Məhkəmə qərarları › İş №2-1(112)-4300/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4300/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4300/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 10.06.N2-ci il tarixdən 05.09.N2-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olub. Göstərilən müddətlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyi hərbi biletində qeyd olunanlar və arxiv arayışında göstərilənlər əsasında sübuta yetirildiyinə görə ona “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmamışdır.

3. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya etirazda iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair məlumat olmadığından iddianın rədd edilməli, komissiyanın bu barədə qərarının əsaslı olduğu bildirilir.

II. İddianın növü və mümkünlüyü

4. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

5. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

7. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Cavabdeh tərəfindən iddiaçıya 25.01.2021-ci il tarixdə verilmiş cavabda bildirilir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi verilməsi barədə müraciəti hərbi xidmətdən qanuni əsaslarla tərxis olunma barədə məlumat olmadığından məqsədəuyğun deyildir. İddiaçı 12.02.2021-ci il tarixdə məhkəməyə qeyd edilən tələblə müraciət etmişdir.

9. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilən 29.06.2017ci il tarixli arxiv arayışına əsasən, praporşik İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 01 nömrəli əmrilə (əsas: pr-1, səh-1, sıra-6) şəxsi heyət sırasına, bütün növ təminatlara salınmaqla, tibb xidməti rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixədək və N nömrəli hərbi hissə komandirinin N2-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində pr-k Ə.M.Məmmədovun sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır.

12. İddiaçı hərbi biletinin tərcümə edilərək notariat qaydasında təsdiq edilmiş surətinə əsasən (17-ci bənd-hərbi dövrdə xidmət), o, sıravi olaraq 11.06.N2-ci il tarixdə hərbi hissəyə qəbul edilib, 05.09.N2-ci il tarixdə hərbi hissədən xaric edilmişdir. Həmin qeyd N nömrəli hərbi hissə komandirinin p-k Rzayev imzası ilə təsdiq edilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilən 01.04.2021-ci il tarixli cavab məktubuna əsasən, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı may 1974-cü ildən iyun 1976-cı il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. 01.06.N2-ci il tarixdən 05.09.N2-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Laçın və Ağdərə rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən məhkəməyə göndərlən məlumata əsasən, 713 (N nömrəli hərbi hissənin tərkibində) 19.11.N1-12.05.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: 29.08.N7ci il tarixdə Silahlı Qvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”.

15. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilən tələbnaməyə əsasən şəxsin məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

16. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edən iddiaçı Laçın və Ağdərə rayonlarında döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş yerini özbaşına tərk etmədiyini, bunu döyüş yoldaşlarının təsdiq edə biləcəyini, hərbi xidmətdən qanuni əsasla tərxis olunduğunu bildirdi və döyüş yoldaşları ilə çəkilmiş fotoşəkillərini məhkəməyə təqdim etdi. Döyüşlərdə yanında bir əsgərin minaya düşüb yaralandığını, ona ilk tibbi yardım göstərdiyini bildirdi.

17. X2 məhkəmə iclasında verdiyi ifadədə N2-ci ilin may-yun aylarında Laçın rayonunda N nömrəli hərbi hissədə iddiaçı ilə birgə döyüşdüyünü, N saylı hərbi hissənin N saylı hərbi hissənin tərkibində olduğunu, ona müharibə veteranı adı və vəsiqəsinin verildiyini bildirdi.

18. X1 məhkəmə iclasında verdiyi ifadədə 17 may N2-ci il tarixdə hərbi xidmətə yollandığını, Laçın-Ağdərə istiqamətində gedə döyüşlərdə iştirak etdiyini, iddiaçı ilə Laçın rayonunun Qoçlar, Pircahan, Seyidlər kəndində bir neçə ay bir yerdə N saylı hərbi hissədə döyüşdüyünü, N saylı hərbi hissənin N saylı hərbi hissənin tərkibində olduğunu, ona müharibə veteranı adı və vəsiqəsinin verildiyini bildirdi.

IV.Məhkəmənin mövqeyi

19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

20. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

21. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı (bax 20-ci bənd) və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması olmalıdır (bax: 20-ci bən qeyd hissəsinə). İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı (bax 11-13-cü, 16-18-ci bəndlər) təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (bax 14-cü bənd). 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bax: 15-ci bənd). “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001- 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın 1.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olubolmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın 1.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.

22. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması barədə məlumat mövcuddur (bax 12 və 13-cü bəndlər).

23. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı N2-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Laçın və Ağdərə istiqamətində) döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində (bax 14-cü bənd) döyüş əməliyyatlarında iştirak etmiş (bax 11- 13-cü, 16-18-ci bəndlər), iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş (bax 12 və 13-cü bəndlər), həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur (bax 15-ci bənd).

24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar