Məhkəmə qərarları › İş №2-1(112)-4302/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4302/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4302/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15, ev 16) cavabdeh – Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Binəqədi rayon şöbəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Həşimov küçəsi, 6) qarşı «əvvəlki dövr üzrə müavinətin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 (bundan sonra – DSMF) Bakı Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı «əvvəlki dövr üzrə müavinətin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunur ki, iddiaçı (İddiaçı) xx xxxx 2020-ci il tarixdə hazırkı cavabdeh DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, veteranlar üçün nəzərdə tutulan müavinətin x xxxxxx 2006-cı il tarixdən hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh qurumdan imtina cavabı alınmışdır. İmtina belə əsaslandırılır ki, müharibə veteranları üçün müavinət veteran vəsiqəsinin verildiyi tarixdən ödənilir. Bunu əsas tutaraq, vəsiqənin verildiyi xx xxxx 2019-cu il tarixdən əvvəlki dövrə müavinətin verilməyəcəyi bildirilmişdir. Ona (iddiaçıya) AR Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən təqdim edilən müharibə veteranı vəsiqəsi, adından da göründüyü kimi, məlum hadisələrlə bağlı ölkəmizdə erməni qəsbkarlarına qarşı mübarizədə verilmişdir. O, Azərbaycan dövlətçiliyinin, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyindən, ona bu vəsiqə təqdim edilmiş, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu ona bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 311 nömrəli qərarı ilə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3cü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 38-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, İPM-in 2, 8.1.4-cü maddələrinə əsaslanaraq, veteranlar üçün nəzərdə tutulan müavinətin x xxxxxx 2006-cı il tarixdən veteran vəsiqəsinin verildiyi tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyinin cavabdeh DSMF X5 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF X5 İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən iddiaya etiraz olunur. İddiaçı DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə müraciət edərək, ona x xxxxxx 2006-cı il tarixdən müharibə veteranı adı verildiyi vaxtadək olan dövr üzrə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin etmiş, əvvəlki illər üçün müavinət ödənilməsindən imtina etmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəz kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişdir. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununda isə, sadəcə “müharibə veteranı” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. Həmin Qanunun 3-cü maddəsinin şəxsə müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafiq icra hakimiyyəti orqanı isə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü bəndinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7 nömrəli əlavəsinin – müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci bəndində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr adlçəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinət almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinət almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. xx xxxx 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (x xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001-ci il tarixli 214-İİQD nömrəli qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla), mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir, Nəhayət, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu ilin aprel ayının 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 4-cü bəndinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yarnma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək vurğulamışdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı “müavinətin ödənilməsi”nə dair iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə görə bu Qanunla nəzərdə tutulmuş bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun (Fərmanın müvafiq bəndi 2019-cu ilin aprel ayının 1-dən tətbiq edilir). Məhkəmə qeyd edir ki, hazırda iddiaçının xx xxxx 2019-cu il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi alması və ona təqaüd verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin x xxxxxx 2006-cı il tarixdən “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi xx xxxx 2019-cu il tarixədək olan dövr üzrə ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx xxxx 2019-cu il tarixdə verilsə də, bu satusa o, əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müavinətin vəsiqənin alındığı vaxtdan üç il əvvəlki dövrdən başlayaraq hesablanmalı, lakin xx xxxxx 2019-cu il tarixdən etibarən müharibə vetranları üçün həmin müavinətin “təqaüd”lə əvəz olunması nəzərə alınmalıdır. Yəni, ona xx xxxx 2016-cı il tarixdən 2019-cu ilin aprel ayının 1-dək olan müddət üzrə verilməmiş müavinət məbləği ödənilməlidir. Odur ki, cavabdeh DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinin imtinası qismən qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi sayılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin xx xxxx 2016-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin xx xxxx 2016-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar