Məhkəmə qərarları › İş №2-1(112)-4291/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4291/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4291/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «icra işi üzrə iddiaçılara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdeh icra məmuruna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 1(101)-774/2017 saylı hökmü üzrə verilən icra vərəqəsi əsasında Bakı şəhəri Cavabdehndə başlanmış icra işi çərçivəsində icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Mersedes ML-350” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışı baş tutmadıqdan sonra 16 iyul 2018-ci il tarixdən etibarən 10 iyun 2019-cu il tarixədək əmlakın mülkiyyətçisinə konkret olaraq borclu şəxs qismində tanınmış İddiaçı2 və onun ailə üzvlərinə qaytarılması, AR Ali Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 1(102)-14/2019 saylı qərarının tələblərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş ümumi məbləğdə 193.500 manat maddi və mənəvi ziyanın ödənilməsi, icra məmuru tərəfindən «İcra haqqında» AR Qanununun 8-ci maddəsinin 3-cü bəndinin tələblərinin icra olunmaması nəticəsində iş üzrə borclu kimi İddiaçı2 həmin maddənin 5-ci bəndinin tələbi ilə müəyyən edilmiş məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırıldığı və hazırkı məhkəmə mübahisəsinin icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində yarandığı nəzərə alınmaqla işin obyektiv və konkret hallarının hüquqi qiymətləndirilməsi, müəyyən edilmiş faktlar əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 23 may 2019-cu il tarixdən 18 sentyabr 2019-cu il tarixədək olan dövrdə iddiaların qaldırıldığı, hər iki iddia ərizəsi ilə bağlı məhkəmənin 24 iyun 2019-cu il tarixli 2-1(82)-2596/2019 saylı və 8 noyabr 2019-cu il tarixli 2-1(82)-4199/2019 saylı qərardadlarının çıxarıldığı və bu qərardadlarda qeyd olunan tövsiyələrə riayət olunmasının nəzərə alınması, Bakı şəhəri Cavabdehnə ünvanlanmış 24 fevral 2019-cu il və 17 dekabr 2019-cu il tarixli müraciətlərin cavablandırılmaması hüquqi qiymətləndirilərək iddiaya mahiyyəti üzrə baxılmasının təmin edilməsi, hazırkı iddianın məhkəmə qərarının icrasından sonra icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində yarandığı nəzərə alınaraq mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə riayət olunması, icra məmuru tərəfindən «İcra haqqında» AR Qanununun 53.3-cü maddəsinin tələblərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıların hüquqlarının kobud surətdə pozulmasına dair sübutların mötəbərliyinin AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM)45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddəılərinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Qeyd olunmalıdır ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 90.2-ci maddəsinə əsasən vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Məhkəmə iddia ərizəsində cavabdeh qismində “Bakı şəhəri Cavabdeh icra məmuru”nun göstərilməsini İPM-in 13-cü maddəsinə müvafiq olaraq formal xəta kimi qiymətləndirmiş və icraatda cavabdeh inzibati orqan kimi “Bakı şəhəri Cavabdeh”ni qəbul etmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və onun mümkün sayılaraq təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Hazırkı işin halları ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində bir neçə tələb birləşdirilsə də, tələblərdən biri “icra məmurunun hərəkətlərinə qiymət verilməsi”, digəri “icra məmurunun qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə, qalan qismi isə “vəsatət” xarakterlidir. Mövcud qanunvericilik icra işi çərçivəsində icra məmurunun hərəkətlərindən şikayətə iddia qismində inzibati məhkəmə icraatı qaydasında baxılmasını yox, ona icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Halbuki, hazırkı işin bağlı olduğu müvafiq icra işi üzrə icra sənədi Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmişdir. İnzibati məhkəmə icraatı qaydasında “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddiaya baxıla bilər ki, bunun üçün də müvafiq mümkünlük şərtlərinin ödənilməsi vacibdir. Məhkəmə vurğulayır ki, hazırkı iddiada “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi də irəli sürülsə də, işin bəzi xüsusatları iddianın mümkünlük şərtlərinin ödənilməsini istisna edir. Belə ki, hazırkı iş üzrə iddiaçıların birgə iddiaçı kimi çıxış etməsi İPM-in 30-cu maddəsinin tələbləri ilə uzlaşmır. Bu qənaət ondan irəli gəlir ki, iddiaçılardan biri müvafiq icra işi üzrə tərəf (borclu), digəri isə onun ailə üzvü olsa da icra icraatına cəlb olunmamış şəxsdir. Bundan başqa, məhkəmədə hazırkı iddia qaldırılmamışdan əvvəl 17 dekabr 2019cu il tarixli ərizə ilə inzibati orqan kimi Bakı şəhəri Cavabdehnə hazırkı iddiaçılardan yalnız biri, yəni İddiaçı2 müraciət etmişdir. O, müraciətində digər iddiaçını ailə üzvü kimi göstərməklə onlara dəymiş ziyan məbləğinin ödənilməsini xahiş etsə də, inzibati icraat zamanı təmsilçiliyi təsdiq edən hallar (sənədlər) məhkəmə icraatında ortaya çıxmır. Həmçinin nəzərə alınmalıdır ki, həm inzibati orqan Bakı şəhəri Cavabdehnə ünvanlanmış 17 dekabr 2019-cu il tarixli müraciətdə, həm hazırkı iddia ərizəsində “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələb olunur, lakin ayrı-ayrı kateqoriyadan olan bu ziyan növlərinin hər biri üzrə tələbin məbləği açıqlanmamışdır, məbləğin ümumi şəkildə göstərilməsi isə, inzibati mübahisənin qanuni və ədalətli həllini mümkünsüz edir. Hazırda cavabdeh qismində çıxış edən inzibati orqana müraciətdə də bu məbləğlər açıqlanmadığından, İPM-in 13-cü maddəsi baxımından iddiaçı tərəfə “iddianın dəyişdirilməsi”nin tövsiyyə olunması məqsədəuyğun deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar