Məhkəmə qərarları › İş №2-1(112)-4303/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4303/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4303/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmirova (Eyvazova) Həlimə Güloğlan qızı (bundan sonra – iddiaçı) 02.04.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 12/177 nömrəli, 10.04.2020-ci il tarixli imtina məktubunda iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (bundan sonra 1 nömrəli Siyahı) qeyd olunan sahəyə uyğun olmadığını, bu səbəbdən iddiaçının güzəştli iş stajının 01.01.2006-cı il tarixinədək 7 il 6 aydan az təşkil etdiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 08 ay 24 günü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Cavabdeh təşkilat imtina məktubunda yalnız 01.01.2006cı ilədək qüvvədə olan 1 nömrəli Siyahıya istinad etmiş və onun güzəştli iş stajının 7 il 6 aydan az təşkil etməsini qeyd etmişdir. Halbuki onun əmək fəaliyyətinin bir hissəsi 1 nömrəli Siyahının, bir hissəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşür. Müddət baxımından əmək fəaliyyətinin daha çox hissəsi 2 nömrəli Siyahının təsiri altına düşdüyündən və 2 nömrəli Siyahı 1 nömrəli Siyahıda qeyd olunan sahələri də əhatə etdiyindən, onun pensiya təyinatı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına istinad edilməklə aparılmalıdır. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmiş və etirazında göstərmişdir ki, İddiaçının işləmiş olduğu peşələrin güzəştli (zərərli) olub-olmaması onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıb-qablaşdırmasından asılıdır. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlər və kimya məhsulları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud deyildir. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. İş materiallarına əsasən 2006-cı ilin yanvarın 1-dək iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 ildən az olmayan xüsusi staja və 20 ildən az olmayan ümumi staja malik olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının surətləri) əsasən iddiaçı 09.07.1967-ci il tarixdə anadan olmuş, 15.11.1984-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamış, 15.11.1984-ci ildən 05.10.1985-ci il tarixədək "Artyom" tikiş fabrikində tikişçi şagirdi işləmişdir. O, 24.01.1986cı il tarixdə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində kükürd anhidridi istehsalı üzrə sexə anbardar vəzifəsinə qəbul edilmiş, 02.11.1987-ci il tarixdə keçmiş X9 zavodunun kükürd anhidridi sexində aparatçı vəzifəsinə keçirilmiş, 15.09.1991ci il tarixədək bu vəzifədə, 16.09.1991-01.06.1993-cü il tarixləri arasında həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində, 02.06.1993-cü il tarixdən 08.01.1995-ci il tarixədək həmin sexdə iqtisadçı vəzifəsində, 09.01.1995-ci ildən 14.11.1995-ci ilədək sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində, 15.11.1995 – 30.09.1998-ci il tarixləri arasında həmin sexdə iqtisadçı vəzifəsində, 01.10.1998-31.05.2002-ci il tarixlərində həmin zavodun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzfəsində, 01.06.2002-ci ildən 25.11.2004-cü ilə kimi həmin zavodun xlorparafin və natrium-karbonat istehsalı sexinin natrium-karbonatın qurudulması şöbəsində aparatçı vəzifəsində, 26.11.2004-20.06.2010cu il tarixləri arasında “Azərkimya” İstehsalat Birliyində kadr və kadr hazırlığı şöbəsinə kadr üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı 21.06.2010-cu il tarixdən hazırkı tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərkimya” İB “Nəqliyyat və xüsusi texnika İdarəsi”ndə kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Göründüyü kimi, iddiaçının 31.12.2005-ci il tarixədək 20 il 9 ay 29 gün ümumi iş stajı olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-ci yarımbəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının iş yeri olan Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X4 güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlarından (05.03.2021-ci il tarixli, 82, 83, 84, 85 və 86 nömrəli) görünür ki, iddiaçı: - 02 noyabr 1987-ci il tarixdən 15 sentyabr 1991-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X9” zavodunun kükürd anhidridi sexində aparatçı vəzifəsində (kod- 1080A010; iş stajı 3 il 10 ay, 14 gün). - 16 sentyabr 1991-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X9” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş atajı 1 il 8 ay 16 gün); - 09 yanvar 1995-ci il tarixdən 14 noyabr 1995-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X9” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 10 ay 6 gün); - 01 oktyabr 1998-ci il tarixdən 31 may 2002-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X9” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində aparatçı vəzifəsində (kod – 2110A020; işləməklə iş stajı 3 il 8 ay 1 gün); - 01 iyun 2002-ci il tarixdən 25 noyabr 2004-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X9” zavodunun xlorparafin və natrium-karbonat istehsalı sexinin natrium-karbonatın qurudulması şöbəsində aparatçı vəzifəsində (kod – 2110A020; iş stajı 2 il 5 ay 25 gün) işləmişdir. Göründüyü kimi, iddiaçının zərərli işdə işlədiyi müddətin qısa bir hissəsi 1 nömrəli Siyahının, qalan hissəsi isə 2 nömrəli Siyahının təsir dairəsinə düşdüyündən, 1 nömrəli Siyahı əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən 2 nömrəli Siyahıya istinad olunmalı və onun kükürd anhidridi sexində aparatçı vəzifəsində işlədiyi müddət də həmin staja daxil edilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 15 il 26 gün xüsusi iş stajı olmuşdur. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajının olması və onun 10 il müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işləməsi tam sübuta yetirildiyindən onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh etirazında iddiaçının işləmiş olduğu peşələrin güzəştli (zərərli) olubolmamasının onun hansı sexdə işləməsi və hansı kimya məhsullarını hazırlayıbqablaşdırmasından asılı olduğunu və işəgötürən tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan sexlərin və kimya məhsullarıın Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud olmadığını bildirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, 2 nömrəli siyahının 2110A020 kodu üzrə ... 1 №-li siyahıda sadalanmış kağız (polietilen) kisələrdə qablanmış kimya məhsullarının üyüdülməsində, qurudulmasında, qarışdırılmasında, əridilməsində, hazırlanmasında, çəkib qablaşdırılmasında, yüklənməsində, qablaşdırılmasında, tökülməsində; qapalı tutumların və boru kəmərlərin yapışqanlaşdırılmasında; benzinin rekuprasiya olunmasında..tam iş günü məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələrinin, rəhbərlərinin və mütəxəssislərinin əmək şəraiti zərərli hesab edilmişdir. İşdə olan Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən verilən arayışlardan görünür ki, keçmiş "X9" zavodunun kükürd anhidridi sexində, sulfonolun qurudulması və yarımkompozisiya sexində, xlorparafin və natrium-karbonat istehsalı sexinin natrium karbonatın qurudulması şöbəsində absorbsiya, kimya məhsullarının hazırlanması, çəkib qablaşdırılması aparatçısı (fəhlə) peşəsində işləmiş İddiaçının iş funksiyaları bilavasitə kükürd anhidridi (kükürdün sobada yandırılması nəticəsində alınan qeyri-üzvi reaktiv), sulfanol (benzol, toluol və kükürd anhidridindən istifadə etməklə alınan maddə), xlorparafin (parafinə xlor qazı verməklə istehsal olunan maddə), natrium-karbonat (46%-li natrium hidroksid məhlulundan 99%-li quru natrium hidroksid istehsal olunan zaman alınan aralıq məhsul) və onların komponentləri ilə təmasda olması, texnoloji prosesləri idarə etməsi və onun qablaşdırılması işinə xidmət etmişdir. Habelə işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olduğu üçün İddiaçıya əlavə məzuniyyət, aylıq tarif maaşının 12%-i miqdarında əlavə, gündə bir dəfə olmaqla isti yemək və hər gün 0,5 litr süd ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının 10 ildən artıq təmasda olduğu, texnoloji proseslərin idarə edilməsi və qablaşdırılması işini həyata keçirdiyi kükürd maddəsi 1 nömrəli Siyahıda nəzərdə tutulsa da, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərini yerinə yetirməmiş, heç bir araşdırma aparmadan iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyn edilməsi hissəsində əsaslıdır, buna görə də ona 52 yaşdan, yəni hüququnun yarandığı 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı tələbində həmçinin məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30.11.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (10.03.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, 09.07.2019-cu il tarixdə yarandığından iddia tələbi alınmamış pensiya məbləğinin ödənilməsi hissəsində əsaslı olsa da, həmin məbləğin “birdəfəlik” ödənilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı X2 52 yaşdan, yəni hüququnun yarandığı 09.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar