Məhkəmə qərarları › İş №2-1(112)-4306/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4306/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4306/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02.11.2020-ci il tarixdən etibarən orta əmək haqqının 80% məbləğində (708 manat 44 qəpik) pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə doğulmuş, əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 16 yanvar 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt bölgəsi üzrə X1 Nəzarət şöbəsində baş əmək müffətişi vəzifəsinə təyin edilmiş və həmin sahədə 02 noyabr 2020-ci ilə qədər işləmişdir. Dövlət qulluğunda yaş həddinə görə ona 02.11.2020-ci ildə əmək pensiyası təyin edilmişdir. Cavabdehin verdiyi 21.12.2020-ci il tarixli **********6 saylı arayışa görə ona 639,70 manat pensiya təyin edilmişdir. Təyin edilmiş əmək pensiyası məbləği ilə razılaşmır. Bu məsələ ilə əlaqədar olaraq cavabdehə 05.01.2021-ci ildə sifarişli məktubla müraciət edərək öz etirazını bildirmiş, lakin hazırki günədək müraciət üzrə rəsmi cavab verilməmişdir. Beləliklə ona pensiya təyin edilərkən orta aylıq əmək haqqının (885,56 manat) 72,025% həcmində pensiya hesablanmışdır. Bunu AR ƏƏSMN nəzdində fəaliyyət göstərən X5 Xidmətinin arayışı təsdiq edir. “Dövlət qulluğu haqqında” Qanunun 2017-ci ildən edilmiş dəyişikliyə əsasən yaşa görə əmək pensiyası təyininə görə orta aylıq əmək haqqının 80% -ni almaq üçün 25 il stajı (dövlət qulluğunda) tələb edilir. 2017-ci ilə qədər dövlət qulluğunda işləmiş işçilərə pensiya hesablanarkən aylıq orta əmək haqqının 80%nin verilməsi üçün 15 il dövlət qulluğu stajı tələb edilirdi. O, artıq 2017-ci ilə qədər 80% pensiya almaq hüququnu qazanmışdır. Lakin cavabdeh tətbiq edilməli hüquq normalarını təsdiq etməli olduğu halda bunu etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) bildirilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 07.08.1978-ci il tarixdən 10.04.1980-ci il tarixədək N saylı hərbi hissədə mühəndis-mexanik vəzifəsində işləmiş; 03.11.1980-ci il tarixdə Avtomexnəqliyyat sahəsinə usta qəbul edilmiş, 01.09.1986-cı il tarixdə 1 saylı avtonəqliyyat sahəsinə rəis vəzifəsinə keçirilmiş, 16.03.1992-ci il tarixdə idarənin baş mexaniki vəzifəsinə keçirilmiş, 01.09.1993-cü il tarixdə 3 saylı tikinti-quraşdırma idarəsinə keçirilməklə işdən azad edilmişdir; 01.06.1994cü il tarixdə 2 saylı mexanikləşdirmə idarəsinə təchizat üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuş, 01.07.1994-cü il tarixdə baş icraçı vəzifəsinə keçirilmiş, 01.01.1995-ci il tarixdə sahənin mexaniki vəzifəsinə keçirilmiş, 01.03.1996-cı il tarixdə müvəqqəti olaraq idarənin baş mexaniki vəzifəsinə keçirilmiş, 05.09.1996-cı ildə idarənin başmexaniki vəzifəsinə keçirilmiş, 26.06.1997-ci il tarixdə 2 saylı Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 15.08.1997-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, 16.01.1998-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt bölgəsi üzrə X2 Nəzarət şöbəsinin baş əmək müfəttişi vəzifəsinə təyin edilmiş, 03.01.2000-ci il tarixdə DƏM-nin Əməyin mühafizəsinin texniki məsələlər üzrə baş əmək müfəttişi vəzifəsinə keçirilmiş, 22.01.2003-cü ildə əmək müqaviləsinə xitam verilmiş, 02.06.2003-cü ildə DƏM-nin 6 №li bölgə üzrə DƏM-nin informasiya və statistika üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, 25.12.2006-cı ildə əmək müfəttişi vəzifəsinə keçirilmiş, 02.12.2020-ci il tarixdə 3cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 26.05.2011-ci il tarixdə baş əmək müfəttişi vəzifəsinə keçirilmiş, 01.03.2013-cü ildə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 17.12.2019-cu il tarixdə baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 21.12.2020-ci il tarixli, **********6 saylı arayışın surətindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunmuş və pensiya 639,70 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu üçün nəzərdə tutmuş əlavələr əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bunu onunla əsaslandırır ki, “Dövlət qulluğu haqqında” Qanunun dəyişiklik edilməmişdən əvvəl onun yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığından, ona pensiya məbləği orta aylıq əmək haqqının 80% əsasında hesablanmalıdır. Göstərilən tələbə qiymət verilməsi məqsədi ilə, məhkəmə, iddiaçının pensiya hüququnun yaranma tarixinə, iddiaçının dövlət qulluqçusu kimi xidmət etdiyi illərinin nə qədər təşkil etdiyinə, o, cümlədən də, onun pensiya hüququ 01.07.2017-ci il tarixədək yarandığı təqdirdə, onun pensiya məbləğinin orta aylıq əmək haqqının 80% əsasında hesablanmasının mümkün olub-olmaması yönündə araşdırma aparmalıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının müraciəti üzrə cavab verməmişdir. İddiaçı tərəfindən müraciətinin göndərilməsini təsdiq edən poçt qəbzi təqdim olunduğundan, məhkəmə hesab edir ki cavabdeh tərəfindən imtina məktubu verilməsə belə, iddiaçı qanunamüvafiq qaydada inzibati orqana müraciət etmişdir. Beləliklə, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti üzrə əsaslı olub-olmamasına qiymət verilməsi məqsədi ilə, məhkəmə əvvəla iddiaçının pensiya hüququnun yaranma tarixini müəyyən edir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında”Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir.Qanunvericiliyin hər iki redaksiyasını təhlil etdikdə məlum olur ki, vətəndaşın pensiya hüququnun 01.07.2017-ci il tarixədək yaranması üçün iki şərt ödənilməli: 1) 62 yaş (01.01.2012-dən sonra 63 yaş) 2) 12 il sığorta stajı; 01.07.2017-ci il tarixdən sonra isə 1) yaş 2) 25 il sığorta (və ya minimum pensiya kapitalı) Qanunvericiliyin sadalanmış normalarından irəli çıxaraq məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun 01.07.2017-ci il tarixədək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il sığota stajı ilə bağlı şərt ödənilsə belə, onun yaş ilə bağlı nəzərdə tutulmuş şərt ödənilməmişdir. Belə ki, 01.01.2012-ci il tarixdən 01.07.2017-ci il tarixədək pensiyaya çıxmaq üçün yaş həddi 63 yaş müəyyən edildiyi halda, iddiaçının 63 yaşı yalnız 02.11.2018-ci il tarixdə tamam olur. Bu zaman isə artıq “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə dəyişiklik edilərək pensiya yaşı artırılmışdır. Belə olan halda məhkəmə iddiaçının yaşa görə əmək pensiyası hüququnun 02.11.2020-ci il tarixdən yarandığı qənaətinə gəlir. Pensiya məbləğinin hesablanması ilə bağlı nəzərə alınmalı olan əlavələrin müəyyən edilməsi məqsədi ilə, məhkəmə “Dövlət qulluğu haqqında” Qanunun və “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci və 23.2-ci maddələrinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin əvvəlki redaksiyasına görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci il tarixədək olan redaksiyanın 20.11-ci maddəsinə əsasən: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3-cü maddəsinə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçı tərəfindən mübahisələndirilən hal odur ki, onun pensiya hüququ 01.07.2017ci il tarixədək yarandığından, ona 15 il qulluq stajına görə orta aylıq əmək haqqının 80% miqdarında pensiya təyin edilməli halda, ona əsassız olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 72,25% miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarını iddiaçının irəli sürdüyü mülahizələr ilə birgə təhlil etditkdə aydın olur ki, “Əmək pensiyaları haqqında” Qanunun və “Dövlət qulluğu haqqında” Qanunun həm əvvəlki, həmçinin də hazırki redaksiyalarında orta aylıq əmək haqqının 80% məbləğində pensiyanın müəyyən edilməsi üçün konkret olaraq 15 və ya 25 il dövlət qulluğu stajının olması nəzərdə tutulmamışdır. Qanunların hər iki redaksiyanı nəzər yetirdikdə görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7ci maddəsində nəzərdə tutulmuş şəxslin əmək pensiyalarına qulluq stajına görə əlavələr təyin edilməsi zamanı dövlət qulluğu vəzifəsində işlədiyi staj, həmin staj əsasında dövlət məvacibinin orta aylıq məbləği üzrə müəyyən olunan faiz dərəcəsi və zərui olan staj tamamlandıqdan sonra hər ilə görə tətbiq olunan faiz dərəcəsi nəzərə alınır. Lakin bu zaman ən mühim şərtdən biri odur ki, vətəndaşa əlavələ görə müəyyən olunan faiz dərəcələrinin cəmi dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamalıdır. Məhkəmə iddiaçıya təyin olunmuş əmək pensiyası məbləğinin düzgünlüyünü yoxlayarkən, onun pensiya məbləğinin məhz “Əmək pensiyaları haqqnda” Qanunun 20.11.2-ci və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddələrinə uyğun olaraq hesablanmalı olması qənaətinə gəlmişdir. Belə ki, təqdim olunmuş pensiya işindən də göründüyü kimi, iddiaçının pensiya hüququ 02.11.2020-ci il tarixdən yarandığından, ona pensiya məbləği müəyyən edərkən, hazırda qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq edilərək, 15 təqvim ilindən çox stajı dövlət məvacibinin orta aylıq məbləğinin 50%, 15 ildən yuxarı dövlət qulluğunda işlədiyi hər ili isə müvafiq olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 3% əsasında hesablanmalıdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasını pensiya işində olan sənədlər ilə birgə təhlil etdikdə müəyyən edir ki, iddiaçının ümumi iş stajı 40 il 06 ay; dövlət qulluğunda iş stajı–22 il 05 ay 06 gün təşkil edir. Beləliklə, “Əmək pensiyaları haqqnda” Qanunun 20.11.2-ci və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddələrinə uyğun olaraq, iddiaçının dövlət qulluğu vəzifəsində işlədiyi 15 ili –dövlət məvacibinin orta aylıq məbləğinin 50%, yerdə qalan 7 il 05 ay 06 günü isə hər ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 3% miqdarında (7x3%+(5/12x3%)=22,25%) hesablandığı halda, iddiaçının pensiya məbləği dövlət məvacibinin orta aylıq məbləğinə tətbiq olunan 72,25% (50%+22,25%) faiz əsasında müəyyən olunur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya məbləği müəyyən edilərkən qulluq stajına görə əlavələr nəzərə alınmış və pensiyanın məbləği əsaslı olaraq dövlət məvacibinin orta aylıq məbləğinə tətbiq olunan 72,25% faiz əsasında müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü mülahizələr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 2017-ci ilədək olan redaksiyasına əsaslanaraq 15 təqvim ilindən çox stajı olduğundan, ona pensiya məbləğinin orta aylıq əmək haqqının 80% miqdarında təyin edilməli olması qənaətinə gəlsə də, “Dövlət qulluğu haqqında” Qanunun və “Əmək pensiyaları haqqında” Qanunun həm əvvəlki, həmçinin də hazırki redaksiyalarında təqvim illərinə görə tətbiq olunan faiz dərəcəsinin mütləq qaydada 80 % olması şərti olmamışdır. Əksinə pensiya məbləği vətəndaşın pensiya hüququ yaranma tarixindən, vətəndaşın stajından və zəruri olan stajı tamamladıqdan sonra yerdə qalan illərə tətbiq olunan faiz dərəcəsindən aslıdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, İddiaçı pensiyanın yenidən hesablanması barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar