Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4299/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X1rşı “budama işlərinin aparılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək yaşı məlum olmayan tut ağacının təhlükəsizliyi qorumaq şərti ilə budama işlərinin görülməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin üzərinə qoyuması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 11 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Həmin yaşadığı ərazidə yaşı məlum olmayan tut ağacı təhlükəli vəziyyətdədir. Hər an iddiaçı, ailə üzvü və yoldan keçən vətəndaşlara xəsarət yetirə bilər. Dəfələrlə yaşıllaşdırma idarəsinə müraciət etməyinə baxmayaraq bir dəfə gəlmişdirlər. Bir-iki budaq kəsib getmişdirlər. Amma ağac hələ də təhlükəli vəziyyətdədir. Yaşıllaşdırma İdarəsi dəfələrlə söz versə də, budama işləri aparmayıblar. Amma müraciətlərinə cavab olaraq bildirilmişdir ki, vətəndaşların narazılığına görə budama işləri apara bilməyiblər. İdarənin qeyd etdiyi vətəndaşlar bir an və üç qız övladıdır. 4 vətəndaşın etirazına görə iddiaçının evi ailəsi hər an təhlükə ilə üz-üzə qalıb. Hətta evdə yaşamaq çöx təhlükəlidir.
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nərimanov rayonu, Aşıq Qərib 93 A ünvanında təhlükəli Tut ağacının budanması barəsində Bakı şəhər İcra Hakimiyyətindən xx.xx.2024-cü il tarixli, 3-52/1-A-9-144/2024 saylı dərkənarla Bakı şəhər icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə daxil olmuş müraciətə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd olunan ünvandakı sanitar budama işləri mütəxəssisləri tərəfindən icra olunmuşdur. Qeyd edilmişdir ki, yaşıllıqlara budama xidməti onun bioloji inkişafına zərər yetirilməyəcək şəkildə göstərilir. Eyni zamanda həmin ünvanda yaşayan digər sakinlərin etiraz ərizəsinə və həmin ünvanda iş gedən zaman vətəndaşların narazılığına, hüquq mühafizə orqanlarına müraciət etmələrinə əsasən həmin ağaca artıq budama xidməti göstərilə bilinmir.
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin xx.xx.2023-cü il tarixli yaşılıqla bağlı müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanındakı tut ağacının götürülməsinə rəy verilməsi barədə 2023cü il 12 oktyabr tarixli, 03/412 nömrəli məktubuna baxılmışdır. Məsələ ilə bağlı 11 saylı RETSİ tərəfindən tərtib edilmiş (2023-cü il 26 oktyabr tarixli, 26/1401 /d nömrəli məktubla daxil olmuş) 2023-cü il 24 oktyabr tarixli, 812 nömrəli baxış aktında sözügedən ünvandakı 1 ədəd tut ağacının köküstə yaş vəziyyətdə və bioloji inkişafda olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, yaşıllıqların qorunması və mühafizəsi məqsədi ilə köküstə yaş vəziyyətdə, bioloji inkişafda olan və aqrotexniki qulluq göstərilməklə təhlükəsiz vəziyyətə gətirilməsi mümkün olan yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məqbul hesab edilmir və sözügedən işlərin icrası müvafiq torpaq mülkiyyətçisi tərəfindən təmin edilməlidir. Odur ki, sözügedən ünvandakı 1 ədəd tut ağacı köküstə yaş vəziyyətdə və bioloji inkişafda olduğundan zəruri qulluq göstərilərək köküstə inkişafda qalması təmin edilməlidir. Ekoloji tələblər: Müvafiq torpaq mülkiyyətçisi ərazisindəki yaşıllıqların zəruri tədbirlər görülərək köküstə inkişafda qalmasını təmin etməlidir. Yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi yalnız onların mühafizəsi və inkişafına xidmət etməli və işlərin icrası bitkilərin bioloji inkişaflarına ziyan vurulmadan həyata keçirilməlidir. Qeyd: Ağacın köküstə inkişafda qalması barədə rəsmi məlumat (təsdiqi sənədlərlə) aidiyyəti üzrə 11 saylı RETSİ-yə təqdim edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, evinə dair mülkiyyət hüquqlarını təsdiqləyən sənədi yoxdur. 1979-cu il tarixində həmin evdə yaşayır. Hazırki iddianı qaldırmaqda məqsədi onun ailəsi üçün təhlükəli vəziyyət yaradan ağacın götürülməsidir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, qanunvericiliyə əsasən iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy almalıdır. Daha sonra sərəncam əsasında yaşıllığın götürülməsi həyata keçiriləcəkdir. Həmçinin ağac inkişafda olan ağacdır.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi" Qaydası: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X4sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X4sının obyekti olan və X4sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. 2.5-1. Yaşıllıqların götürülməsi barədə müraciətə əlavə olunan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.
11. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən iddiaçıya həm yazılı qaydada hüquqi yardım məktubu göndərilmiş, həm də məhkəmə iclasında hüquqi marağına uyğun hüquqi müdafiə vasitəsi izah edilmişdir. 12.Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq yuxarıda qeyd edilən Qaydaların 2.5-ci bəndinə əsasən ərizə ilə (müvafiq təsdiqedici sənədlərlə birlikdə yaşıllığın götürülməsini əsaslandırılmaqla) yerli icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, sonuncu isə öz növbəsində apardığı inzibati icraatın nəticəsindən asılı olaraq yaşıllığın götürülməsi ilə bağlı (və ya bundan imtina haqqında) qərar edə bilər.
13. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquqi müdafiə vasitəsi Nərimanov Rayon İcra Hakimiyyətinə və ya Nərimanov Rayon Bələdiyyəsinə yaşıllığın götürülməsi barədə qərar qəbul edilməsinə dair yuxarıda qeyd edilən qaydada ərizə ilə müraciət etməkdir.
14. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva