Məhkəmə qərarları › İş №2-1(112)-4315/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4315/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4315/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İran İslam Respublikasının vətəndaşı (Pasport: İ********) xx.xx.1976-cı il təvəllüdlü İddiaçı müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İran vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşı X1 ilə 13 avqust 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2002-ci təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 adlarında qızları vardır. Müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin başa çatmasına az qaldığı üçün xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin veriməsi ilə bağlı müraciət (bildiriş №9157403) etmişdir. Cavabdehin xx.xx.2023-cü il imtina qərarında yazılır ki, müraciətinə əlavə edərək, təqdim etdiyi sənədlərdə imtina üçün əsaslar müəyyən edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 59-cu maddəsi və AR Miqrasiya Məcəlləsinin 50-ci maddəsi əsasında xx.xx.2023-cü il tarixli müraciətinə imtina verilmiş, AR ərazisindən 10 gün müddətinə kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Hüquqi qüvvəyə mindiyi gündən həmin qərardan 30 gün müddətində yuxarı orqana və ya məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. AR Miqrasiya Məcəlləsinin 79.6-cı maddəsində yazılır ki, kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır. Onun Azərbaycan ərazisində yaşayan yaxın qohumları, o cümlədən ailə üzvləri olan arvadı və birgə nikahdan övladları vardır. Bu əsaslar olduğu halda, cavabdeh tərəfindən xx.xx.2023-cü il qərarla müraciətinə imtina verilməsini qanunsuz hesab edir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, onun heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinə əsasən müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı 18 oktyabr 2023-cü il tarixli müraciətində qohumluq münasibəti əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmiş, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edilmiş və buna görə də müraciətinin təmin edilməməsi qərara alınmışdır. MYİ № ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş icazənin müddəti xx.xx.2020-ci ildə bitmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1976-cı il təvəllüdlü İddiaçı müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 47. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X7 Sistemi vasitəsi ilə həyata keçirilir. Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanı: 5.4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin.....47.1-ci... maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 5.11. ...47.5-ci, 47.6-cı, 47.7-ci maddələrində ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallardan biridir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti yox, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyətli dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar