Məhkəmə qərarları › İş №2-1(112)-43/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-43/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-43/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" (üçüncü şəxs:Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyinə) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" (üçüncü şəxs:Dövlət Neft Şirkəti) barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Hövsan bağ massivindəərazisində yerləşən “Gəmitəmirçi” bağçılıq yoldaşlıq cəmiyyətinin 04 nömrəli xx.xx.1987-ci il tarixli qərarı ilə ayrılmış A-27 saylı 0,05 ha torpaq sahəsinn Hüseynov Elman Vəkil oğluna məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbinə dəqiqləşmə barədə oxşar məzmunlu ərizə 02 dekabr 2022-ci il tarixli məhkəmə iclasında da təqdim edilmiş, ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə həmin məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin məxsus olan hüququn növünün müəyyən edilməsi zərurəti ilə bağlı hüquqi yardımına uyğun olaraq sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Hövsan bağ massivində yerləşən A-27 saylı torpaq sahəsinə mülkiyyət hüququnun Hüseynov Elman Vəkil oğluna məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı 1977-ci il tarixdə Gəmi Təmirçi Zavodunda işə qəbul edilmiş, hərbi xidmətə yollanmış, qayıtdıqdan sonra da X3 İstehsalat Birliyində işləmişdir. 1985-ci il tarixdə bağçılıq yoldaşlıq təşkil edilmiş və onun həyat yoldaşına da bağ sahəsi ayrılmış, buna dair üzvlük kitabçası verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsi ayrıc aktından kənarda olmaqla Dövlət Neft Şirkətinin ərazisinə düşür. İddia ərizəsinə etiraz: Tərəflər izahatları: İddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Protokoldan çıxarışda qeyd edilmişdir ki, 0,05 ha torpaq sahəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığın üzvü kimi mərhum E.Hüseynova ayrılmışdır. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının adı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməmişdir. Bağ sahəsi ayrıc aktından kənarda olmaqla Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Notariat ofisinin məktubundan görünür ki, iddiaçı E.Hüseynovun vəfatı ilə əlaqədar vərəsə qismində tanınması üçün müraciət etmişdir. 01 sentyabr 2013-cü il tarixli üzvlərin siyahısından görünür ki, E.Hüseynovun adı həmin siyahıda 83-cü sırada öz əksini tapmışdır. Üzvlük kitabçasında qeyd edilmişdir ki, A-27 saylı bağ sahəsi E.Hüseynova ayrılmışdır. 29 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi ayrıc aktından kənarda Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşir. Dövlət Neft Şirkətinin 05 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddia olunan ərazi Sazişə əsasən “X2” Limited Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilindədir. Müayinə aktından görünür ki, torpaq sahəsində tikili mövcud deyil. Bağçılığa dair arxiv qovluğunun əslinə baxış keçirilmiş və surəti iş materiallarına daxil olan sənədlərdən görünür ki, üzvlərin siyahısında iddiaçının yoldaşı E.Hüseynovun adı olmamışdır. Kəmalə Əhmədovanın cavabdehə müraciətində qeyd edilmişdir ki, məhkəmə qətnamələrinə məhəl qoyulmadan saxta sənədlər əsasında müxtəlif şəxslərə, o cümlədən Elman Hüseynova torpaq sahəsinin ayrılmasına cəhd edilir. Ekspert rəyində qeyd edilmişdir ki, iddia olunan bağ sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur bağçılıq-yoldaşlıq tərəfindən torpaq sahəsinin ayrılmasına dair protokoldan çıxarış və üzvlük kitabçası mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsası qismində müəyyən edilsə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinə dair adıçəkilən sənədlər hüququn qeydiyyatı üçün də əsas ola bilməz. Belə ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda olmaqla Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşmə təyinatı baxımından yaşayış məntəqələri üçün nəzərdə tutulmuş torpaq sahəsi olmamaqla neft hasilatı üçün nəzərdə tutulmuş torpaq sahəsidir. İddiaçının həmin torpaq sahəsindən yaşayış məntəqəsi kimi istifadəsi də həmin torpaq sahəsinin təyinatının legitim dəyişikliyi mənası daşımamaqla faktiki olaraq torpaq sahəsinin hüquqi baxımından təyinatı üçün istifadəsinə maneə qismində çıxış etməkdədir. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin: M a d d ə 1 . Azərbaycan Respublikasının torpaq qanunvericiliyi

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. M a d d ə 2 . Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. M a d d ə 1 0 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. M a d d ə 1 8 . Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. M a d d ə 2 2 . Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 7 3 . Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:

Əvvəllər qüvvədə olmuş Torpaq Məcəlləsinin: M a d d ə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi onun əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə birlikdə Azərbaycan Respublikası ərazisində torpaq münasibətlərini nizama salır və vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların torpaq hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına, torpaq üzərində mülkiyyətin müxtəlif formalarının tətbiqi əsasında torpaqda təsərrüfatçılığın müxtəlif növlərinin səmərəli inkişaf etdirilməsinə və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qanunçuluğun möhkəmləndirilməsinə yönəlmişdir. M a d d ə 5. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: 2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; 3) sənaye, nəqliyyat, rabitə, müdafiə ehtiyacları üçün və başqa təyinatlı Maddə 69. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilindəki bütün torpaqlar şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin torpaqları hesab edilir və müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin ixtiyarındadır. Maddə 81. Sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar Qeyri-kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına tapşırılmış vəzifələri həyata keçirmək üçün müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən onların istifadəsinə və ya icarəsinə verilmiş torpaqlar aidiyyəti üzrə sənaye, nəqliyyat, rabitə və başqa təMinatlı torpaqlar sayılır. Qeyd olunmalıdır ki. torpaq sahəsindən məqsədli təyinatına istifadə etmək mülkiyyətçi və istifadəçi qismində fiziki şəxsin də məsuliyyət sferasına aiddir ki, həmin səlahiyyətlərin yerinə yetirilməməsi nəinki hər hansı hüququn tanınmasından imtinaya, hətta tanınmış hüquqdan məhrum edilməyə belə səbəb ola bilər. Hazırkı işdən də göründüyü kimi Bağçılıq-yoldaşlıq ona ayrılmış ümumi ərazidən kənar, yəni ayrıc aktından kənar hissəyə dair torpaq sahəsini ayırmaqla Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsini yaşayış məntəqələri kateqoriyasına aid torpaq kimi istifadəsinə səbəbiyyət verən hərəkətlər etməklə nəinki dövlət, eləcə də iddiaçı və Dövlət Neft Şirkətinin maraqlarının pozuntusuna səbəb olmuşdur. Halbuki, neft hasilatı üçün nəzərdə tutulmuş torpaq sahələri sənaye təyinatlı torpaq sahəsi olmaqla məqsədli təyinatına uyğun istifadə edilməlidir ki, dövlətin müstəsna səlahiyyətində olan həmin torpaq sahələrinin kateqoriya dəyişikliyi edilmədən fiziki şəxslərə yaşayış üçün verilməsi təhlükəsizlik baxımından da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, “Texniki təhlükəsizlik haqqında» Qanunun əlavəsinə əsasən neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin Siyahısı”nın: Təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:

6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri üzrə: 6.1. geoloji kəşfiyyat işlərində istifadə olunan dağ-mədən kompleksləri; 6.2. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri; 6.3. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının işlənilməsi ilə bağlı qazma, istismar, geofiziki tədqiqatlar və lay təzyiqinin saxlanılması obyektləri; 6.4. mədəndaxili və mədənlərarası neft, qaz və lay suyunun yığılması, hazırlanması və nəqli obyektləri; 6.5. qaz emalı və helium istehsalı zavodları, neft və qazın kompleks hazırlanması və separasiyası məntəqələri, nasos və kompressor stansiyaları, rezervuar-çən parkları, dənizdə neftçıxarma kompleksləri; 6.6. magistral neft-qaz boru kəmərlərinin istismarı ilə əlaqədar neftvurma və qaz kompressor stansiyaları, kondensatın saxlanması və qazsızlaşdırılması üçün çənlər, neftin və neft məhsullarının, kondensatın və maye karbohidrogenlərin yeraltı anbarları, kompressor və qazpaylayıcı stansiyalar, neft və neft məhsullarının qızdırılma məntəqələri. Göründüyü kimi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələri neftqazçıxarma sənayesi üzrə müvafiq işlərin görülməsinə xidmət edən torpaq sahələridir ki, bağçılıq-yoldaşlıq tərəfindən həmin sahə ilə bağlı qərar qəbul edilmiş, bu zaman həmin torpaq sahələri ilə bağlı hal-hazırda yaşayış məntəqələri kimi ərazinin istifadəsinə baxmayaraq mövcud ola biləcək təhlükə potensialı nəzərə alınmamışdır. Digər bir nəzərə alınmayan cəhət isə dövlətin səlahiyyətli qurumu kimi Dövlət Neft Şirkəti ilə bağlanılmış beynəlxalq müqavilənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin sahə beynəlxalq müqavilənin tələblərinə uyğun olaraq “X2 Limited” şirkətinin istifadəsinə verilmişdir. Hazırkı halda torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı isə həmin Şirkətin də hüquq və mənafelərinin pozuntusuna səbəb olur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı baxımından hüququnun həmin şəxsdən üstünlüyü müəyyən edilmir. Əksinə dövlətin öhdəliyi kimi beynəlxalq razılaşma əsasında sahənin istifadəsi Şirkətə verilmişdir ki, faktiki olaraq həmin torpaq sahəsinin şirkətin istifadəsində olmaması da razılaşmanın icrasını daha da çətinləşdirəcək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair iddianın təminini istisna edən hallardan biri qismində çıxış edir. Daşınmaz əmlakın dövlət qeydiyyatını tənzimləyən qanunvericiliyin birmənalı tələbi isə ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına təqdim olunmalıdır. Lakin iddiaçı həmin maddədə müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmiş, onun təqdim etdiyi sənədlər yuxarıda göstərilən səbəblərdən qanuna uyğun hüquqmüəyyənedici sənəd xüsusiyyətinə malik olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1619/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, iddianın rədd edilməsi barədə qərarı qüvvədə saxlayan apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmiş, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-308/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə olan torpaq sahəsidir. Göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsi kateqoriyasına görə sənayə torpaqlarına aiddir və NQÇİ-nin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. İddia olunan bağ sahəsinin ayrıc aktından kənarda olmasına da münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal iddiaçının təqsir sferasına daxil olmasa da, bağçılıq-yoldaşlığın səlahiyyətdən kənar qaydada ona ayrılmış ərazi olmayan hissədən torpaq sahəsinin qanunsuz olaraq ayırması faktını istisna etmir. Ayrıc aktının terminoloji olaraq məzmunundan da görünür ki, həmin akt bağçılıq-yoldaşlığa üzvlərinə verilməsi üçün ayrılan ərazini ehtiva edir ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də göründüyü kimi iddiaçının istifadəsində olan sahə bağçılıq-yoldaşlığın ayrıc aktından kənardır, yəni onun torpaq ayırma səlahiyyətlərindən kənar ərazidədir, həmçinin də həmin ərazi digər şəxsin mülkiyyətindədir. Ali Məhkəməsinin 2-1(102)-1015/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin iş üzrə vətəndaşın iddia etdiyi torpaq sahəsinin bağçılıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi ekspert rəyi ilə təsdiq olunmuş, bununla da vətəndaşın iddia etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi əsaslı hesab olunmuşdur. Eləcə də Ali Məhkəmənin 2-1(102)-2201/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyrimötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilkin üzvlərin siyahısında olmamış, özünün də bildirdiyi kimi sonradan siyahıda daxil edilmişdir, odur ki, iddiaçının üzvlərin siyahısına sonradan daxil edilməsinin qanuniliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və buna hüquqi qiymət verilməli idi. Mübahisələndirilən torpaq sahəsinin “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə cavabdehin dəlili də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Ali Məhkəmənin 2-1(102)-780/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı halda, həm cavabdeh və iddiaçı tərəfindən kollektivin üzvlərinin siyahısının təqdim edilməməsi, həm də məhkəmə araşdırması ilə kollektiv üzvlərinin siyahısının aşkar edilməməsi halı iddiaçının xeyrinə o halda şərh edilə bilərdi ki, iddiaçıya məxsus üzvlük kitabçası və ya torpaq sahəsinin iddiaçıya ayrılması barədə iclas protokolunun həqiqiliyi şübhədənkənar olsun və mötəbərliliyi müəyyən edilsin. Qeyd olunanlar ümumilikdə araşdırıldıqda məhkəmə torpaq sahəsinin ayrılması barədə üzvlük kitabçası, protokoldan çıxarış və üzvlərin iddiaçıda mövcud olan siyahısının mötəbərliyinə şübhə ilə yanaşır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi əslinə baxış keçirilmiş surəti iş materiallarında olan bağçılıq-yoldaşlığın sənədləri içərisində iddiaçı tərəfindən təqdim edilmiş siyahı mövcud olmamış, qovluqda olan siyahıda isə iddiaçının mərhum yoldaşının adı öz əksini tapmamış, iddiaçının mərhum yoldaşının adına torpaq sahəsinin ayrılmasına dair protokoldan çıxarış da aşkar edilməmişdir. İddiaçıda mövcud olan protokoldan çıxarış 14 dekabr 1987-ci il tarixli 04 nömrəli protokolndan çıxarışdır ki, latın hərfləri ilə əksini tapmış həmin çıxarışın hansı sənədlər əsasında təsdiq edildiyi aydın olmamış, eləcə də 01 sentyabr 2013-cü il tarixli olan iddiaçı tərəfindən təqdim edilmiş üzvlərin siyahısının mötəbərliyi şübhəli olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxslərin hüquq və maraqlarının pozulmasına səbəb olmayan iddiaçının təqsir sferasından kənar həmin halların onun xeyrinə şərh edilməsi mümkün ola bilərdisə mötəbərliyi şübhə doğuran həmin sənədlərin ayrıc aktından bağçılıq-yoldaşlığın kənar ərazidə bağ sahəsi ayrılması digər şəxsin hüquq və mənafelərini pozulması ilə nəticələnmişdir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, göstərilən hal bağçılıq-yoldaşlığa ayrılmış ərazidən kənarda yerləşən Dövlət Neft Şirkətinin istifadəsində olmalı olan torpaq sahəsinə dair torpaq ayırma sənədlərinin mötəbərliyinə şübhə altına alır. Məhkəmə hesab edir ki, bu zaman bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında da iddiaçının adının aşkar edilməməsi torpaq ayırma ilə bağçılıq-yoldaşlığın səlahiyyətlərinin düzgün yerinə yetirilmədiyinin müəyyən edilməsinə əsas yaradır. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 50 manat ekspertiza xərci mövcud olmuş, iddianın isə rədd edilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar