Məhkəmə qərarları › İş №2-1(112)-4302/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4302/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4302/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2017-ci il tarixli B17 № 097834 nömrəli diplom üzrə xarici ali təhsilə dair kvalifikasiyanın tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin fakültəsinə daxil olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmişdir. xx.xx.2017-ci il tarixdə ona В17 № 097834 nömrəli diplom verilmiş, həmin diplom xx.xx.2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən A-42041-17 nömrəsi ilə apostil edilmişdir. Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması və müvafiq şəhadətnamə verilməsi məqsədilə elektron qaydada cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul olunaraq xarici ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Səbəb olaraq isə kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsi bildirilmişdir. Cavabdeh orqanın imtinası hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələndiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əvvəla onu qeyd edir ki, "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasının 6-cı maddəsinə aid edilən müddəaların mahiyyətinə əsasən ixtisasın tanınması zamanı təkcə kəmiyyət meyarları deyil, həm də keyfiyyət meyarları da nəzərə alınmalıdır. Cavabdeh tərəfindən ona ünvanlanmış imtina məktubunda kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması qeyd olunsa da, işin faktiki hallarına görə təhsil aldığı müddətdə Ukrayna Respublikasının Xarkov şəhərində olmağım işdə olan digər sübutlarla və ümumvətəndaş pasportundakı qeydlərlə tam təsdiq olunur. Bildirir ki, yalnız 2014-2015-ci illərdə Ukrayna Respublikasına gedə bilməmişdir. 2014-cü ildə universitetə getməməsinin səbəbi həmin ilin fevral ayında "Maydan" hadisələri nəticəsində Ukrayna Respublikasında siyasi vəziyyətin gərginləşməsi, mart ayında Krımın Rusiya tərəfindən işğal olunması, həmçinin Donetsk və Luqansk şəhərlərində olan müharibələr olmuşdur. Bundan başqa 2014-cü ilin sentyabr ayında ailə qurmuş və 2015-ci ilin noyabr ayında övladı dünyaya gəlmişdir. Hamilə olduğu müddətdə həkim tərəfindən uzaq səfərlər qadağan olunduğu üçün üzrlü səbəbdən universitetə gedə bilməmişdir. Lakin, gedə bilmədiyi müddətdə tədris olunmuş fənləri oxuyub öyrənərək həmin fənlərin imtahanlarını vermişdir. Diplom öncəsi isə tədris proqramında nəzərdə tutulan bütün fənləri mənimsəyərək, diplom işini də uğurla müdafiə etdiyi üçün universitet tərəfindən ona diplom verilmişdir. Təhsil aldığı V.N.Karazin adına Xarkov Milli Universiteti olduqca təhsilə, həmçinin istənilən tələbənin peşəsinə uyğun tədrisi mənimsəməsinə ciddi yanaşan Ukrayna Respublikasında və Avropa regionunda yüksək reytinqi olan universitetlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının ilk dövlət universiteti olan Bakı Dövlət Universiteti ilə mənim təhsil aldığım universitet arasında qarşılıqlı təcrübə və informasiya mübadiləsi ilə bağlı memorandum imzalanmış və həmin əməkdaşlıq bu gün də davam edir. Tədrisi mənimsəmədiyi təqdirdə bu cür reputasiyaya malik universitetin diplom almaq üçün nəzərdə tutulan tədris fənlərinə tam yiyələnmədiyi halda ona diplom verməsi mümkün deyildir. Bu baxımdan hesab edir ki, cavabdehin imtinasının hüquqi əsası yoxdur. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-сü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fıziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qanun normasının mənasına görə inzibati orqan, ona qanunvericiliklə verilmiş səlahiyyətlərdən (o cümlədən diskresion səlahiyyətlərdən) sui-istifadə edə bilməz. Başqa sözlə, inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək qərar qəbul etdiyi hallarda belə, həmin qərarını qüvvədə olan qanunvericilik və faktiki hallarla əsaslandırmağa borcludur. Bu baxımdan, qeyd edirəm ki, hazırkı halda inzibati orqan mənə münasibətdə qebul etdiyi qərarı tam əsaslandırmamış, yalnız təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması qənaətinə əsaslanmış, lakin bununla belə əslində aldığım təhsili mənimsəyib-mənimsəmədiyimi müəyyən etmək üçün əlavə tədbirlər görməmişdir. Bu barəde işdə hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsine əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.3-cü bəndinə görə tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilərək verilmiş diplom ve onnn əlavəsi ilə müəyyən olunur ki, təhsil aldığı dövrdə təhsil aldığı ölkədə olmuş, təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2013/2014-cü tədris ili üzrə - 2 gün, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 8 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Sözügedən Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, "ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır". Qeyd olunan normativhüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli, NA00033381 nömrəli qərarla imtina edilmişdir.

8. Apostil edilərək notarial qaydada təsdiq edilmiş Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş B17 № 097834 nömrəli bakalavr diplomuna əsasən İddiaçı “X1” ixtisası (bakalavr/qiyabi) üzrə proqramı mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, bakalavr dərəcəsi ilə təltif olunmuşdur.

9. Diploma əlavə, tələbə bileti, tam orta təhsil haqqında attestat və ümumvətəndaş pasportu iş materiallarına əlavə edilmişdir.

10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Ukrayna Təhsil və Elm Nazirliyi V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2202-20/255 nömrəli təhsil haqqında arayışa əsasən, V.N.Karazin adına Xarkov Milli Universitetinin rektorluğu bildirir ki, Azərbaycan vətəndaşı xx.xx.1994-cü il təvəllüdlü İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin “X1 və Turizm Biznesi” fakültəsinin 1-ci kursuna “Beynəlxalq istisasi münasibətlər” ixtisasına qəbul olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmiş, lakin 2013/2014 və 2014/2015-ci tədris ili dövründə Ukraynada, o cümlədən Xarkov şəhərində olan mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı tədris onlayn formada həyata keçirilmişdir. Bundan sonra İddiaçı növbəti 2016/2017-ci tədris illərində qiyabi əsaslarla dərslərdə iştirak etməklə təhsilini başa çatdırmışdır. İddiaçı xx.xx.2017-ci ildə B17 № 097834 nömrəli diplom verilmişdir, həmin diplom xx.xx.2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən A-42041-17 nömrəsi ilə apostil edilmişdir. V.N.Karazin adına Xarkov Milli Universiteti UNESCO-da rəsmi olaraq təmsil olunan İV səviyyəli akkreditasiyalı dövlət ali təhsil müəssiəsidir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən iddia tələbi üzrə məcburetmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir ki, hazırki işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edildikdən sonra hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, işin hallarından görünür ki, iddiaçı Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş B17 № 097834 nömrəli bakalavr diplomuna əsasən İddiaçı “X1” ixtisası (bakalavr/qiyabi) üzrə proqramı mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, bakalavr dərəcəsi ilə təltif olunmuşdur.

19. İddiaçı aldığı bakalavr ixtisası üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin bakalavr səviyyəsi üzrə ölkədə aşağıdakı müddətlərdə (2013/2014-cü tədris ili üzrə - 2 gün, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 8 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün) olmasına, bununla da, təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğuna istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina verilmişdir.

20. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassızlığını və ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir.

21. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir.

22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən:-13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1– 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”nın: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. -2.9-cu bəndinə əsasən əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” nın aşağıdakı bəndlərinə əsasən: -4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. -5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime); magistratura səviyyəsində-əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, rezidentura səviyyəsində- əyani; doktorantura səviyyəsində- əyani;

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: -3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.-3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

25. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının B17 № 097834 saylı, xx.xx.2017-ci il tarixli bakalavr diplomunun əlavəsində təhsilalma formasının olduğu qiyabi olduğu qeyd edilmişdir.

26. İddiaçının qiyabi təhsil forması üzrə təhsili alması üçün hər bir tədris ili ərzində auditoriya dərslərinin həcminin 180-240 saat nəzərdə tutulmasına baxmayaraq iddiaçının sərhədkeçmə məlumatlarına əsasən, o, təhsil aldığı müddət ərzində həmin ölkədə 2013/2014-cü tədris ili üzrə - 2 gün, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 8 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün olmuşdur.

27. Cavabdehin də iddiaçının diplomunun tanınmasından imtinasının dəlili ondan ibarətdir ki, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür.

28. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır.

29. İş materiallarından görünür ki, iddiaçı ölkə ərazisində orta məktəbi bitirdikdən sonra 2013-2017-ci illərdə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin “X1” ixtisası üzrə bakalavr təhsili almışdır.

30. İş materiallarına əlavə edilmiş Ukrayna Təhsil və Elm Nazirliyi V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2202-20/255 nömrəli təhsil haqqında arayışdan müəyyən edilmişdir ki, V.N.Karazin adına Xarkov Milli Universitetinin rektorluğu bildirir ki, Azərbaycan vətəndaşı xx.xx.1994-cü il təvəllüdlü İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin “X1 və Turizm Biznesi” fakültəsinin 1-ci kursuna “X1” ixtisasına qəbul olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmiş, lakin 2013/2014 və 2014/2015-ci tədris ili dövründə Ukraynada, o cümlədən Xarkov şəhərində olan mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı tədris onlayn formada həyata keçirilmişdir. Bundan sonra İddiaçı növbəti 2016/2017-ci tədris illərində qiyabi əsaslarla dərslərdə iştirak etməklə təhsilini başa çatdırmışdır. İddiaçı xx.xx.2017-ci ildə B17 № 097834 nömrəli diplom verilmişdir, həmin diplom xx.xx.2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən A- 42041-17 nömrəsi ilə apostil edilmişdir. V.N.Karazin adına Xarkov Milli Universiteti UNESCO-da rəsmi olaraq təmsil olunan İV səviyyəli akkreditasiyalı dövlət ali təhsil müəssisəsidir.

31. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh imtina qərarında, eləcə də, iddiaya etirazında iddiaçının tədris müddətində təhsil aldığı ölkədə olmamasına istinad etsə də, iddiaçı tərəfindən təqdim edilmiş V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub iddiaçının Ukraynanın Xarkov şəhərində olan mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı tədris yükünü onlayn formada, elektron təhsil və təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilməsini nəzərə aldıqda hesab edilir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasına, ümumən kvalifikasiyanın məqsədinə xidmət etmir.

32. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. İş materiallarından görünür ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, diplom üzrə ixtisasın tanınmamasına əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin bakalvr diplomunun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş, B17 № 097834 nömrəli “X1” ixtisasi istiqaməti “Bakalavr” ixtisası (dərəcə) üzrə diploma aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar