Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4293/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu yəni 20.11.2019-cu il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Yardımlı rayonunda doğulmuşdur. 01.09.1980-ci ildən 28.07.1981-ci ilə qədər Bakı şəhəri, 14 №-li Texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil almışdır. 04.10.1981-ci ildən 26.04.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 26.05.1983-cü ildən 09.09.1983-cü ilə qədər Bakı Gəmi təmiri zavodunda mexaniki sexdə 2-ci dərəcəli qaz qaynaqçısı, 06.10.1983-cü ildən 11.11.1983-cü ilə qədər Bakı Dəniz Ticarəti Limanında yük rayonunda doker mexanizator şagirdi, 11.11.1983-cü ildən 05.12.1983-cü ilə qədər sahildə yük rayonunda doker mexanizator şagirdi, 05.12.1983-cü ildən 16.12.1983-cü ilə qədər yük rayonunda doker mexanizator şagirdi, 16.12.1983-cü ildən 25.01.2016-cı ilə qədər doker mexanizator, 25.01.2016-cı ildən hazırki vaxta qədər isə "xxxx” MMC-də doker-mexanizator vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF- nin Xüsusi Şərtlər Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə 18.09.2020-ci il tarixli, **********8 №-li məktubla müraciətdə qeyd edilənlərin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. İşlədiyi "doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Hesab edir ki, qeyd edilən hal onun hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. 01.01.2006-cı ilə qədər təhsil, hərbi xidmət və iş stajı daxil olmaqla 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcuddur. İddia ərizəsinə əlavə edilmiş "xxxx” MMC tərəfindən tərtib edilmiş 25.08.2020-ci il tarixli, TCS-M-016/20 №-li Arayışdan görünür ki, onun "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin "C” yarımbəndinə əlavə edilən "yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker mexanizatorları)" qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verdiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 06 ay 00 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - “xxxx” MMC tərəfindən tərtib edilmiş 25.08.2020-ci il tarixli, TCS-M-016/20 №-li arayışdan görünür ki, İddiaçı 06.10.1983-cü il tarixindən bu günədək doker-mexanizator vəzifəsində işləmişdir. Hal-hazırda da bu vəzifədə işləyir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilən “yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorları)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 sentyabr 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki: - İddiaçı 01.09.1980-ci ildən 28.04.1981-ci ilə qədər Bakı şəhəri, 14 №-li Texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil almışdır. 04.10.1981-ci ildən 26.04.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 26.05.1983-cü ildən 09.09.1983-cü ilə qədər Bakı Gəmi təmiri zavodunda mexaniki sexdə 2-ci dərəcəli qaz qaynaqçısı, 06.10.1983-cü ildən 11.11.1983-cü ilə qədər Bakı Dəniz Ticarəti Limanında yük rayonunda doker mexanizator şagirdi, 11.11.1983-cü ildən 05.12.1983-cü ilə qədər sahildə yük rayonunda doker mexanizator şagirdi, 05.12.1983-cü ildən 16.12.1983-cü ilə qədər yük rayonunda doker mexanizator şagirdi, 16.12.1983-cü ildən 25.01.2016-cı ilə qədər doker mexanizator, 25.01.2016-cı ildən hazırki vaxta qədər isə "xxxx” MMC-də dokermexanizator vəzifəsində işləyir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 305/20 saylı arxiv arayışınnan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.09.1980-ci il tarixində keçmiş 14 №-li Texniki Peşə Məktəbinə “Qaynaqçı” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın 28.04.1981-cü il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə 8712 №li attestat verilmişdir. Keçmiş 14 №-li Texniki Peşə Məktəbi 1 №-li Bakı Peşə Liseyi adlandırılıb. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.05.1981-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, 06.05.1983-cü ildə hərbi xidmətini başa vurmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı 57 yaşı tamam olduğu yəni 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsini xahiş etmiş, lakin ona 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub - oİmamasıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan iş stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 01.09.1980-ci il tarixdən 28.04.1981-ci ilə qədər 14 nömrəli Texniki Peşə Məktəbində “qaynaqçı” ixtisası üzrə peşə təhsili almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin, iddiaçıya əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 1 ay 27 gün ümumi iş stajı movcuddur. Bundan əlavə Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, iddiaçı 26.05.1983-cü ildən 09.09.1983-cü ilədək 2-ci dərəcəli qaz qaynaqçısı vəzifəsində işləyib. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, qaz qaynaqçısı (23200000—11620) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 06.10.1983-cü ildən 16.12.1983-cü ilədək doker mexanizator şagirdi, 16.12.1983-cü ildən-01.01.2006-cı ilədək doker mexanizator vəzifələrində işləmişdir. İddiaçının işlədiyi “doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə həmçinin hesab edir ki, “doker-mexanizator” şagirdi ilə “dokermexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “dokermexanizator” şagirdi kimi iddiaçının işlədiyi dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 22 il 6 ay 8 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 20.11.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4293/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4293/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver