Məhkəmə qərarları › İş №2-1(112)-4298/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4298/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4298/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının vəkili X1 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 10; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 19\1, mənzil 25; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Mərkəzi Bankında inzibati icraat və məhkəmə işləri şöbəsində hüquq məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına 3-cü şəxs - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qarşı “iddiaçının adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (3-cü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri çərçivəsində xx.xx.2015-ci il tarixli, YA-432/15 saylı plastik kart kredit müqaviləsi üzrə kompensasiyanın hesablanaraq, kompensasiya alınması ilə bağlı siyahıya daxil edilməklə ödənilməsi öhdəliyinin cavabdeh Mərkəzi Bankına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ilə hazırda ləğv prosesində olan ("xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli YA-432/15 saylı plastik kart kredit müqaviləsinə əsasən bank iddiaçıya 12 (on iki) ay müddətinə xx.xx.2016-cı il tarixinədək 24% dərəcəsi ilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit vermişdir. O, müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə üzrə öhdəliklərini (son ödənişi xx.xx.2016-cı il tarixində 829 manat ödəməklə) tam şəkildə icra edərək, banka olan borcunu vaxtında və lazımı qaydada ödəmişdir. Hamıya bəlli olan haldır Respublikada xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə iki dəfə devalyasiya baş vermiş, birinci devalyasiyada 1 ABŞ dolları 1.05 manat, ikincidə isə 1.55 manat məbləğində müəyyən edilmişdir. Əhalinin maddi vəziyyətini və devalyasiyalar nəticəsində zərərə uğramasını nəzərə alaraq, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanla müvafiq kompensasiya məbləğlərinin ödəniməsini AR Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. İddiaçı bankla arasında bağlanmış kredit müqaviləsinin xx.xx.2015-ci il tarixində bağlanması nəzərə alınsa, fərmanın 1.2-ci bəndi tətbiq edilməklə, 1 ABŞ dollarına 0,6 manat kimi (5.000x0.60=3.000) müəyyən edilməklə AR Mərkəzi Bankı tərəfindən mənə 3.000 (üç min) manat məbləğində kompensasiya ödənilməli idi. Lakin hesab edir ki, hər bir halda qeyd olunan məbləğlər AR Mərkəzi Bankı tərəfindən dəqiq hesablana bilər. İddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, AR Maliyyə Bazarlarına Nəzarət Palatası ona kompensasiya ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan “Texnikabank" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 16-03784-2021 nömrəli məktubla bildirmişdir ki, hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də xx.xx.2015-ci il tarixdə kredit müqaviləi bağlanılmış və borc öhdəlikləri İddiaçı tərəfindən tam şəkildə icra edilmişdir. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 4.077,82 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Beləliklə, sözügedən kredit müqavilələrinin həqiqətən də ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.446,69 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İş materiallarından görünür ki, ləğv prosesində olan "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********511 nömrəli məktubla xx.xx.2015-il tarixli, YA-432/15 saylı kredit müqaviləsinin təsdiq olunmuş surətini və digər sənədlər məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli YA-432/15 saylı plastik kart kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" ASC İddiaçı adına 12 ay müddətinə xüsusi kart hesabı üzrə 5 000 (beş min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Beləliklə, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli YA-432/15 saylı plastik kart kredit müqaviləsi bağlanılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli YA-432/15 saylı plastik kart kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı adına 12 ay müddətinə xüsusi kart hesabı üzrə 5 000 (beş min) ABŞ dolları məbləğində kredit xəttinin açması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar