Məhkəmə qərarları › İş №2-1(112)-4289/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4289/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4289/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdeh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidmətinə qarşı “əmrin ləğv olunması və işə bərpa olunma” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə DMX) qarşı “əmrin ləğv olunması və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miqrasiya orqanlarından xaric edilərək, qulluq keçməsinə xitam verilməsi haqqında DMX-nin rəisi V.Hüseynovun 20.10.2021-ci il tarixli 353 saylı əmrinin ləğv edilməsi, onun miqrasiya orqanlarına bərpa olunmaqla əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30.11.2007-ci il tarixdən DMX-da xidmətə başlamış, 2014-cü ilin oktyabr ayından isə X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. DMX-nin rəisinin 20.10.2021-ci il tarixli 353 nömrəli qanunsuz və əsassız əmri ilə miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməyinə xitam verilmişdir. O, miqrasiya orqanlarından xaric edilməsini əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. O, ailənin tək oğul övladı olmaqla himayəsində iki körpə uşağı, yaşlı və ikinci qrup əlilliyi olan anası, yataq xəstəsi olan atası olduğu üçün xidməti yerinin dəyişilməsi (Bakı şəhərinə) ilə bağlı Xidmət rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətlər etmişdir, lakin müraciətləri cavabsız qalmışdır. 2018-ci ildə rotasiyaya çağırılmış, laakin rəsmi olaraq komissiyanın qərarı ilə tanış edilməmişdir, iki aydan sonra şifahi olaraq öz müraciəti əsasında mənfi qərar aldığını öyrənmişdir. 2019-cu ildə X4 idarəsindən Qusar rayonunda yerləşən X5 xidmətə başlamışdır xidmət 24 saat növbəli sutkalıq təşkil olunmuşdur və hər gün bir nəfər xidmətə düşürdü. O, bölmə rəisi olmağına baxmayaraq əməkdaş sayı az olduğundan növbəyə çıxırdı. Növbətçilik cədvəli idarə rəisi tərəfindən tərtib və təsdiq olunurdu. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlərin bağlanması səbəbindən növbətçilik cədvəlində növbətçilik müddəti 09:00-18:00-kimi dəyişdirilmişdir. Hər gün təkcə bir əməkdaşın növbəyə çıxması göstərilirdi. Xidməti ərazidə yaşayış şəraitin olmaması səbəbindən idarə rəhbərliyinin təlimatı əsasında hər dəfə xidmətdən sonra Bakı şəhərinə gəlib-gedirdilər. 06-07.07.2021-ci il tarixində bir əməkdaş növbədən saat 21:00-də çıxaraq evinə, yəni Sumqayıt şəhərinə gəlmişdir. Bu məsələni idarə rəisi yuxarı rəhbərliyə əməkdaşın özbaşına xidməti yeri ataraq, tərk etməsi formasında raportlaşdırmışdır. Nəticədə ağır cəza ona verilmiş və ona tutduğu vəzifəyə uyğun olmamağı barədə xəbərdarlıq tənbehi elan olunmuşdur. Bununla əmək haqqının 25 faizi kəsilmişdir, qeyri rəsmi göstərişlə kirayə pulu da verilmirdi, əmək haqqı ilə kirayə tuta bilmədiyi üçün çətinliyi xidmət rəisinin köməkçisinə bildirdirmişdir. Bu problemi ilk öncə idarə rəisinə bildirdimişdir, amma heç bir cavab olmamışdır, eyni vaxtda cədvəl üzrə həm Xaçmaz RMİ-də, həm də 100 km. arasında fərq olan Qusar rayonunda xidmətə getdiyi halda, ona kirayə haqqı ödənilməmişdir. Yuxarıda qeyd edilən arayışın nəticəsi olaraq o, 06.09.2021-ci il tarixdən 2 ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmışdır və xidməti araşdırma aparılması üçün sərəncama çıxarılmışdır. Sonradan, yəni 30.10.2021-ci il tarixdə əmək kitabçası ona qaytarılanda 20 oktyabr 2021-ci il tarixli 353 nömrəli Xidmət rəisinin əmri ilə işdən azad edildiyini bilmişdir. Əmək kitabçasını 30.10.2021-ci il tarixdə, müvafiq əmrin surətini isə ərizə ilə müraciət etdikdən sonra 18 noyabr 2021-ci il tarixdə almışdır. Onun yaşayış və əmək şəraitinin yaxşılaşdırılması barədə xidmət rəhbərliyinə etdiyi müraciətlər (xahişlər) etik davranış qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Əmrdə ona intizam tənbeh tədbiri kimi 23.07.2021-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” tətbiq edildiyi qeyd edilir. Bundan başq əmrdə qeyd edilmiş, barəsində verilmiş raportların məzmunundan belə görünür ki, rəhbər şəxlər onun tutduğu vəzifənin (X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsi) öhdəsindən gələ bilmədiyini bildirmişlər, yəni ən pis halda onun vəzifəsi dəyişdirilə və ya aşağı salına bilərdi. Onun miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsinə heç bir əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DMX İPM-nin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını (və etiraza əlavəni) məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia əsassızdir və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası DMX-nin rəisinin 06.09.2021-ci il tarixli 301 nömrəli əmrinə əsasən X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 47-ci və 48-ci maddələrinə əsasən 06.09.2021-ci il tarixdən 2 ay müddətədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış, işçi barədə xidməti araşdırma başlanılmışdır. Müəyyən edilmişdir ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı 30.11.2007-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində xidmətə başlamış, 2014-cü ilin oktyabr ayından isə X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Xidmət dövrü ərzində barəsində 06.04.2011-ci il tarixdə “töhmət”, 26.04.2011ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq”, 23.07.2021-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” növündə intizam tənbeh tədbiri tətbiq edilmiş, 10.07.2018-ci il tarixdə isə ona “şifahi xəbərdarlıq” elan olunmuşdur. X4 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmovun 18/230 və 18/231 nömrəli 01.09.2021-ci il tarixli raportlarında kiçik miqrasiya xidməti müşaviri İddiaçı vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi, böhran vəziyyətlərində adekvat qərarlar qəbul edə bilmədiyi, bir sıra yanlışlıqlara yol verdiyi, peşəkarlıq səviyyəsinin artırılmasına maraq göstərmədiyi qeyd edilmişdir. Cari ilin iyul ayında regional idarənin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin fəaliyyəti yenidən təşkil edilmiş, işçilərə xidməti ərazini tərk etməmə və kirayə mənzil şəraiti ilə təmin olunmaları barədə tapşırıq verilmiş, lakin kiçik miqrasiya xidməti müşaviri İddiaçı verilən tapşırığı yerinə yetirməyərək, müxtəlif bəhanələr gətirmiş, kirayə mənzildə məskunlaşmaqdan imtina etmiş, Bakı şəhərində iş yeri ilə təmin edilməsini tələb etmişdir. Müəyyən edilmişdir ki, DMX-nin rəisinin 23.07.2021-ci il tarixli 241 nömrəli əmri ilə rəhbərlik etdiyi bölmənin işini düzgün təşkil etmədiyi, həmçinin bölmənin fəaliyyətinə nəzarət etmədiyi və bununla da, Xidmətin qəbul etdiyi normativ hüquqi aktın tələblərini pozduğu üçün (DMX-nin 23.02.2021-ci il tarixli 01 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələri haqqında Nümunəvi Əsasnamə’’nin 5.13.1-ci bəndinə əsasən bölmə rəisi bölmənin işini təşkil edir, onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir) kiçik miqrasiya xidməti müşaviri İddiaçı barəsində “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” növündə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı 05.08.2021-ci il tarixdə xidməti fəaliyyəti zamanı yaranmış problemlərin həlli ilə əlaqədar DMX-nin rəisinin müavini tərəfindən qəbul edilərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydasını pozmuşdur (əsas Dövlət Miqrasiya Xidməti rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin 1541 nömrəli 07.08.2021-ci il tarixli raportu). Xidməti araşdırmanın gedişində X4 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov 14.09.2021-ci il tarixdə 18/246 nömrəli raportla müraciət edərək araşdırma zamanı kiçik miqrasiya xidməti müşaviri İddiaçı etik davranış qaydalarının tələblərini pozmasının nəzərə alınmasını xahiş etmişdir. Belə ki, raportda qeyd edilmişdir ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı xidməti vəzifələrinə uyğun olmayan məsələlərlə maraqlanmış, kirayə yaşamaq üçün mənzildən imtina edərək, yaşayış yerinin olmamasını nümayişkaranə şəkildə göstərərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, peşə fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmamış, birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirməmişdir (14.09.2021-ci il tarixli 18/246 nömrəli raporta əsasən). Məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı izahatlarında da “bölmə rəisi vəzifəsinə təyin edilməklə bağlı razılığı təhdidlə vermişəm” (09.07.2021-ci il və 18.08.2021-ci il tarixli izahatlar), “işçinin intizamsızlığı qarşısında acizəm” (09.07.2021- ci il tarixli izahat), “Xidmətin rəhbər şəxslərinə tapşırmağa adamım yoxdu” (18.08.2021-ci il tarixli izahatlar) kimi ifadələr işlətməklə etik davranış qaydalarını pozmaqda davam etmişdir. Həmçinin müəyyən edilmişdir ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı 17.07.2020-ci il tarixli ərizəsi əsasında DMX rəisinin 04.08.2020-ci il tarixli 342 nömrəli əmri ilə Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, 16.10.2020-ci il tarixli T-4676 nömrəli ərizəsi əsasında DMX rəisinin 02.11.2020-ci il tarixli 503 nömrəli əmri ilə yenidən X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. X4 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə də kiçik miqrasiya xidməti müşaviri İddiaçı mənfi yöndə xarakterizə olunmuşdur. DMX-nin Həmkarlar İttifaqı Komitəsinin 15.10.2021-ci il tarixli 04 nömrəli protokoluna əsasən işçinin qulluq keçməsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməmiş və həmin əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmalıdır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 30.11.2007-ci il tarixdən 20.10.2021-ci il tarixədək DMXda müxtəlif vəzifələrdə işləmişdir. DMX-nin “Başqa vəzifəyə keçirilmə haqqında” 342 №-li, 04.08.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Kiçik miqrasiya xidməti müşaviri İddiaçı 04 avqust 2020-ci il tarixdən DMX-nin X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsindən azad edilərək, DMX-nin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. DMX-nin “Başqa vəzifəyə keçirilmə haqqında” 503 №-li, 02.11.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Kiçik miqrasiya xidməti müşaviri İddiaçı 02.11.2020-ci il tarixdən DMX-nin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsindən azad edilərək, X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova ünvanlanmış 06.08.2021-ci il tarixli raportda qeyd olunmuşdur ki, DMX-nin rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev və Kadrlar və kadr hazırlığı idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vəfa Əsədova 05 avqust 2021-ci il tarixdə xidməti fəaliyyətində yaranmış problemləri ilə əlaqədar X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı ilə söhbət aparmış və işçi dinlənilmişdir. Məruzə edilir ki, bölmə rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı qəbul zamanı subordinasiya qaydalarına riayət etmədiyinə görə tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydalarını pozmağa davam etmişdir. Etik davranış qaydaları pozduğuna görə X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı Nizamı oğlu barəsində "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.2-ci maddəsinə uyğun olaraq “töhmət" intizam tənbehinin tətbiq olunmasına dair vəsatət qaldırılır. Məqsədəuyğun hesab ediləcəyi təqdirdə sənədin icrasına dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. 18.08.2021-ci il tarixli yazılı izahatın surətindən müəyyən olunur ki, X4 idarəsinin Bölməsinin rəisi İddiaçı DMX-nin inzibati binasında izahat alınmışdır. DMX-nin rəisi Vüsal Hüseynova ünvanlanmış 03.09.2021-ci il tarixli raportda qeyd olunmuşdur ki, məruzə edilir ki, X4 idarəsinin Sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi İddiaçı barəsində Təşkilat-nəzarət baş idarəsi tərəfindən xidməti yoxlama aparılır. Azərbaycan Respublikasının 04 dekabr 2009-cu ıl tarixli 930-11İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 47-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 95-ci maddəsində göstərilən əməlləri törədıb-torətməməsı məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətınədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız miqrasiya orqanlarının işçisinin oz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində işçı barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir. Həmin Əsasnamənin 48-cı maddəsinə əsasən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əmək haqqı ödənilir. Yenə həmin Əsasnamənin 103-cu maddəsinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda miqrasiya orqanının rəhbəri tərəfindən araşdırma aparılır işçidən yazılı izahat alınır. Zərurət olduqda miqrasiya orqanının rəhbəri xidməti yoxlama təyin edir Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyət orqanı tərəfindən muəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini, işçinin vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə bıiəcəyı hallarını və hazırda araşdırmanın davam etdiyini nəzərə alaraq X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi İddiaçı Nizamı oğlunun iki ay müddətınədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması məsələsinə baxılması xahiş olunur. DMX-nin “İddiaçı vəzifə səlahiyyətlərinin icrasından kənərlaşdırılması haqqında” 301 №-li 06.09.2021-ci il tarixli əmrinin surətindən görünür ki, “Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 16.7-ci bəndini rəhbər tutularaq əmr edilmişdir: - Qüvvədə olan qanunvericilik normalarının tələblərini, işçinin vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarını və hazırda araşdırmanın davam etdiyini nəzərə alaraq, DMX-nin X4 Xidmətinin Xaşmaz regional miqrasiya idarəsi sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi kiçik miqrasiya xidməti müşaviri İddiaçı 06.09.2021-ci il tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılsın. - Kiçik miqrasiya xidməti müşaviri İddiaçı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində tam həcmdə əmək haqqı ödənilsin. - Təşkilat Nəzarət baş idarəsi Kadrlar və kadr hazırlığı idarəsi və Maliyyə təminat və təchizat idarəsi bu əmrin icrasını təmin etsin. 09.09.2021-ci il tarixli yazılı izahatın surətindən müəyyən olunur ki, X4 idarəsinin Bölməsinin rəisi İddiaçı DMX-nin inzibati binasında izahat alınmışdır. DMX-nin rəisi Vüsal Hüseynova ünvanlanmış 14.09.2021-ci il tarixli raportun surətindən görünür ki, raportda qeyd olunanların nəzərə alınaraq, məqsədəuyğun hesab edildiyi təqdirdə İddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin sadalanan maddələrinə əsasən “miqrasiya orqanlarından xaric etmə" intizam tənbehinin tətbiq olunması (əsas: vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntu halına yol verməsi barədə daxıl olmuş X4 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov 18/230 və 18/231 nömrəli 01 09.2021-ci il tarixli, 18/246 nömrəli 14.09.2021-ci ıl tarixli raportları, Xidmət rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin 1541 nömrəli 07.08.2021-ci il tarixli raportu, barəsində qüvvədə olan intizam tənbehinin olması) və miqrasiya orqanlarından xaric edilməsi, eyni zamanda KKHİ tərəfindən Əmək Məcəlləsinin yuxarıda sadalanan maddələrinin tələblərinin yerinə yetirilməsi təklifini nəzərdən keçirilməsi xahiş olunmuşdur. DMX-nin kadrlar və kadr hazırlığı idarəsi tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış təqdimatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsinin 27 sentyabr 2021-ci il tarixli 2027 nömrəli arayışına əsasən kiçik miqrasiya xidməti müşaviri İddiaçı Nizamı oğlunun vəzifələrinin icrası zamanı mütəmadi olaraq yol vermiş pozuntulara görə miqrasiya orqanlarından xaric edilməsi təklif olunmuşdur. DMX-nin Həmkarlar İttifaqı Komitəsinin 15.10.2021-ci il tarixli 05 №-li protokolunun surətindən görünür ki, DMX-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi kiçik miqrasiya xidməti müşaviri İddiaçı vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozduğuna görə miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. DMX-nin 353 №-li 20.12.2021-ci il tarixli “İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi haqqında” əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının 2009-cu il 04 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci (miqrasiya orqanlarından xaric etmə) və 111.11-ci (miqrasiya orqanlarından xaric edildikdə) maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 16.5-cı bəndini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsini və 144-cü maddəsinin 2-ci və 4-cü hissələri rəhbər tutularaq aşağıdakılar əmr edilmişdir: - Vəzifələrinin icrası zamanı mütəmadi olaraq yol verilmiş pozuntulara görə DMXnin X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı 20 oktyabr 2021-ci il tarixdən miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilsin. - 2008-2009-cu iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə (30 gün), 2013-2014-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə (15 gün) pul əvəzi ödənilsin; - 2021-2022-ci iş ili üçün ödənilmiş məzuniyyət haqqının müəyyən hissəsi (4 gün) tutulsun. İddiaçının hazırki tələbindən görünür ki, DMX-nin 20.12.2021-ci il tarixli “miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmə” Əmrinin ləğv edilməsi, işə bərpa olunmağının təmin edilməsi, məcburi iş buraxmaya görə əmək haqlarının tam şəkildə ödənilməsini tələb edir. Azərbaycan Respublikasının 04 dekabr 2009-ci il tarixli 930-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə əsasən: Miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür (maddə 1). Miqrasiya orqanları işçiləri vəzifədə olarkən aşağıdakılara əməl etməlidir: Rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli (maddə 30.3); başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli (maddə 30.4); vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli (maddə 30.5); lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli (30.6); etik davranış və intizam qaydalarına əməl etməlidir (maddə 30.11). Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər ( maddə 95): irad tutma (maddə95.1); töhmət (95.2); şiddətli töhmət (maddə 95.3); tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq (95.4); aşağı vəzifəyə keçirmə (maddə 95.5); xüsusi rütbənin bir pillə aşağı salınması (95.6); vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir.) (maddə 95.7); miqrasiya orqanlarından xaric etmə (maddə 95.8); qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə (maddə 95.9). Bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər( maddə 99). Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Kollegiyasının 12 noyabr 2020-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydalarının 2.4.3-cü bəndinə əsasən işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. İşçi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır (2.7.2); İşçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur (3.4); İşçi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür (7.1); Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır (7.4) İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xidməti fəaliyyəti zamanı birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində verilmiş tapşırıqları yerinə yetirməmiş, yaranmış çətinliklərin həlli ilə əlaqədar qəbul edilərkən xəbərdarlıq edilməsinə baxmayaraq dövlət miqrasiya xidməti işçilərinin etik davranış qaydalarının tələblərini pozmuşdur. Sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin tələblərini pozmuşdur. İddiaçı barəsində qəbul olunmuş əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin və xidmətin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 99-cu maddəsidir. Həmin Əsasnamənin 99-cu maddəsinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. İddiaçının öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozması sübuta yetdiyindən onun barəsində hazırda mübahisə olunan inzibati akt qəbul edilmişdir. Cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar