Məhkəmə qərarları › İş №2-1(112)-4290/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4290/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4290/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçı - İddiaçı və onun vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinaya dair Azərbaycan Respublikasının Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-cü il tarixli, MA -108 saylı məktubunun qanunsuz hesab edərək ləğv edilməsi və X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə qərar verilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Miqrasiya Xidməti tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” qaydasının 4.1-ci bəndinə (şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaması) istinad edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi haqqında ******* saylı qərar qəbul etmişdir. Bundan sonra iddiaçı xx xxxxxx 2021- ci il tarixində yenidən müraciət edərək ərizənin dəqiqləşdirilərək “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”-nın 4.1.4.1-ci bəndinə (doğulduğu anda valideynlərindən biri və yaxud hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olması) əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş, lakin Miqrasiya Xidməti eyni məzmunlu cavab verərək mənsubiyyətin tanınmasına dair ərizəni rədd etmişdir. Qeyd edilən qaydanın bu bəndi X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün kifayət hesab etməyə əsas verir, belə ki, X8 xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, İ- ЖГ 401043 saylı xx xxxx 1972- ci il tarxili doğum haqqında şəhadətnamədə azərbaycanlı olaraq qeydiyyatı aparılmış, doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Həmçinin iddiaçı 1989-cu ilə qədər fasiləsiz olaraq Bakı şəhərində yaşamış və Binəqədi rayonu (keçmiş Kirov), Hacıbababəyov küçəsi (keçmiş Montin) küçəsi ev 13, mənzil 3 üzrə ünvanda rəsmi qeydiyyatda olmuşdur. Əlavə məlumat üçün qeyd etmişdir ki, X8 1998-ci ilin 15 oktyabrından bəri daimi olaraq Azərbaycanda yaşayır və bütün yaxın qohumları, o cümlədən qardaşı və bacısı da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı A.Abdullaev xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 -ci və 4.1 -ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2021-ci il tarixdə ******* saylı qərar qəbul edilmişdir. Hesab edilir ki, Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1972-ci ildə Bakı şəhərində anadan olsa da, sonradan Rusiya Respublikasına getmiş, həmçinin həmin ölkənin vətəndaşıdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamışdır və bu, konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (-“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir və qeyd edilən qərarla İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır; İddiaçı tərəfindən xx xxxxxx 2021-ci il tarixli, Azərbaycan Respublikası Miqrasiya Xidmətinin rəisi X7 ünvanlanmış ərizəsinə cavabdehin xx.xx.2021-ci il tarixli, MA-108 nömrəli cavab məktubunda vətəndaşlığa mənsubiyyəti araşdırılması və barəsində xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərar qəbul edilməsi qeyd edilmiş, eyni zamanda onun Azərbaycan Respublikasının ərazisində anadan olması nəzərə alınaraq, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur; İ-ЖГ ******* nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx xxx 1972ci ildə Bakı şəhərində doğulmuşdur, atası kimi Abdullayev Məmməd Mahmud oğlu, anası kimi X2 qeydə alınmışlar, hər iki şəxsin milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir; İddiaçı aid XXİ-ЖГ 634635 nömrəli SSRİ vətəndaşının pasportuna əsasən İddiaçı xx xxx 1972-ci ildə Bakı şəhərində doğulmuşdur və xx.xx.1988-ci ildə ona SSRİ vətəndaşının pasportu verilmişdir; X1 aid İV-ЖГ 634909 nömrəli SSRİ vətəndaşının pasportuna əsasən X5 xx xxxxxx 1935-ci ildə Bakı şəhərində doğulmuşdur və xx.xx.1977-ci ildə ona SSRİ vətəndaşının pasportu verilmişdir; İ-ИЕ 390866 nömrəli “Evlənmək haqqında şəhadətnamə”yə əsasən Abdullayev Məmməd Mahmud oğlu və X3 xx.xx.1964-cü ildə evlənmişdirlər; DYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi”nə görə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində yaşamaq və dövlət sərhədlərini vizasız keçmək hüququ verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya xx xxxx 2021-ci il tarixli, 018-2555-1221 nömrəli cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respubikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə heç bir məlumat yoxdur. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları xx xxxxxxxx 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin “Qaydalar”ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. İnzibati orqanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina ilə bağlı qərarından görünür ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-cı il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx xxxx 2021-ci il tarixli, 018-2555-1221 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir. İddiaçının tələbinin əsaslandırdığı yuxarıda adı çəkilən “Qaydaların” 4.1.4.1-ci yarımbəndi ilə bağlı məhkəmə qeyd edir ki, həmin yarımbəndə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin doğulduğu anda valideynlərindən biri və ya hər ikisinin Azərbaycan Respublikasının vətəndaşı olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını şərtləndirən hallardan biri kimi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən hal hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, iş üzrə İddiaçı doğulduğu anda (xx xxx 1972-ci il) valideynləri (iş materiallarına əsasən atası X5) Azərbaycan Respublikasının vətəndaşı deyil, Azərbaycan SSR-in vətəndaşı olmuşdur. İddiaçının istinad etdiyi yarımbənddə şəxsin valideynlərindən biri və ya hər ikisinin Azərbaycan SSR-in vətəndaşı olması halı qeyd edilməmiş və həmin “Qaydalar”ın 2.2.1-ci yarımbəndində “və ya Azərbaycan SSR-in vətəndaşı” olma halının ayrıca qeyd edilməsi, iddiaçının istinad etdiyi 4.1.4.1-ci yarımbənddə “Azərbaycan Respublikasının vətəndaşı” ifadəsinin “Azərbaycan SSR-in vətəndaşı” ifadəsini də ehtiva etməməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, həmin yarımbəndin tələbləri konkret müəyyən olunduğundan genişləndirici şərh verilməsi yolverilməzdir. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. İPM-in 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması tələbi barədə iddia tələbi təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar