Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4295/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilin sökülməsinə görə kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilin sökülməsinə görə kompensasiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 501/2011 saylı iş üzrə 4 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 57 kv.m-dən ibarət Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsində yerləşən 81 saylı evin 5 saylı mənzilinin sökülməsi nəticəsində hər kv.m üçün 1.500 manat olmaqla, ümumilikdə 85.500 manat məbləğində pul vəsaitinin Bakı ŞİH-dən alınaraq X6 ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar nəzərdə tutuluş kompensasiyaların ödənilməsi hazırki iş üzrə cavabdeh təşkilata həvalə edilmişdir. Bununla əlaqədar X4 etibarnamə üzrə nümayəndəsi ilə hazırkı İddiaçı arasında 22 may 2023-cü il tarixdə 14 saylı Notariat Ofisində tələb hüququnun ötürülməsi müqaviləsi bağlanmışdır. İddiaçı Həmin müqaviləyə əsasən X6 verilməli olan pul vəsaitinin alınması məqsədi ilə cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət etsə də, cavabdeh 20 noyabr 2023-cü il tarixli cavab məktubu ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məqsədilə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti və “Kapital Bank" ASC arasında bağlanan 28 dekabr 2022-ci il tarixli 1 nömrəli Xidmət Sazişinə əsasən "xxxx" ASC-nin Nəsimi filialında açılmış tranzit hesaba müəyyən edilmiş qaydada köçürülmüş maliyyə vəsaitindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 noyabr 2011-ci il tarixli qətnaməsinin və həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasının təmin edilməsi üçün 85.500 manat pul vəsaitinin X6 ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin Nəsimi filialında X4 adına açılmış hesab təqdim edildikdən sonra nəzərdə tutulan pulun bank vasitəsi ilə həmin hesaba köçürülməsi üçün tədbirlər görüləcəyi və bu səbəbdən tələb hüququnun ötürülməsi hüququ əsasında pul vəsaitinin İddiaçı ödənilməsindən imtina edilmişdir. Hesab olunur ki, cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin imtinası qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, X7 nümayəndəsi vasitəsi ilə bütün tələb hüquqlarını ona ötürmüş və həmin pul vəsaiti də ona (iddiçıya) ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193, 651-ci maddələrinə, İPM-in 2.2, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən X6 ayrılmış 85.500 manat pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəmə icraatının gedişində məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək «mənzilin sökülməsi nəticəsində X6 ödənilməli olan 85.500 manat kompensasiya məbləğinin 22 may 2023-cü il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-nin Nəsimi filialında mövcud olan (CİF: 3580106; SWİFT kod: AİİBAZ2X; benefisiarın hesabı: AZ38AİİB410100F**********111; müxbir hesab: AZ37NABZ********************) bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-501/2011 saylı iş üzrə 4 noyabr 2011-ci il tarixli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1298/2012 saylı iş üzrə 11 aprel 2012-ci il tarixli qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2907/12 saylı iş üzrə 15 avqust 2012-ci il tarixli qərarına və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli müvafiq icra vərəqəsinə əsasən X6 ödəniləcək 85.500 manat pul vəsaitinin 25 aprel 2023-cü il tarixli 7E-3356 reyestr nömrəli etibarnamə və Bakı şəhəri 14 saylı Notariat Ofisində 22 may 2023-cü il tarixli 3M-2410 reyestr nömrə ilə qeyd edilmiş “Tələb hüququnun ötürülməsi müqaviləsi” əsasında ona ödənilməsi barədə ərizə ilə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Departamentin 20 noyabr 2023-cü il tarixli 3-52-13/2-H-72-xx-xx/2023 saylı məktubu ilə müraciətə cavab verilərək bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- (006)-501/2011 saylı iş üzrə 4 noyabr 2011-ci il tarixli qətnaməsi ilə X4 xüsusi mülkiyyətində olan, ümumi sahəsi 57,0 kv.m olan Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsində yerləşən 81 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə əlaqədar hər kv.m-ə görə 1.500 manat olmaqla, ümumilikdə 85.500 manat pul vəsaitinin Bakı ŞİH-dən alınaraq iddiaçı X6 ödənilməsi qərara alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məqsədilə Bakı ŞİH və "xxxx" ASC arasında bağlanan 28 dekabr 2022-ci il tarixli 01 nömrəli Xidmət Sazişinə əsasən "xxxx" ASC-nin Nəsimi filialında açılmış tranzit hesaba müəyyən edilmiş qaydada köçürülmüş maliyyə vəsaitindən Bakı şəhəti Nəsimi Rayon Məhkəməsinin 4 noyabr 2011-ci il tarixli qətnaməsinin və həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasının təmin edilməsi üçün 85.500 manat pul vəsaitinin X6 ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin Nəsimi filialında X4 adına açılmış hesab təqdim edildikdən sonra nəzərdə tutulan pulun bank vasitəsilə həmin hesaba köçürülməsi üçün tədbirlər görüləcəkdir. Ona görə də 22 may 2023-cü il tarixli 3M-2410 reyestr nömrə ilə qeydə alınmış “Tələb hüququnun ötürülməsi müqaviləsi” əsasında pul vəsaitinin ödənilməsini təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən filialda X4 adına açılmış hesab təqdim edildikdən sonra ödənişin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə İddiaçı müvafiq məsələ ilə bağlı cavabdeh orqana müraciət etməsini, eləcə də, mübahisə obyekti olan pul vəsaitinin tələb hüququnun ona ötürülməsi barədə 22 may 2023-cü il tarixli müqavilənin bağlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 501/2011 saylı iş üzrə 19 dekabr 2011-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 xüsusi mülkiyyətində olan, ümumi sahəsi 57 kv.m olan, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsində yerləşən 81 saylı evin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş 5 saylı mənzilinin dəyəri hər kv.m-nə 1.500 manat olmaqla (57 kv.m x 1.500 nanat) ümumilikdə 85.500 manat və ödənilmiş 20 manat dövlət rüsumunun Bakı Şəhər İcra hakimiyyətində alınaraq iddiaçıya ödənilməsi nəzərdə tutulur. İş materiallarından görünür ki, X7 ilə İddiaçı arasında 22 may 2023-cü il tarixdə “Tələb hüququnun ötürülməsi müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərində aşağıdakılar nəzərdə tutulur: - (1.1) X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 noyabt 2011-ci il tarixli 2(006)- 501/2011 saylı icra vərəqəsinə və Bakı ŞİH Mənzi Kommunal Təsərrüfatı Departamentinin 18 mart 2023-cü il tarixli 3-52-13/2M-xx-xx/2023 nömrəli məktubuna əsasən ona (X6) ödənilməli olan 85.500 manat məbləğində pula olan tələb hüququnu İddiaçı mülkiyyətinə verir; - (1.2) Hacıyev X1 David İsakoviçdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 noyabr 2011-ci il tarixli 2(006)-501/2011 saylı icra vərəqəsinə və Bakı ŞİH Mənzi Kommunal Təsərrüfatı Departamentinin 18 mart 2023-cü il tarixli 3-52-13/2M-xx-xx/2023 nömrəli məktubuna əsasən X6 ödənilməli olan 85.500 manat məbləğində pula olan tələb hüququnu öz mülkiyyətinə qəbul edir; - (1.3) İddiaçı qəbul etdiyi tələb hüququ üzrə əldə edəcəyi 85.500 manat pul vəsaitini əldə etdikdən sonra həmin məbləği X6 ödəməyi öhdəsinə götürür; - (2.1) Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Həmin Məcəllənin 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, X5 hazırkı iddiaşı İddiaçı arasında bağlanmış 22 may 2023cü il tarixli “Tələb hüququnun ötürülməsi müqaviləsi”ndə əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə müqavilə ləğv edilmədiyindən və etbarsız sayılmadığından, bu sənəd mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı sayılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürmüşdür ki, Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 81 saylı evin 5 saylı mənzilin sökülməsi nəticəsində mənzil mülkiyyətçisinə kompensasiya qismində 85.500 manat pul vəsaitinin ödənilməsi mübahisələndirilməyən hal olduğundan və həmin kompensasiya məbləğinin ödənilməsini tələb hüququ mülkiyyətçi ilə hazırkı iddiaçı arasında bağlanmış 22 may 2023-cü il tarixli müqavilə əsasında iddiaçıya ötürüldüyündən, iddiaçı kompensasiya məbləğini hazırkı cavabdeh inzibati orqan Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentindən tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuna zidd qiymətləndirir və hesab edir ki, iddianı əsaslı sayır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 81 saylı evin ümumi sahəsi 57 kv.m olan 5 saylı mənzilin sökülməsi nəticəsində X6 ödənilməli olan 85.500 manat kompensasiya məbləğinin 22 may 2023-cü il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında mövcud olan (CİF: 3580106; SWİFT kod: AİİBAZ2X; benefisiarın hesabı: AZ38AİİB410100F**********111; müxbir hesab: AZ37NABZ********************) bank hesabına köçürülməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 81 saylı evin ümumi sahəsi 57 kv.m olan 5 saylı mənzilin sökülməsi nəticəsində X6 ödənilməli olan 85.500 manat kompensasiya məbləğinin 22 may 2023-cü il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-nin Nəsimi filialında mövcud olan (CİF: 3580106; SWİFT kod: AİİBAZ2X; benefisiarın hesabı: AZ38AİİB410100F**********111; müxbir hesab: AZ37NABZ********************) bank hesabına köçürülməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4295/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4295/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver