Məhkəmə qərarları › İş №2-1(112)-4294/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4294/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4294/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinasının qanunsuz hesab edilərək müraciət etdiyi xx.xx.2022-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. 62 yaşı tamamdır, 25 ildən artıq sığorta stajı və 17 il 01 ay 15 gün gözəştli şərtlərlə pensiya hüququ verən iş stajı vardır. İddiaçının yaşı və əmək stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verdiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajının xx.xx.2006-cı ildən xx.xx.2019-cu il tarixinədək olan müddətinin 05 il 11 ayı üçün onun fərdi sığorta hesabına işədiyi müəsisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənmədiyi, nəticədə həmin 05 il 11 ay nəzərə alınmadıqda məcburi dövlət sosial sığorta haqqı ödənilmiş güzəştli iş stajının 12 il 06 aydan az, yəni 11 il 01 ay 19 gün təşkil etdiyi göstərilmişdir. İddiaçı hesab edir ki, məcburi dövlət sosial sığorta haqqının işəgötürən tərəfindən ödənilməsi adından göründüyü kimi məcburidir və işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təmin etmək xx.xx.2018-ci ilə kimi Dövlət Sosial Müdafiə Fondunun və həmin tarixdən sonra isə Dövlət Vergilər Xidmətinin vəzifəsidir. Göründüyü kimi işlədiyi müəsisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı qanunvericiliyin tələbləri və iddiaçının hüququ pozularaq göstərilən müddətlərdə ödənməmişdir və qanununvericiliyə əsasən işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təmin etmək vəzifəsini daşıyan Dövlət Sosial Müdafiə Fondu və sonradan Dövlət Vergilər Xidməti tərəfindən qanunla üzərlərinə qoyulan vəzifə icra edilməmişdir və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün heç bir hüquqi tədbir görülməmişdir. Bununla da imtinada qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqının ödənilməməsini hüquqi vasitələrlə təmin etməməkdə cavabdeh təşkilat təqsirlidir və cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının cavabdeh Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı münasibətdə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə fərdi hesabının sığorta hissəsində ümumilikdə 5 il 11 ay (2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 10 ay, 2010-cu il üzrə 12 ay, 2011-ci il üzrə 12 ay, 2012-ci il üzrə 10 ay, 2013- cü il üzrə 3 ay, 2014-cü il üzrə 8 ay, 2015-ci il üzrə 7 ay və 2018-ci il üzrə 1 ay) sığorta ödənişi öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 1 ay 19 gün (xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2012xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2013 -xx.xx.2013-cü il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələri, 21-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının xx.xx.2006-xx.xx.2019cu illər arasındakı dövr üzrə fərdi hesabının sığorta hissəsində ümumilikdə 5 il 11 ay (2006cı il üzrə 2 ay, 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 10 ay, 2010-cu il üzrə 12 ay, 2011-ci il üzrə 12 ay, 2012-ci il üzrə 10 ay, 2013-cü il üzrə 3 ay, 2014-cü il üzrə 8 ay, 2015-ci il üzrə 7 ay və 2018-ci il üzrə 1 ay) sığorta ödənişi öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı və beləliklə güzəştli iş stajının 12 il 6 aydan az, 11 il 1 ay 19 gün təşkil etdiyi bildirilməklə ona güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. -AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. -A3E № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Komsomol” kolxozunda kolxozçu işləmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək “Komsomol” kolxozunda kolxozçu, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Sanqaçal daş karxanasında yük daşıyıcısı, xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Dəmir-Beton zavodunun “Azərnefttikinti” trestində qəlibçi (xx.xx.1993-cü il tarixdə “Azərnefttikinti” trestinin adı “Azərneftlayihətikinti” Birliyi olmuşdur), xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin 1 saylı Yol Təmir Tikinti sahəsində fəhlə, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək “Bakı Yol Tikinti” ATSCdə fəhlə, xx.xx.2019-cu il tarixdən hal-hazıradək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 №li X3 MMC-də fəhlə işləyir. -НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. -“Bakı Yol Tikinti” ATSC tərəfindən verilən 29 avqust 2022-ci il tarixli 08 saylı Arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən isti asfalt yayan fəhlə peşəsində xx.xx.2002-ci il-xx.xx.2003-cü il (işə girmə əmr № 48-k.xx.xx.2002 il, işdən çıxma əmr № 98-k, xx.xx.2003 il) və xx.xx.2004-cü il - xx.xx.2019-cu il (işə girmə əmr № 24-k, xx.xx.2004 il, işdən çıxma əmr № 26-k, xx.xx.2019-cu il) dövrlərində "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir. İşlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 17 il 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun isti asfalt yayılması üzrə fəhlə kimi fəaliyyət göstərməsidir. Azərbaycan Respublixası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli Qərarının 1 №-li Əlavəsinin 27-ci maddəsinin (kod 22900000 - Bina.qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri) «a» bəndinə (kod 2290000a-11140 asfalt-betonçular) əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 №li X3 MMC tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 15 saylı Arayışdan görünür ki, o, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən isti asfalt yayan fəhlə peşəsində xx.xx.2019 ildən hal-hazıradək (işə girmə əmr № 169, xx.xx.2019-cu il) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «2 № X3» Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. İşlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 3 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun isti asfalt yayılması üzrə fəhlə kimi fəaliyyət göstərməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 1 №-li Əlavəsinin 27-ci maddəsinin (Kod 22900000- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, təmiri) «a» bəndinə (Kod 2290000a - 11140 asfalt-betonçular) əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. -Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli məktubda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə sığortaedən "xxxx" ASC tərəfindən İddiaçı xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilmişdir. -“Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölməsindən alınmış cədvəl-məlumatdan görünür ki, iddiaçının gəlirindən xx.xx.2022-ci il tarixdən hazıradək işlədiyi sığortaedən “2 nömrəli X3” MMC tərəfindən İddiaçı xeyrinə 2019-cu ilin sentyabr ayından güzəştli pensiya almaq üçün cavabdehə müraciət etdiyi 2022-ci ilin avqust ayınadək məcburi dövlət sosial sığorta haqları mütəmadi ödənilmişdir. İşin hallarından müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla 62 yaşadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2020 - 30 iyun 2021-ci illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Həmin Qaydanın sosial sığorta stajının hesablanması adlanan 4-cü bəndinin 20-ci hissəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasından görünür ki, iddiaçıya müraciət etdiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. Bununla belə məhkəmə həmin xüsusatlara münasibətdə qeyd edir ki, iş materialları ilə məlum olur ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının pensiya yaşı 65 yaşda yaranır. İstinad olunan Qanunun 9.1-ci maddəsinin tələbləri baxımından iddiaçının yaş həddi 5 il azaldıldıqda, onun xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun Qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu görünür. Cavabdeh inzibati orqanın yeganə mübahisə etdiyi məqam iddiaçının xüsusi iş stajının yetərli olmamasıdır. Cavabdehin imtinasının əsasını xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasında müxtəlif vaxtlarda (ümumilikdə 5 il, 11 ay) iddiaçıya münasibətdə sosial sığorta haqları ödənilməməsi təşkil edir. Bu səbəbdən iddiaçının xüsusi iş stajının 11 il 1 ay 19 gün hesablanmışdır. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı bölməsində: a) fəhlələr: asfalt və beton döşəyənlər, asfalt və beton bişirənlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi Siyahıda adıçəkilən vəzifələrə uyğun olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. Məhkəmə iddiaçının imtina dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2019cu il tarixdən işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «2 № X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışı və sığortaolunanların fərdi hesab məlumatları ilə müəyyən edildi ki, iddiaçının işlədiyi isti asfalt yayılması üzrə fəhlə vəzifəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iş stajı 3 il 20 gün təşkil edir və həmin müddət ərzində onun gəlirindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr nəzərə alınmasa belə, iddiaçının qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (11 il, 1 ay, 19 gün + 3 il, 20 gün= 14 il, 2 ay, 9 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya müraciət etdiyi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 29 avqust 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar