Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4319/2020 18.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi (vəkili) X8 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 4) cavabdeh – Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 X12 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 (bundan sonra – DSMF) X1rşı «iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin birdəfəyə ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, x xxxxxxx 1956-cı il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş və sonradan əmək fəaliyyətinı başlamışdır. 1993-cü ildə Zəngilan rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra məcburi köçkün kimi ilkin olaraq Şirvan şəhərində, daha sonra isə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 41 ünvanında ailəsi ilə birlikdə məskunlaşmışdır. İlk vaxtlarda müxtəlif işlərdə işləmiş, daha sonra 2000-ci ildən daimi işlə təmin olunmuş və 2006-cı ildən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində izolyasiyaçı peşəsinə qəbul edilmişdir. Hazırda da həmin idarədə işləyir. Sonralar qeyd olunan idarənin və işlədiyi peşənin adı dəyişdirilmiş və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Onun işlədiyi peşə (hidroizolyasiya işlərində izoləedici peşəsi) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədir. Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 57 yaş tələbi ilə yanaşı, 12 il 6 ay əmək stajı tələb olunur. Onun 57 yaşı 2013-cü ildə tamam olsa da, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün tələb olunan stajı 2019-cu ilin aprel ayında toplanmışdır. O, həmin hüququnun yarandığı vaxt, yəni 2019-cu ilin aprel ayında cavabdehə müraciət etmiş, lakin cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina məktubunda qeyd edilir ki, əmək şəraiti xüsusilə ağır işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir və ərizəçi tərəfindən təqdim edilmiş əmək kitabçasında göstərilən işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş siyahıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Cavabdehin imtinası əsassız hesab olunur, bu səbəbdən ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə olunmalıdır. İnzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifə onun işlədiyi peşə ilə uyğundur və bu, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İnzibati orqan qanunvericiliyin və qeyd edilən qərarın tələblərini düzgün şərh etməmişdir və bu cür yanaşma onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosual təminat hüququna malikdir. Azərbaycan Respublikasında vətəndaşların ımək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sitemi x xxxxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə istinad edilərək sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi qanunun qüvvəyə mindiyi gündən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə, İPM-inm 2-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) xx xxxxxxx 2006-cı il tarixdən “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində izolyasiyaçı (hidroizolyasiya üzrə izolyasiyaçı) vəzifəsində işlədiyi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakıları bildirmişdir: - İddiaçı iddiasına etiraz olunur. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, Qanunun həmin maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, həmin normanın (Qanunun 9.1-ci maddəsi) iddiaçıya şamil olunması üçün onun 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə, 3 şərtə riayət etməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən yaş həddinə çatması, 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahob olması, 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilməsi. Hazırkı iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçı x xxxxx 2000-ci tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx xxxxxxx 2006-cı il tarixdən bu günədək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində izolyasiyaçı və hidroizolyasiya işlərində izoləedici peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr müvafiq Siyahıda qeyd edilən sahəyə və vəzifəyə uyğun deyildir. Belə olan halda, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. İddiaçının işləmiş olduğu təşkilat tərəfindən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə AR ƏƏSM Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarında (əlavənin 2.4-cü bəndində) nəzərə tutulmuş arayış təqdim edilməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə “iddianın dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim etmiş və iddia tələbinin “iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X13 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin x xxxxxxx 2019-cu il tarixli SOCAR**********80020123X00316 nömrıli arayışında aşağıdakılar qeyd olunmuşdur: - 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx xxxxxxx 2006-cı il tarixdə “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsinə izolyasiyaçı peşəsinə işə qəbul edilmişdir (71/k nömrəli xx xxxxxxx 2006-cı il tarixli əmr), x xxxxxxxx 2015-ci il tarixdən 1 saylı X2 bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (510-k nömrəli x xxxxxxxx 2015-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2007-ci il tarixli 51 saylı əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” Tresti “Azneft” İB-nin tərkibindən SOCAR-ın tabeliyinə verilmiş və “Neftqaztikinti” Tresti adlandırılmışdır. xx xxx 2008-ci il tarixdən izolyasiyaçı peşəsi hidroizolyasiya üzrə izolyasiyaçı adlandırılmışdır (141 nömrəli xx xxx 2008-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2014-cü il tarixli 89 nömrəli əmrinə əsasən “Neftqaztikinti” X3 Tikinti və 1 saylı Tikinti Quraşdırma idarələri birləşdirilərək 1 saylı X10 adlandırılmışdır. SOCAR-ın x xxx 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000051 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Trestinin tərkibində X4 bölümü yaradılmışdır. İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə (SOCAR/15-2500/xx-xx-000424 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əmr) “Neftqaztikinti” X3 Tikinti bölümünə hidroizolyasiya işlərində izoləedici peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Həmin peşədə onun əmək stajı 12 il 11 ay 25 gün təşkil edir. İş materiallarında olan DSMF X12 İdarəısinin ərizəçi İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın bina, qurğu və obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən x xxxxx 2000-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında Sizin xx xxxxxxx 2006-cı il tarixdən başlayaraq bu günədək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) izolyasiyaçı və hidroizolyasiyaçı peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr Siyahıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı x xxxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 2 il hərbi xidmət keçdkdən sonra müxtəlif müəssisə və təşkilatlarda çalışmış və 2006-cı ildən hal-hazıradək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) hidroizolyasiya işlərində izoləedici peşəsində işləyir. O, 2020-ci ilin yanvar ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF X12 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi onun azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə (vəzifələrdə) çalışmaması əsas gətirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçının 25 ildən çox ümumi iş stajına malik olması işin mübahisələdirilən hallarına aid deyil. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Hazırkı İddiaçı 2006-cı ildın başlayaraq 12 il 6 aydan çox işlədiyi “hidroizolyasiya işlərində izolyasiyaçı” peşəsi həmin Qərarla təsdiqlənmiş Siyahının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf İddiaçı 12 il 6 aydan artıq işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr (vəzifələr, göstəricilər) sırasına daxil olmaması mövqeyi ilə bağlı məhkəməyə hər hansı tutarlı dəlil, sübut təqdim etməmişdir. Eləcə də, iddiaçının həmin vəzifədəki iş stajının 12 il 6 aydan artıq olması, habelə 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisələndirilən hallarına aid edilmir. Məhkəmənin qənaətinə görə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə olaraq 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Belə olan halda, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və hesab edir ki, inzibati orqanın həmin əsasla (“iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahıya aid olmaması” əsası ilə) imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı inzibati orqanın imtinası «İnzibati icraat haqqında» AR Qanununun 15 və 19-cu maddələrinin tələblərinə zidd olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddianın ikinci hissəsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş müddət üçün alınmamış məbləğin ödənilməsini «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələri tənzimləyir və bununla bağlı həmin normalar müvafiq qayda da müəyyən edir. Odur ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın hesablanmasında keçmiş müddət üçün alınamamış məbləğin müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X12 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın hesablanmasında keçmiş müddət üçün alınamamış məbləğin müvafiq qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X12 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4319/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4319/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver