Məhkəmə qərarları › İş №2-1(112)-4310/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4310/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4310/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “torpaq sahəsinin ona təhvil verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2007-ci il tarixli “Torpaq icarə müqaviləsi” əsasında Maştağa qəsəbəsi keçmiş Subtropik Sovxoz ərazisində 20.000 kv. metr torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən Səbail rayon icra şöbəsinə ərizə ilə müraciət edilərək, onun bələdiyyəyə olan 15000 (on beş min) manat hesablanmış borcun ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bu halın araşdırılması ilə bağlı Maştağa Bələdiyyəsinə müraciət edilmiş, bələdiyyə tərəfindən ona, onunla bələdiyyə arasında “Torpaq İcarəsi müqaviləsinin” bağlanıldığı və bu müqavilənin əsasında ona torpaq sahəsinin verildiyi və torpaqdan istifadəyə görə 15000 (on beş min) manat borcun yarandığı bildirilmişdir. Tərəfindən qeyd edilən sənədlərin bir nüsxəsinin ("torpaq sahəsinin icarəyə verilməsi haqqında qərar”, “icarə müqaviləsi” və s.) ona verilməsi xahiş edilsə də, bələdiyyə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Qeyd edilən sənədlərin bir nüsxəsi vəkil sorğusu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, 16 yanvar 2007-ci il tarixli, 55/20 nömrəli Maştağa bələdiyyəsinin qərarı ilə Maştağa qəsəbəsi keçmiş Subtropik Sovxoz ərazisində 20000 kv. m. torpaq sahəsi əkinçiliklə məşğul olmaq məqsədilə ona verilmişdir. Qeyd edilən qərar əsasında 22 yanvar 2007-ci il tarixli "Torpaq icarəsi müqaviləsi" rəsmiləşdirilmiş, Maştağa qəsəbəsi keçmiş Subtropik Sovxoz ərazisində 20000 kv. metr torpaq sahəsi ona verilmiş və torpaqdan istifadəyə görə illik 400 (dörd yüz) manat icarə haqqı müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma müddəti isə 01 dekabr 2007-ci il tarixdən 01 dekabr 2099-cu il tarixədək olması qeyd edilmişdir. Həmin qeyd edilən qərar, həmçinin icarə müqaviləsi barədə heç bir məlumatı olmamış, indiyədək həmin torpaq sahəsi tərəfimdən istifadə edilməmişdir. Nəinki həmin torpaq səhəsi tərəfindən istifadə edilməmiş hətta həmin torpaq sahəsinin harda yerləşməsi haqqında heç bir məlumatı olmamışdır. Əgər bələdiyyə tərəfindən iddia edildiyi kimi qeyd edilən "torpaq sahəsinin icarəyə verilməsi haqqında” qərar əsasında torpaq icarəsi müqaviləsi bağlanılmışdırsa və həmin müqavilə əsasında onun bələdiyyəyə 15000 (on beş min) manat məbləğində borcu yaranmışdırsa, bələdiyyə tərəfindən həmin torpaq sahəsi ona təhvil verilməlidir. Əgər bələdiyyə tərəfindən qeyd edilən torpaq icarəsi müqaviləsinə istinad edilirsə, həmin müqavilənin 2.2-ci bəndində “İcarəyə verən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericilin ilə nəzərdə tutulmuş qaydada icarəçiyə (İddiaçı) təhvil verməsi icarəyə verənin vəzifəsi kimi qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən həmin vəzifə verinə yetirilməmiş, qeyd edilən torpaq sahəsi ona təhvil verilməmişdir. Bır halda ki, bələdiyyə tərəfindən torpaq sahəsindən istifadəyə görə icarə haqqı tələb edilir, onda həmin torpaq sahəsi ona təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi və vəkili) məhkəmə iclasında iştirak etməmişdr. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın mümkün hesab edilərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1986-cı ildə doğulmuş İddiaçı Bakı şəhəri, Səbail rayonu, 2-Salyan yolu, Ö/T 5A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05612-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil təqdim olunmuş: Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında” 55/20 №-li, xx.xx.2007-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Maştağa qəsəbəsi keçmiş Subtropik sovxoz ərazisində 20000 kv. metr torpaq sahəsi əkinçiliklə məşğul olmaq məqsədilə vətəndaş İddiaçı icarəsinə verilməsi; İddiaçı ilə Maştağa Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin bağlanması; icarə haqqının 1 kv. metr torpaq sahəsi üçün 2 (iki) qəpik müəyyən edilməsi; torpaq sahəsinin icarə müddətinin 01 dekabr 2006-cı ildən 01 dekabr 2099-cu ilə qədər müəyyən edilməsi; E.L.X1 “Vergi və ödənişlər” şöbəsindən qeydiyyatdan keçib torpaq icarə haqqının ödənilməsinin təmin edilməsi v.s qərara alınmışdır. xx.xx.2007-ci il tarixli “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, “İcarəyəverən” Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi, “İcarəçi” İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli 55/20 saylı qərarı əsasında keçmiş subtropik sovxozu ərazisində yerləşən ümumi sahəsi 20.000 kv.m ola torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Maştağa Bələdiyyəsinin 15/75 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxoz ərazisində icarəsində olan 20000 kv. m. torpaq sahəsinə görə ona hesablanmış 15000 manat məbləğin tutularaq bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdeh orqana ərizə ilə müraciət olunsa da (xx.xx.2022-ci il tarixli 00804 nömrəli qəbzə əsasən) müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçı cavabdeh bələdiyyə tərəfindən ona ayrılması iddia olunan torpaq sahəsinin naturada təqdim edilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında göstərilmişdir ki: 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddaçının hazırki tələbi (bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin ona təqdim olunması) müqavilədən irəli gələn mübahisədir və qanunvericilikdə bu növ iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “torpaq sahəsinin ona təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar