Məhkəmə qərarları › İş №2-1(112)-4303/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4303/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4303/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsinə dair mərhumə X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X4 qarşı “qeyri-yaşayış sahəsinin yenisi ilə əvəzlənməklə və kirayə haqqı verilməklə boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xalimə Məmişovaya hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 52 kv.metr sahədən ibarət tam təmirli mənzil ilə təmin edilməsi şərti ilə ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində yerləşən 39,7 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və Ə.Əİizadə küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 52 kv.metr sahədən ibarət mənzil ilə təmin edilməsi şərti ilə ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xalimə Məmişova "xxxx" MMC-yə qarşı "kirayə haqqı yeni qeyri-yaşayış sahəsi verilməsi, maddi və mənəvi zərər" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində X4 məxsus 39,7 kv.metr və 48,4 kv.metr olmaqla ümumilikdə 88.1 kv.metr sahədən ibarət qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar olan yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə 700 kv.metr qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsinə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və binanın həyətində olan torpaq sahələrində paylı mülkiyyətin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ünvan 2 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla, ümumilikdə 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında 105,72 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla, ümumilikdə 88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Xalimə Məmişova qarşılıqlı iddia tələbinə əlavə və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 162 000 manat məbləğində maddi, 700 000 manat məbləğində isə mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(005)-268/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Xalimə Məmişovaya hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında 105,72 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ona məxsus ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində (ümumilikdə 88,1 kv.m) mülkiyyət hüququ saxlanılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və "xxxx" MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində Xalimə Məmişovaya məxsus 39,7 kv.metr və 48,4 kv.metr olmaqla ümumilikdə - 88.1 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək onun yerində tikiləcək yeni binanın yarımzirzəmi formasında 105,72 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinin Xalimə Məmişovaya təhvil verilməsi, "xxxx" MMC tərəfindən həmin 105,72 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin Xalimə Məmişovaya təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqının ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4248/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək 09 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmiş, Xalimə Məmişovaya verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.metr və hər bir qeyri-yaşayış sahəsi üçün ona ödənilməli aylıq kirayə haqqı 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6320/2021 saylı xx.xx.2021 -ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və o, AR ƏN-nin 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək qızı X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsini xahiş etmiş, notariat ofisində vərəsəlik işi açılmış və ünvan 4 ünvanda yerləşən (4 mərtəbəli bunanın zirzəmisi) qeyriyaşayış sahəsinə dair mərhumə Xalimə Məmişovanın adına hüququn ölmüş şəxsə məxsus olması barədə elektron arayış (çıxarış) verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli rəsmi cavabı ilə arayış verilməsindən imtina edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Xalimə Məmişovaya vermiş olduğu şəhadətnamədən görünür ki, o, həqiqətən ünvan 1 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********59 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküldüyü və ərazidə yeni fərdi çoxmərtəbəli yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, həmin ünvanda Xalimə Məmişovaya məxsus iki qeyri-yaşayış sahəsi olmuşdur. Həmin sahələrin birinə dair Xalimə Məmişovanın adına çıxarış olmuş, lakin digərinə dair yalnız qeyri-yaşayış sahəsinin satılmasına dair şəhadətnamə olmuşdur. X9 vəfat etmişdir. Həmin qeyri-yaşayış sahələri sökülmüş və həmin ərazidə "xxxx" MMC tərəfindən yaşayış binası inşa edilmişdir. Hazırda binada son tamamlama işləri gedir. İddiaçı hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Xalimə Məmişovaya yeni binada hər iki qeyri-yaşayış sahəsinin müqabilində mənzil verilməsi nəzərdə tutulsa da, Xalimə Məmişova vəfat etdiyi üçün "xxxx" MMC bundan imtina edə bilər. Bu səbəbdən o, hər iki qeyri-yaşayış sahəsinə dair çıxarış alaraq onları öz adına keçirmək istəyir. Lakin, iddiaçı bununla bağlı "xxxx" MMC-yə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətə uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı ünvan 1 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsinə dair mərhumə X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə qərar qəbul edilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur (8.0.5). Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (11.1). Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır (18.1.). Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (18.2.). Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir (150.1.). İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər (150.2.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda həmçinin göstrilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). Göründüyü kimi hüquqların məxsusluğu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilən arayış ölmüş şəxsin vərəsələrinin həmin şəxsə məxsus olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması isə həmin əmlakın faktiki olaraq mövcud olması zamanı baş verə bilər. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin predmetini təşkil edən qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının qızı Xalimə Məmişova ya xx.xx.2006-cı il tarixli, 000324 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. 2021-ci ildə Xalimə Məmişova ilə "xxxx" MMC arasında məhkəmə mübahisəsi mövcud olmuş, həmin məhkəmə mübahisəsi nəticəsində Xalimə Məmişovaya məxsus qeyri-yaşayış sahəsinin müqabilində ona inşa ediləcək binada yaşayış sahəsi verilməsi qət edilmişdir. Xalimə Məmişova 16 fevral 2024cü il tarixdə vəfat etmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsinə dair mərhumə X3 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının iddia etdiyi qeyriyaşayış sahəsinin yerləşdiyi binanın "xxxx" MMC tərəfindən sökülərək yerində yeni yaşayış binası inşa edildiyini əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Göründüyü kimi iddiaçı artıq mövcud olmayan bir daşınmaz əmlak üzərində hüquqların qeydə alınması barədə iddia qaldırmış və bununla da düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə mübahisəni mahiyyəti üzrə araşdırmadan iddianın qeyri-mümkün hesab edilməsi qənaətinə gəlir. Çünki iddianın mümkünlüyü onun əsaslılığının yoxlanmasından daha öncə gələn bir prosedurdur. İddianın predmeti artıq mövcud olmadığı üçün onun əsaslı olub-olmamasını araşdıraraq iddianın təmin və ya rədd olunması qənaətinə gəlmək düzgün olmazdı. Məhkəmə hesab edir ki, hazırkı iddianın mahiyyəti üzrə araşdırılaraq rədd olunması da qanunvericiliyin tələbləri baxımından düzgün olmazdı. Çünki iddianın rədd edilməsi, onun əsassız olması anlamına gəlir ki, bu iddianın əsaslı olduğu təqdirdə təmin olunmalı olduğuna dəlalət edir. Hazırkı iddia üzrə mübahisə predmeti mövcud olmuş olsaydı, bu iddianın yüksək uğurluluq ehtimalının yaranmasına səbəb olacaqdı. İddia predmetinin mövcud olmaması isə onun əsaslı və ya əsassız olmasının araşdırılması zərurətini aradan qaldırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar