Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-431/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 üçüncü şəxs X5 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3-tədqiqat və redaksiya şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi 2 il 9 ay ərzində aldığı əmək haqqına müvafiq olaraq yeni məlumat vərəqinin və pul attestatının cavabdeh tərəfindən tərtib edilərək aidiyyəti üzrə göndərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2095/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbinin dəqiqləşdirərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 – xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə görə, iddiaçı cavabdeh təşkilatın X3-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən polis polkovnik- leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixdən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmiş, tərxis olunduğu tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 1 ay 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən 36 il 1 ay xidmət müddəti nəzərə alınmaqla ona pensiya təyinatı üçün tərtib edilmiş maliyyə vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilmişdir. Lakin həmin hesablama vərəqində iddiaçının cavabdeh təşkilatın X3-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində elmi katibi ilə yanaşı, həmin şöbənin rəisi kimi işlədiyi və 2 il 9 ay ərzində aldığı əmək haqqı qeyd edilməmişdir. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası rəisinin xx.xx.2013-cü il tarixli Ə45-034-13 №-li əmri ilə iddiaçıya – elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin (ETRNŞ) elmi katibinə ETRNŞ-nin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmiş və xx.xx.2015-ci il tarixinədək (yəni son yaş həddinə görə pensiyaya çıxanadək) bu vəzifəni icra edib və 2 il 9 ay ərzində həmin vəzifənin maaşını almışdır. xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək ETRNŞ-nin rəisi vəzifəsini Polis Akademiyasının Ə45-034-13 N-li əmrinə, xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək isə Akademiyanın rəhbərliyinin göstərişinə əsasən icra etmişdir. Akademiya rəhbərliyinin göstərişi faktiki olaraq iddiaçının tutduğu ETRNŞ-nin elmi katibinin funksional vəzifə borclarını həmin şöbənin vakant (boş) qalmış rəis vəzifəsinin funksional vəzifə borcları ilə birləşdirməklə bir əməkdaş kimi xidməti fəaliyyət fuksiyalarının da genişləndirilməsinə əsas olmuşdur. Yaranmış mövcud süni problemin başlıca mənfi tərəfi (mənbəyi) onunla bağlıdır ki, DİN-in Baş Kadrlar İdarəsinin hesablama vərəqində iddiaçının tutduğu vəzifə ETRNŞ-nin elmi katibi kimi göstərilməsi, öz növbəsində, DİN-in X1 plan şöbəsi tərəfindən tərtib edilmiş pul attestatında da əsas götürülmüşdür və son 2 il 9 ay ərzində işlədiyi şöbənin rəisi vəzifəsini də icra etdiyi qeyd edilməmişdir. Bu isə əmək və pensiya təminatı hüququnun pozulması kimi səciyyələndirilməlidir. Əslində DİN-in Polis Akademiyasında pul attestatında tutduğu vəzifə ETRNŞ-nin elmi katibi göstərilməklə yanaşı həmçinin mötərizədə xüsusi olaraq qeyd olunmalıdır ki, “DİN-in Polis Akademiyasının xx.xx.2013-cü il tarixli Ə45-034-13N2-N əmri və daha sonrakı göstərişinə əsasən əməkdaşın elmi katib vəzifəsi işlədiyi şöbənin rəisi vəzifəsi ilə birləşdirilərək genişləndirildiyi nəzərə alınmaqla”. Belə olduğu təqdirdə pul attestatında son 2 il 9 ay ərzində faktiki aldığı maaş göstərilməli və onun üzərində pensiya təminatı hesablanmalıdır. X1 plan şöbəsi tərəfindən yenidən tərtib olunacaq pul attestatı DİN-in Maliyyə Plan İdarəsinə təqdim edilməlidir və bu idarə pul attestatını “Hərbi və xüsusi rütbəli dövlət qulluqçuları və güzəştli təminat verilən şəxslərin Mərkəzi”nə göndərməlidir, həmin Mərkəz pensiyasının düzgün şəkildə ödənilməsini həyata keçirməklə pozulmuş pensiya hüququnu bərpa edə bilər. Bütün bunlarla əlaqədar dəfələrlə cavabdeh təşkilata ərizələrlə müraciət etmiş, lakin müraciətləri müsbət təmin edilməmiş və cavabdeh təşkilatın sonuncu imtina cavabını xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə almışdır. xx.xx.2019-cu il tarixdə yazdığı ərizəyə cavabında cavabdeh təşkilatın Polis Akademiyasının rəisi Nazim Əliyev vəzifə maaşının 25%-ni xx.xx.2019-cu il tarixli 07 №-li pul attestatında qeyd edərək yenidən cavabdeh təşkilatın Maliyyə Plan İdarəsinə göndərilmiş, lakin Maliyyə Plan İdarəsinin sonuncu imtina cavabında hətta 25% əlavə də qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya təqdim edilmiş imtina məktubuna uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi yazılı etirazda göstərilənlərə uygun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli etirazında bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və həmin Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 23159ş/h-001-15 saylı əmrindən görünür ki, polis polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası DİN-in X3-tədqiqat və redaksiyanəşriyyat şöbəsinin elmi katibi, “istefada olan polis polkovnik-leytenantı” sayılmaqla xx xxxxxx 2015-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə - xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. xx xxxxxx 2015-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 3 ay 14 gün, imtiyazlı hesablama ilə 36 il 02 ay 16 gün təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin xx.xx.2019-ci il tarixli, 027-28699/29-929 saylı məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəsinə Nazirliyin rəhbərliyinin tapşırığına əsasən DİN-in Maliyyə-Plan İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Qeyd edilənlər və DİN-in Polis Akademiyasının təqdim etdiyi pul attestatlarında iddiaçının xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinin Elmitədqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibinin vəzifəsinə müvafiq olaraq ödənildiyinin göstərildiyi baxımından müraciətində qeyd etdiyi, müvəqqəti vəzifənin icrasına görə aldığı əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan xx xxxxxx 2019-cu il tarixli 027286xx/xx- 1215 saylı məktubundan görünür ki, iddiaçı DİN-in X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixindən “yaşa görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən 36 il, 1 ay xidmət müddəti nəzərə alınmaqla iddiaçıya pensiya təyinatı üçün tərtib edilmiş məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyi-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən pensiya təminatı: - vəzifə maaşı - 513 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 161,75 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 179,55 manat və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1052,30 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə pensiya təminatı 1042,64 manat təşkil edir. Polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı üçün verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə iddiaçının vəzifəsi X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibi olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İş materiallarına əlavə edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının pensiya işində olan əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2006-cı il tarixli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən tərtib edilərək verilmiş “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunanan” xx.xx.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən DİNin X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsində maaşı göstərilməklə xx.xx.2015-ci il tarixindən əmək pensiyası təyin edilərək sonrakı artırımlarla nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********70 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli 591 saylı məlumat vərəqinə əsasən ona xx xxxxxx 2016-cı il tarixində (məhkəmə həmin tarixi formal xəta kimi pensiya işinə uygun olaraq xx.xx.2006-cı il qəbul edir) idarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. x xxxxxxxx 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən idarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 635 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 197.25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə 222.25 manat, xüsusi işə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 158.75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 1431.25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən uyğun olaraq 36 il, 1 ay, 17 gün xidmət müddətinə görə 1,387.90 manat məbləğində pensiya müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli, 027-4409-1220 saylı məktubundan görünür ki, İddiaçı DİN-in X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixindən yaşa görə daxili işlər orqanlarından xaric edilmişdir. DİO- dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 35 il, 3 ay, 14 gün, imtiyazlı hesablama ilə 36 il, 1 ay, 17 gün təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanununa əsasən 36 il xidmət müddəti nəzərə alınmaqla İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) göndərilmişdir. Hazırda «Əmək pensiyaları haqqında» Qanuna əsasən Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ödənilən pensiya təminatı: - vəzifə maaşı - 635 manat, rütbə maaşı - 154 manat, xidmət illərinə görə 25 faiz əlavə (vəzifə və rütbə maaşlarından) - 197,25 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 222,25 manat, vəzifə maaşına 25 faiz əlavə - 158,75 və ərzaq payı əvəzinə kompensasiya- 64 manat, cəmi 1431,25 manat məbləğində pul təminatından yeni hesablama qaydasına görə 1387,90 manat təşkil edir. İddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək olan xidmət dövrü üçün təminat xərcliyi, ona xidmətdən buraxıldığı günə ödənilmiş aylıq vəzifə maaşının məbləği və həmin məbləğin hansı vəzifəyə müvafiq ödənilməsi barədə məlumatı təqdim edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən tərtib edilmiş “DİN-in Polis Akademiyasının sabiq əməkdaşı polis polkovnik–leytenantı İddiaçı xx/xx/2013-cü il tarixdən xx/xx/2015-ci il tarixədək hesablanmış təminat xərcliyi” cədvəlindən görünür ki, İddiaçı vəzifə əmək haqqısı 2013-cü ilin fevral ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat məbləğində olmuşdur. Həmin cədvəlin qeyd hissəsindən görünür ki, xx/xx/2010 tarixli 025 nömrəli əmrə əsasən Elmitəhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin elmi katibi-vəzifə maaşı - 385,00 manat məbləğində olmuşdur. İddiaçı Polis Akademiyasının xx.xx.2013-ci il tarixli Ə 45-034-13 nömrəli əmrinə əsasən Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməsi həvalə olunmuşdur və vəzifə maaşı 430 manat məbləğində olmuşdur. DİO-da xidmetkeçmə əsasnamənin 38-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanlan əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. xx/xx/2013-cü il tarixli 020 nömrəli əmrə əsasən Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən-vəzifə maaşı 473,00 manat olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məhkəmə sorgusuna cavab olaraq göndərilmiş xx.xx.2013-cü il tarixli, Ə45-034-13 saylı “Elmitəhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrasının polis polkovnik-leytenantı İddiaçı həvalə edilməsinə dair” əmrindən görünür ki, Elmi-təhqiqat və Redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi-katibi polis polkovnik-leytenantı İddiaçı həvalə edilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda götərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı DİN-in X3-tədqiqat və Redaksiya-nəşriyyat şöbəsində elmi katib vəzifəsindən, polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixindən yaşa görə daxili işlər orqanlarından xaric edilmişdir. Cavabdeh orqanın iddiaçıya pensiya təyinatı üçün tərtib edilmiş xx.xx.2015-ci il tarixli 591 saylı məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilmiş və iddiaçıya xx xxxxxx 2006-cı il tarixli qərarla idarə tərəfindən xx.xx.2015-ci il tarixindən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdehin dəlillərinə görə iddiaçının sonuncu xidmət yeri üzrə vəzifəsi X3-tədqiqat və redaksiyanəşriyyat şöbəsində elmi katib olduğu üçün pensiya təminatında bu vəzifənin pul təminatı əsas götürülmüşdür. Lakin məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin xx.xx.2013-cü il tarixli, Ə45-034-13 saylı əmri ilə iddiaçıya elmi-təhqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəis vəzifəsinin müvəqqəti icrası həvalə edildiyindən xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hesablanmış təminat xərcliyi cədvəlinə əsasən iddiaçı həmin vəzifə üzrə 2013cü ilin fevral ayından sentyabr ayına qədər 430 manat manat, 2013-cü ilin oktyabr ayından 2015-ci ilin noyabr ayına kimi 473 manat əmək haqqı almışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Təminat xərcliyi isə (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Onu da nəzərə almaq lazımdır ki, təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur...Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun...Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir”. Belə olan halda, hazırkı iddiaçının xidmətdən tərxis olunması ilə əlaqədar pensiya təminatı məqsədilə “məlumat vərəqəsi” də onun sonuncu aldığı əmək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Odur ki, cavabdehin iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə deyil, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 – xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı alması əsası ilə məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı oldugundan təmin edilməli, İddiaçı xidmətdən buraxıldığı günə aldığı əmək haqqı nəzərə alınmaqla məlumat vərəqəsinin yenidən tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 4.1-ci, 13-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xidmətdən buraxıldığı günə aldığı əmək haqqı nəzərə alınmaqla məlumat vərəqəsinin yenidən tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-431/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-431/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver