Məhkəmə qərarları › İş №2-1(112)-429/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-429/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-429/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci tarixli akta, xx.xx.2020-ci il tarixli sənədə baxılmış və xx.xx.2020-ci il tarixli **********138621 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 2017-ci il üzrə 236.621,74 manat mənfət vergisinin azaldılması müəyyən olunmuş və 118.310,87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərardan göründüyü kimi yoxlama xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. Belə ki, yoxlamanın açılması və artırılması barədə qərarlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı yoxlama zamanı tədarük olunmuş xammalın dəvət olunmuş ekspert tərəfindən bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə rəy tərtib edilmişdir. Bununla da cavabdeh orqan Vergi Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda ekspertin dəvət olunması zamanı mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Cəyyar vergi yoxlaması zamanı cəlb edilən ekspertin məhkəmə eksperti şəhadətnaməsi mövcud deyil. Belə olan halda səyyar vergi yoxlaması zamanı tərtib edilmiş ekspert rəyi əsasında müəyyən edilmiş qiymətlərə istinad edilən mənfəət vergisinin hesablanması əsassızdır. Yoxlama zamanı Vergi Məcəlləsinin tələbləri pozulmaqla mənfəət vergisi hesablanmışdır. Nəticədə kobud qanun pozuntularına yol verilərək qanunsuz inzibati akt qəbul olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh orqanın “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********127080 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə edilməklə yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə toplanmış materiallar əsasında İddiaçı MMC-də külli miqlarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2018-ci il tarixdə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı əvvəki yoxlama ilə əhatə olunan eyni dövrün (2016-2017) təkrar yoxlanılmasına zərurət yaranmışdır. Bununla əlaqədar istintaq orqanı tərəfindən “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və qərarın icrası vergi ödəyicisinin uçotda olduğu vergi orqanına tapşırılmışdır. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının icrasının təmin olunması üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: noyabr 2016-cı il - dekabr 2017-ci il). Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq dərinin aşılanması, rənglənməsi və hazırlanması ilə məşğul olmuşdur. Yoxlama ilə bağlı “Səyyar vergi yoxlamasınnın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********182092 nömrəli tələbnamə təqdim olunmuş və bu tələbnaməyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə ilkin mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Bundan əlavə, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019cu il tarixli qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixli protokolla yük gömrük bəyannamələri, invoyslar, mal-materialların hərəkəti barədə cədvəl, müəssisənin daxili alış qaimələrinin (ciddi olmayan) vergi ödəyicisi tərəfindən təsdiq olunmuş sürətləri götürülmüş, yoxlama üçün zəruri olan digər sənədlərin təqdim olunmasından imtina edildiyi üçün xx.xx.2020-ci il tarixli imtina aktı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, sənaye zonasında və ünvan 1 ünvanda aparılan müşahidə baxış zamanı vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin), mal qalığının və cəmiyyətin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanması ilə bağlı olan mal-material ehtiyyatlarının faktiki mövcudluğu müəyyən edilməmiş, həmçinin baxış zamanı cəmiyyətin vergi orqanında qeydiyyatda olmayan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 27/28 ünvanında yerləşən 3.000 kv.m istehsal sahəsinin “X3” (VÖEN: **********) ASC-dən xx.xx.2012-ci il tarixli 01 nömrəli “Əvəzsiz istifadəyə dair” müqavilə ilə istifadəyə verildiyi, həmin istehsal sahəsində faktiki olaraq dərinin aşılanması və hazırlanması fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Baxışın nəticəsi barədə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokollar tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyi üçün, cəmiyyətin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-cu il tarixədək olan dövr üzrə alınmış malların alış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəssisənin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə alınmış mal dərisinin bir kiloqramı 0,67 manat, qoyun-dərisinin bir kiloqramı 0,96 manat olduğu müəyyən olunmuşdur. Vergi öcəyicisi təqdim etdiyi mal-material qiymətlilərinin hərəkəti barədə cədvəldə isə müəssisənin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə alınmış malların 2016-cı ildə mal dərisinin bir kiloqramı 1,44 manat, qoyun dərisinin bir kiloqramı 1,71 manat, 2017ci ildə isə mal dərisinin bir kiloqramı 1,56 manat, qoyun dərisinin bir kiloqramı 3,09 manat olduğu qeyd olunmuşdur. Mənfəət vergisinin yoxlanılması zamanı 2016-cı il üzrə kassa metodu ilə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 4168617,52 manat, xərc 4150603G76 manat, vergiyə cəlb olunan mənfəət 18013,76 manat, mənfəət vergisi 3602,75 manat göstərilmişdir. Əvvəlki yoxlama ilə 2016-cı il üzrə kassa metodu ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixil 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq etməklə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 5358018,06 manat, xərc 4465015,05 manat, vergiyə cəlb olunan mənfəət 893003,01 manat, mənfəət vergisi 178600,60 manat göstərilmişdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən yenidən yoxlama təyin edilmiş, yoxlama ilə 2016-cı il üzrə gəlir 4168617,52 manat, xərc 3276291,20 manat (təqdim edilmiş ekspert rəyinə əsasən), vergiyə cəlb olunan mənfəət 892326,32 manat, mənfəət vergisi 178465,26 manat müəyyən edilmişdir. Yoxlama zamanı 2016-cı il üzrə mənfəət vergisinin 135,34 (178465,26-178600,60) manat artıq hesablandığı müəyyən edilmişdir. 2017-ci il üzrə kassa metodu ilə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 4830650,99 manat, xərc 4025542,49 manat, vergiyə cəlb olunan mənfəət 805108,50 manat, mənfəət vergisi 161021,70 manat göstərilmişdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən yenidən yoxlama təyin edilmiş, yoxlama ilə 2017-ci il üzrə gəlir 4830650,99 manat, xərc 2842433,80 manat (təqdim edilmiş ekspert rəyinə əsasən), vergiyə cəlb olunan mənfəət 1988217,19 manat, mənfəət vergisi 397643,44 manat müəyyən edilmişdir. Yoxlama zamanı 2017-ci il üzrə mənfəət vergisinin 236621,74 (397643,44-161021,70) manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 2016-cı il üzrə 135,34 manat artıq hesablandığı, 2017-ci il üzrə isə 236621,74 manat dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. 2017-ci il üzrə 118310,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 nömrəli qərar qəbul edilmişdir. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar və «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi bilavasitə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Odur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 2.2-1-ci maddəsinə əsasən iddiaçıda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməsinə zərurət yaranmamışdır. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması və yoxlamanın nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır, VÖEN **********. İş materiallarında Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2009cu il tarixdə qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN) **********. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********182089 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********248300 nömrəli sənədə baxaraq mənfəət vergisinin 236.621,74 manat azaldıldığı müəyyən edilmişdir: İddiaçı MMC (VÖEN **********) 2016-cı il üzrə: mənfəət vergisi azaldılmışdır: 0,00; artıq hesablanmışdır: 135,34; əlavə hesablama-0,00; artıq hesablama – 135,34; maliyyə sanksiyası-0,00; 2017-ci il üzrə: mənfəət vergisi azaldılmışdır: 236621,74; artıq hesablanmışdır: 0,00; əlavə hesablama - 236621,74; artıq hesablama 0,00; maliyyə sanksiyası - 118310,87; cəmi: azaldılmışdır – 236621,74; artıq hesablanmışdır- 135,34; əlavə hesablama – 236621,74; artıq hesablama 135,34; maliyyə sanksiyası – 118310,87 manat vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununun: 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin: 1.2-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndinə əsasən Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. 1.8-ci bəndinə əsasən Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir. 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********182044 nömrəli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilmişdir (yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2016 dekabr 2017) və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2017-ci il üzrə 236.621,74 manat mənfət vergisinin azaldılması müəyyən olunmuş və 118.310,87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Lakin yoxlamanın keçirilməsi barədə qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Qeyd olunan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən istintaq orqanının qərarının icrası olaraq həyata keçirdiyini, buna görə də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarını «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununun 2.2- 1-ci maddəsinə istinad edərək reyestrə daxil etmədiyini bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu ildə Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ayrıca qərar qəbul edilmişdir, belə olan halda yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Bundan başqa, iş materiallarında olan ixrac olunan malların gömrük sənədlərindən müəyyən olunur ki, iddiaçının ixrac etdiyi mallar tək mal və qoyun dərisindən ibarət deyil, iribuynuzlu heyvanların kisələri, mədələri və s. mallar da ixrac edilmişdir. Cavabdeh isə hesablamanı yalnız mal və qoyun dərisinin ilkin soyulmuş formasının ekspert rəyi ilə müəyyənləşdirilmiş bazar qiymətinə tətbiq etməklə aparmışdır. Bu zaman həmin malların aşılanma və ixrac vəziyyətinə gətirilməsinə sərf olunmuş xərclər də nəzərə alınmamışdır. İş materiallarında olan səyyar vergi yoxlaması aktının 1.11-ci bəndinə əsasən iddiaçının yoxlama dövründə vergi uçotunun metodu kassa olmuşdur. Həmçinin həmin yoxlama aktının 3-cü səhifəsində cavabdeh qeyd etmişdir ki, “Müqavilənin şərtlərinə əsasən hesab yazıldığı gündən 15 gün əvvəl malın dəyərinin ödənilməsi göstərilməsinə baxmayaraq, yoxlama ilə malın ödənişi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır... Yoxlanılan dövr ərzində müəssisə tərəfindən 6174960,00 ABŞ dolları (10497430,00 manat) məbləğində mal ixrac edilmiş, bunun müqabilində müəssisənin valyuta hesabına 4542490,00 ABŞ dolları (7722230,00 manat) daxil olmuş, 1632470,00 ABŞ dolları (2775200,00 manat) daxil olmamışdır”. Aktda əks olunduğu kimi, 2775200,00 manat məbləğində vəsaitin hesaba daxil olmadığını cavabdeh özü də bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesabına ixrac olunmuş malların dəyərinə uyğun vəsaitin daxil olmadığını özü də bildirsə də, vəsaitin digər formada əldə edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da kassa metodunun mahiyyətinə uyğun gəlməyən hesablama aparmışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********138621 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar