Məhkəmə qərarları › İş №2-1(112)-4306/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4306/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4306/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləgv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-31/2 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçının xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ərizəçi xx.xx.1999-cu il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə Pəncabi, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Lahor şəhərində orta məktəbdə 10 il təhsil aldığını, ‘"Govt Science" kollecində 2 il mühəndislik ixtisası üzrə oxuduğunu, ailə vəziyyətinə görə təhsilini davam etdirə bilmədiyini, 2017-ci ildən atasına məxsus təndir sexində əmək fəaliyyətinə başladığını bildirmişdir. Ailə üzvləri barədə məlumat verərkən ərizəçi atası, anası, 3 qardaşının olduğunu, onların hamısının Pakistanda yaşadıqlarını, xx.xx.2021-ci il tarixdə Shamsa Kanwal adlı həmyerlisi ilə məhkəmə vasitəsilə ailə həyatı qurduğunu bildirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Azərbaycana gəldiklərini qeyd etmişdir. Ərizəçi qaçqın statusunun verilməsinə dair müraciət etmə səbəbi barədə danışarkən xx.xx.2021-ci il tarixdə Shamsa adlı qızla valideynlərinin razılığı olmadan məhkəmə yolu ilə evləndiyini, özünün şiə, qızın isə sünni olması səbəbindən hər iki tərəfin valideynləri, eləcə də, qızın əvvəlki nişanlısı bu evlilikdən xəbər tutduğu zaman onları təhdid etməyə başladığını, ərizəçini ölümlə hədələdiyini, valideynlərinin ondan üz döndərdiyini qeyd etmişdir. Bu təhdidləri əsas gətirən ərizəçi təqiblərdən qurtulmaq üçün arvadı Shamsa Kanwal ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də, "yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən yazılı etiraz təqdim edilmişdir. Yazılı etirazda bildirilmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-31/2 qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərinin) statusu haqqında” Azərbaycan Republikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Vəsatətində ailələrarası mübahisələrinin olması səbəbindən Azəbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcuddur. Eyni zamanda, şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətinə diqqət yetirək: şəxs vəsatətində bildirmişdir ki, xx.xx.2022-ci il ilk dəfə ölkədən çıxdı. Bakıya gəldilər, o, Bakıda MYİ üçün müraciət edə bilmədi. Ona viza almaqda kömək edən bir pakistanlı məsləhət gördü ki, Pakistana qayıdsın və biznes vizası alıb yenidən daxil olsun ölkəyə. O, da xx.xx.2022-ci il tarixdə Pakistana qayıtdı və yenidən Bakıya xx.xx.2022-ci ildə gəldi. Sonra işləri düzəlmədi və o, yenidən 06 iyulda vizanı yeniləmək üçün Pakistana getdi və 09 iyulda yenidən Bakıya qayıtdı. Hər dəfə Pakistana qayıdanda Lahor hava limanında Park View hotel Golberg mehmanxanasında qalırdı. Göründüyü kimi, şəxs təqib olunduğunu bildirsə də, bir neçə dəfə öz ölkəsinə giriş-çıxış etmişdir. Etirazında əvvəllər Azərbaycana biznes viza ilə daxil olduğunu bildirmişdir. Vəsatətdə bildirilmişdir ki, sual: Pakistanı tərk etməyinin hər hansı bir başqa səbəbi varmı? Cavab: Xeyr, başqa səbəb yoxdur. Bununla da müəyyən etmək olar ki, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. -Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli İQ-31/2 saylı qərarı ilə Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvü ilə birlikdə (arvadı, xx.xx.2000-ci il təvəllüdlü Shamsa Kanwal) qaçqın statusu verilməsindən imtina edilmişdir. -Cavabdehin təqdim etdiyi qaçqın statusunun verilməsi barədə ərizə-anket və ona əlavə olunmuş müsahibə vərəqi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 25 oktyabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın xx.xx.2022-ci il tarixli İQ-32/1 saylı qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X1rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı Pakistana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b.37; və X3rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149). Hazırkı işdə ərizəçi xx.xx.1999-cu il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə Pəncabi, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Lahor şəhərində orta məktəbdə 10 il təhsil aldığını, ‘"Govt Science" kollecində 2 il mühəndislik ixtisası üzrə oxuduğunu, ailə vəziyyətinə görə təhsilini davam etdirə bilmədiyini, 2017-ci ildən atasına məxsus təndir sexində əmək fəaliyyətinə başladığını bildirmişdir. Ailə üzvləri barədə məlumat verərkən ərizəçi atası, anası, 3 qardaşının olduğunu, onların hamısının Pakistanda yaşadıqlarını, xx.xx.2021-ci il tarixdə Shamsa Kanwal adlı həmyerlisi ilə məhkəmə vasitəsilə ailə həyatı qurduğunu bildirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Azərbaycana gəldiklərini qeyd etmişdir. Ərizəçi qaçqın statusunun verilməsinə dair müraciət etmə səbəbi barədə danışarkən xx.xx.2021-ci il tarixdə Shamsa adlı qızla valideyinlərinin razılığı olmadan məhkəmə yolu ilə evləndiyini, özünün şiə, qızın isə sünni olması səbəbindən hər iki tərəfin valideynləri, eləcə də, qızın əvvəlki nişanlısı bu evlilikdən xəbər tutduğu zaman onları təhdid etməyə başladığını, ərizəçini ölümlə hədələdiyini, valideynlərinin ondan üz döndərdiyini qeyd etmişdir. Bu təhdidləri əsas gətirən ərizəçi təqiblərdən qurtulmaq üçün arvadı Shamsa Kanwal ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Pakistan Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız qeyri-adekvat mühitdə (qorxu altında təqib edildiyi) yaşagını ümumi formada ifadə edib. Prosessual pozuntulara yol verilməsi ilə baglı dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı 25 oktyabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 64- 2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, Pakistanda iddiaçı dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusunun verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 25 oktyabr 2022-ci il tarixli, İQ-31/2 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 25 oktyabr 2022-ci il tarixli vəsatətinin təmin edilərək qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar