır. Ərazi qapalı ərazidir. Ərazinin konfiqurasiyası və sahəsi texniki pasportdan fərqlidir. Ərazidə texniki pasportda göstərilən tikili mövcud deyil. Ərazidə texniki pasportda öz əksini tapmayan tikili altısı Sta = 580,0 kv.m olan əlavə tikililər mövcuddur. Onlara aid sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər (nümayəndələrinin iştirakını təmin etməmişlər). II. İddianın növü və mümkünlüyü İddia mümkündür. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 3.1 və 8.1 -ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. III. Məhkəmənin mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İddiaçı hazırda texniki pasportda göstərilən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1Q saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən: - 1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. - 4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. - 7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. - 8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir. - 9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən: - 2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir. - 3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır. - 6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir. - 11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. - 29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir. İşdən görünür ki, İddiaçı tresti özəlləşdirilərkən onun xx.xx.2001- ci il tarixə əsas vəsaitləri qiymələndirilmiş, əsas vəsaitlərin tərkibində iddiaçının hazırda adına qeydə alınması ilə bağlı müraciət etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən tikili də olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilə birlikdə xx.xx.2001-ci il tarixli müəssisənin əmlakının qiymətləndirilməsinə dair yekun akta əsasən müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin nizamnamə kapitalının həcmi 86300 min manat müəyyən edilmiş, həmin kapitala əsasən buraxılmış 86300 adi səhm müvafiq fiziki şəxslərin adına reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş və "Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixədək qüvvədə olan 6.1-ci bəndinə əsasən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir: 6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər; əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları); verilən əmlakın dəyərinin ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.); əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları); səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış); alqı-satqı müqaviləsi və ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu; ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd). 6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir. 6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qaydaların istinad olunan 6-cı hissəsi "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 291 nömrəli Fərmanı ilə Qaydalardan çıxarılmış, artıq şəhadətnamə deyil, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi nəzərdə tutulmuşdur. İddiaçı müəssisə özəlləşdirilərkən şəhadətnamə almasa da, hazırda həmin şəhadətnamənin alınması üçün tələb olunan bütün sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, bu imtina əsaslı olmamaqla iddiaçının hüquqularının pozulmasına səbəb olmuşdur. Cavabdeh imtina məktubunda və həmçinin iddiaya yazılı etirazında İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman texniki pasportda qeyd edilən tikililər sökülərək yerində texniki pasportda öz əksini tapmayan yeni tikililər inşa olunması, inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında və perimetrik ölçülərində uyğunsuzluq olduğu bildirmişdir. Məhkəmə bu dəlillərlə bağlı qeyd edir ki, birincisi, iddiaçı hazırda torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmir. Buna görə də cavabdehin torpaq sahəsi ilə bağlı dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxır. Həmçinin məhkəmə tərəfindən yerində müayinə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən, texniki pasportda öz əksini tapmış 84,9 kv.m tikili həqiqətən də mövcuddur, sökülməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4.dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, "... Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X2, 2098-ci məhəllə ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportunda göstərilən 84,9 kv.m daşınmaz əmlaka (tikiliyə) dair mülkiyyət hüquqlarının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4288/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4288/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver