Məhkəmə qərarları › İş №2-1(112)-4298/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4298/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4298/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2024-cü il tarixdə 26 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına “Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurmağı barədə diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 2024-cü il tarixədək Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsil almışdır. Bununla bağlı həmin təhsil müəssisəsindən ona 06 iyun 2024-cü il tarixdə diplom da verilib. Təhsil müddətində işlədiyi xidmətin rəhbəri, yəni Fövqəladə daxili xidmət general-mayoru Füzuli Əsədov tərəfindən əmr də imzalanmışdır. COVİD-19 bütün dünyada tüğyan etdiyi dövrdə, Rusiya Federasiyasının Baş X5 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1.Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1.Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Bu tövsiyələr adını yuxarıda qeyd etdiyim universitetdə təhsil aldığı müddətdə, həmçinin hal-hazırda da davam edir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözügedən universitetə getməmişdir. 06 iyun 2024-cü il tarixdə 26 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 Mühafizə Xidməti Universitetinin” Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün ona diplom verilmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cababdeh-Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən xx.xx.2024-cü il tarixli NA00033375 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Belə ki, adını yuxarıda qeyd etdiyi universitetdə distant təhsil aldığı dövrdə həmin ölkəyə gedib-gəlməyi mümkün deyildi.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə NA00033375 nömrəli qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil piİləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2018/2019-cu tədris ili üzrə - 28 gün, 2019/2020-ci tədris ili üzrə - getməyib, 2020/2021-cü tədris ili üzrə - getməyib, 2021/2022-cü tədris ili üzrə getməyib, 2022/2023-cü tədris ili üzrə - getməyib, 2023/2024-cü tədris ili üzrə -1 ay, 24 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013- cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nın 3cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 Sistemindən (İAMAS) olan çıxarışa əsasən İddiaçı Gürcüstan Respublikasına çıxışı xx.xx.2014 – Gürcüstan Respublikasından girişi xx.xx.2014, Rusiya Federasiyasına çıxışı xx.xx.2019 - Rusiya Federasiyasından girişi xx.xx.2019, Gürcüstan Respublikasına çıxışı xx.xx.2019 - Gürcüstan Respublikasından girişi xx.xx.2019, Rusiya Federasiyasına çıxışı xx.xx.2023 - Rusiya Federasiyasından girişi xx.xx.2023, Rusiya Federasiyasına çıxışı xx.xx.2024 - Rusiya Federasiyasından girişi xx.xx.2024-cü il tarixlərində olmuşdur

6. “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin Rusiya Federasiyası qəhrəmanı, ordu generalı Y.N.Ziniçev adına Sanktt-Peterburq Universiteti” Federal Dövlət büdcəli ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 107834 ******* qeydiyyat nömrəli bakalavr diplomundan görünür ki, İddiaçı hüquqşünas - 45.05.01 ixtisası – Milli təhlükəsizliyin hüquqi təminatı üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İş materiallarından göründüyü kimi, İddiaçı hüquqşünas - 45.05.01 ixtisası – Milli təhlükəsizliyin hüquqi təminatı istiqaməti üzrə distant təhsil texnologiyalarından istifadə edərək “Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 Mühafizə Xidməti Universiteti” Federal dövlət büdcəli ali təhsil müəssisəsində qiyabi forma üzrə təhsil almışdır.

15. Cavabdehin xx.xx.2024-cü il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə NA00033375 nömrəli qərarı ilə ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Həmin qərara əsasən iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir.

16. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.

17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

19. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

21. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən edilir.

22. Belə ki, iddiaçı təhsil aldığı ölkədə İ tədris ili üzrə - 28 gün, İİ tədris ili üzrə - getməyib, İİİ tədris ili üzrə - getməyib, İV tədris ili üzrə - getməyib, V tədris ili üzrə - getməyib və Vİ tədris ili üzrə - 1 ay, 24 gün, ümumilikdə isə 2 ay 22 gün olmuşdur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

24. İddiaçının iddia ərizəsində olan əsas dəlillərindən biri də ondan ibarətdir ki, qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

25. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

26. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

27. Məhkəmə, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı sözügedən tələblərə riayət etməmişdir.

28. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar