Məhkəmə qərarları › İş №2-1(112)-4303/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4303/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4303/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56), açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, doğum haqqında şəhadətnamənin itirilməsi ilə əlaqədar doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı 19.11.2021-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin onun bu ərizəsinə cavab olaraq Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi 23.11.2021-ci il tarixli imtina məktubu göndərmişdir. Həmin məktubda imtina onunla əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir, şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sairə sənədlər əsasında verilir. Səbail rayon Qeydiyyat şöbəsi imtina məktubunda qeyd edir ki, hal-hazırda onun şəxsiyyət vəsiqəsinin olmaması nəzərə alınaraq doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Buna görə də o, doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, 24 mart 1984-cü il tarixində verilmiş Sovet pasportu, 13.09.2002-ci il tarixində qızı X2 verilmiş 266371 nömrəli doğum haqqında şəhadətnamə (ana adı), oğlu X3 28 iyul 1980-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamə (ana adı), əmək kitabçasında onun, həqiqətən, qeydiyyatının olduğunu təsdiq edir və hesab edir ki, bu sənədlərdə əks olunmuş məlumatlara əsasən ona doğum haqqında təkrar şəhadətnamə verilməlidir. Cavabdeh tərəfindən doğum haqqında təkrar şəhadətnamənin verilməməsi onun üçün bir sıra sənədləşmə işlərində ciddi çətinliklər törədir. Odur ki, doğum haqqında şəhadətnamənin əldə olmadığına görə o, sovet pasportunu Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə dəyişdirə bilmir. Cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 16.02.2022-ci il tarixli 2-1(112)- 4303/2022 saylı qərardadı ilə X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və 10.12.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.04.2022-ci il tarixli 05/Q-254/13 saylı məktubdan görünür ki, İddiaçı adına etibarnamə əsasında 03.03.2022-ci il tarixli AZ-T177768 seriyalı doğum haqqında təkrar şəhadətnamə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar