Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4303/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı Məmmədova (Məstəliyeva) Fatma Murssalı qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının müəlimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtihanına buraxılmasına icazə verilməsi» tələbinə dair iddiası üzrə inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Məstəliyeva) Fatma Murssalı qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplomunun tanınması, müəlimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtihanına buraxılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı x xxxxx 1968-ci il tarixdə Saatlı şəhərində doğulmuşdur. 2010-cu ildə nikaha daxil olduqdan sonra soyadı “Məstəliyeva”dan “Məmmədova”ya dəyişdirilmişdir. 1994-cü ildə orta təhsil bazasında Gəncə şəhər Təsərrüfat hesablı Məişət xxxxi Kollecinin Saatlı filialında “ümumtəhsil məktəblərində sinif müəllimi” ixtisası üzrə birinci kursa qəbul olunmuş və 1997-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir. Dövlət imtahanını müvəffəqiyyətlə verdiyinə görə xx xxxx 1997-ci il tarixdə ona AZ seriyalı 001440 saylı diplom verilmişdir. Həmin dövrlərdə onunla birlikdə və ondan sonrakı illərdə həmin kollecdə yüzlərlə tələbə təhsil almışdır. Onlara da verilən diplom iddiaçıya verilənlə eynidir və həmin şəxslər hazırda müxtəlif təhsil müəssisələrində çalışırlar. İddiaçı 1999-cu ildən hazıradək Saatlı peşə litseyində dərs təhsil edir. Bu müddət ərzində dəfələrlə ixtisasartırma kurslarında, təlimlərdə olmuş, lakin diplomu ilə bağlı heç bir problem yaranmamışdır. O, 2019-cu ilin son aylarında cavabdeh tərəfindən müəyyən olunmuş qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar təyin olunmuş imtahanda iştirak etməli idi. Lakin imtahana bir neçə gün qalmış cavabdeh orqan tərəfindən ona məlumat verilmişdir ki, guya diplomunda problem olduğundan imtahana buraxılmır. Ona verilmiş diplomun saxta olmamasını sübut etmək məqsədilə sənədlər toplamağa başlamış və müəyyən sənədləri əldə etmişdir. Təyin olunmuş həmin imtahanda iştirakı ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirliyin İnsan resursları şöbəsindən alınan cavab məktubunda qeyd olunur ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil təhsil sənədləri dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Cavabdehin imtinasından məlum olur ki, guya Gəncə Məişət xxxxi Kolleci tərəfindən onun adına 1997-ci ildə verilmiş AZ seriyalı 001440 saylı diplom dövlət nümunəli təhsil sənədi deyil. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 19.2-ci maddələrinə, İPM-in 2, 27, 33, 45, 46, 68, 69, 73-cü maddələrinə, «Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında» Təlimatın 1 və 4-cü bəndlərinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplomunun tanınması, müəlimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtihanına buraxılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddia ərizəsindən göründüyü kimi, iş üzrə iddiaçı 1994 – 1997-ci illərdə Gəncə şəhəri Təsərrüfat hesablı Məişət xxxxi Kollecinin Saatlı filialında təhsil almış və ona diplom verilmişdir. Lakin müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Bu əsasla Təhsil Nazirliyi iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamışdır. Nazirliyin iddiaçıya vermiş olduğu məktub qanuni və əsaslıdır. Əvvəllər qüvvədə olmuş normativhüquqi aktların tələblərindən (Azərbaycan Respublikasının Təhsil Qanununun 2 və 8-ci maddələri) aydın olur ki, təhsil müəssisəsinin məzunlara verdiyi diplomların nümunələri AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun surətindən məlum olur ki, müəssisə diplomları verərkən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Təhsil müəssisəsi hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı ildən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Filial fəaliyyət göstərərkən onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına riayət edilməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 1993-cü il tarixli 487 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası “xxxx” Şirkətinin Gəncə Məişət Texnikumunun təsərrüfat hesablı Gəncə Məişət xxxxi Kolleci orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydə alınması haqqında “xxxx” Şirkətinin təklifi qəbul edilmiş və həmin Kollec təhsil müəssisəsi kimi qeydiyyatdan keçmişdir. X6 filialının fəaliyyəti barədə hər hansı məlumat mövcud deyil. Ona görə də hesab olunur ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının və verilən diplomun qanuni hesab edilməsinin məhkəmə qaydasında müəyyən edilməsi normativ hüquqi aktların tələbləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin pedaqoji kollektivinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə və İPM-in 73-cü maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmənin qərardadı ilə iddia “diplomun tanınması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xxxxləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 14.1-ci maddəsinə görə təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 21.5-ci maddəsinə görə orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının xx xxxxxxx 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 19-cu maddəsinə əsasən ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi: (8.5-ci bənd) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, (8.26-cı bənd) mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»nın 1.2-ci bəndinə görə bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Qaydaların 2-ci bəndinə görə diaqnostik qiymətləndirilmənin məqsədi aşağıdakılardır: müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrindən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. Qaydaların 3.1-ci bəndinə görə diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Qaydaların 3.2-ci bəndinə görə iki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı əsas iş yeri Saatlı peşə litseyi olan müəllimi kimi yuxarıda qeyd olunan Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş kateqoriyada olan şəxslərin sırasına daxildir. Bundan başqa, iddiaçı ixtisası üzrə işlədiyindən və digər (iki fənn üzrə qiymətləndirilmədə iştirakla bağlı) niyyət nə Təhsil Nazirliyinə müraciətdə, nə də iddia ərizəsində bildirilmədiyindən iddianın mahiyyəti Qaydaların 3.2-ci bəndinə uyğun olaraq bir fənn üzrə diqanostik qiymətləndirilmə ilə bağlı sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri təsərrüfat hesablı Məişət xxxxi Kollecinin tərəfindən iddiaçıya verilmiş (adına yazılmış) diplomun qüvvədən düşmüş hesab olunması və etibarsız sayılmasına dair heç bir sübut iş üzrə təqdim edilməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsi inzibati aktların etibarsız sayılması üçün konkret əsaslar nəzərdə tutur və hazırkı iş üzrə belə əsaslar müəyyən edilmir. Nəzərə alınmalıdır ki, müvafiq diplom iddiaçıya Gəncə şəhəri təsərrüfat hesablı Məişət xxxxi Kollecinin Saatlı filialı tərəfindən deyil, Kollecin özü tərəfindən verilmişdir. Bu hal diplom üzərində həkk olunmuş möhürdən və yazılardan məlum olur. Kollec isə, cavabdeh tərəfin etiraf etdiyi kimi müvafiq dövrdə qanuni əsaslarla qeydiyyatdan keçərək fəaliyyət göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilmdə iştirakına maneələr törədilməsi ilə müşayiət olunan əlverişsiz hərəkətlərini «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri (Qanunun 12, 13, 19, 65-ci maddələri) baxımından əsaslandırmamış, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Odur ki, məhkəmə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçı Məmmədova (Məstəliyeva) Fatma Murssalı qızının müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahana buraxılmaması ilə bağlı əlverişsiz hərəklətləri qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəd olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehin imtinası qanunsuz sayılmalı və iddiaçı Məmmədova (Məstəliyeva) Fatma Murssalı qızının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 13, 23.1, 52, 58.7, 62, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanunsuz sayılsın. İddiaçı Məmmədova (Məstəliyeva) Fatma Murssalı qızının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlərindirilməsinə buraxılmasının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4303/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4303/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver