Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-432/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1 mənzil 2), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38, mənzil 224; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” vəkil bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı pensiya tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin üzərinə qoyulması”na dair iddiaçının iddianın dəyişdirilməsi”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Daha sonra həqiqi hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. Hal-hazırda “Azərbaycan X6” QSC X12 Donanmasında kranmeyster vəzifəsində işləyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işləməsini müəyyən etmək mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). İddiaçının təqdim etdiyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş arxiv arayışından göründüyü kimi, iddiaçı xx.xx.2004-cü il tarixdən -Üzən kopyora altıncı dərəcəli kranmeyster peşəsində işə qəbul edilmiş, xx.xx.2007-ci ildən ikinci peşə-üçüncü dərəcəli portal kranın maşinisti peşəsi verilmiş, xx.xx.2007-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.(3 il 7 ay) Həmin arayışda qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçilik QSC tərəfindən iddiaçının adına verilmiş arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək həmin Gəmiçiliyin “Üzən kopyor-315" gəmisində krançı vəzifəsində işləmişdir. Qeyd edilən iş stajı AR.Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahısınının 29 bəndinin “a” yarımbəndində, həmçinin Nazirlirə Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının XXYİİ hissəsinin “a” bəndində (kod 2290000a- 13121) uyğun göstərilmişdir. İddiaçının güzəştli iş stajı 07 il 20 gündür. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi digər peşələrin adları nə Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nə də ki, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarında qeyd edilməmişlər. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə,Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ nə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla nə də ki, hal hazırda qüvvədə olan “Əmək Pensiyası haqqında Qanunla yaranmamışdır". Belə ki, ƏPQ-nun xx xxxxxx 2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 44, güzəştli şərtlərlə pensiya təyinat hüququ verən həmin peşələrdə isə işləməmişdir. Həmçinin, iddiaçının hal-hazırda 58 yaşı olduğundan ona ƏPQ-nun hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57-dən 60 qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Salyan rayonu Xalac kəndində anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş HЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərnəqliyyattikinti trestin İTQB-3 1 dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək TPB obyektinə fəhlə, betonçu 3-cü dərəcə, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərnəqliyyattikinti trestin 518 –SMV PS MO-3 3-cü dərəcəli betonçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli maş. Qreyderi, 5-ci dərəcəli qaya kəsici, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək kran maş. köməkçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək kran maşinisti, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X11 Dəstəsinə kran maşinisti, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı; xx.xx.1998- ci il tarixdən xx.xx.2002ci il tarixədək və xx.xx.2002- ci il tarixdən xx.xx.2004-cü il tarixədək “ÜK-315” gəmisində krançı, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “X6” İB-də Üzən kapyora kranmeyster, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan X6 “Üzən kopyor-315” gəmisinə krançı vəzifəsində işləmişdi, xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Azərbaycan X6” QSC X12 Donanması kranmeyster vəzifəsində işləyir. İş materiallarından görünür ki, 3 saylı X5 Dəstəsinin xx.xx.2019-cu il tarixli 02 nömrəli Arayışında göstərilmişdir: “ Bağmanəli Süleyman oğlunun 3 saylı X5 Dəstəsinin “ÜK-315” və “DRAVO” gəmilərində iş stajı aşağıdakı kimidir: xx.xx.1991 (əmr N 99, xx.xx.1991) - xx.xx.1997 (əmr N 53, xx.xx.1997) - “ÜK- 315” gəmisində krançı; xx.xx.1997xx.xx.1998 (əmr N 1, xx.xx.1998) - “DRAVO” gəmisində krançı; xx.xx.1998-xx.xx.2002 (əmr N 62, xx.xx.2002), xx.xx.2002 (Əmr N 85, xx.xx.2002)-xx.xx.2004 (Əmr N 32/k, xx.xx.2004) - “ÜK-315” gəmisində krançı. Yuxarıda göstərilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhər daxili yol gəmilərinə aid deyildir və dəniz gəmiləri sinfinə aiddir. Krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir. Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” X8 Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkəti “xxxxxxxxxxxxxxxxxxxxxxx” Səhmdar Cəmiyyətinə çevrilmişdir.” İş materiallarından görünür ki, “Azərbaycan X6” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2019-cu il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı- (xx.xx.1961-ci il təvəllüdlü) ondan ötəri ki, həqiqətən keçmiş Baş İstehsalat Vahidi “Paris Kommunası”adına X7 Birliyi “X1” işləmişdir xx.xx.2004-cü ildən-Üzən kapyora altıncı dərəcəli kranmeyster peşəsinə işə qəbul edilib. (K-182. xx.xx.2004) xx.xx.2007-ci ildən- İkinci peşə -üçüncü dərəcəli portal kran maşinist peşəsi verilmişdi. (əmrTK-12. xx.xx.2007) xx.xx.2007-ci ildən- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (K-372. xx.xx.2007) xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İBnin X7 Bazası adlandırılıb. Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 18 N-İi qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG “QSC” xx.xx.2014cü tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya”adına Gəmi Təmiri zavodu və “X7 Bazası”yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ”X9 birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ”Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. ƏSAS: Şəxsi vərəqə (Forma NsT-2)” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir: “İdarə tərəfindən xx xxxx 2019-cu il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə əlavə olaraq bir daha bildiririk ki, İdarəyə təqdim etdiyiniz sənədlərdə qeyd olunan xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X6’’ QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyiniz kranmeyster peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin müvafiq arayışlardan göründüyü kimi xx xxxxxx 2006-cı ilədək iddiaçının həqiqi hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 2 ay) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixidək güzəştli iş stajın 12 il 6 aydan az təşkil edir, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi digər peşələrin adları nə Nazirlər Kabinetinin xx.xx.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nə də ki, Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarında qeyd edilməmişlər. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC 3 saylı X5 Dəstəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 10 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda göstərmişduir: “Sizin xx.xx.2020-ci il tarixli 2-1(112)-432/2020 saylı sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı 1991-2004-cü illərdə işlədiyi “ÜK-315” gəmisi 2004-cü ildə məhkəmə qərarına əsasən X2 verilmişdir. Gəmiyə aid bütün sənədlər də təhvil verilmişdir. “Dravo” Gəmisi isə 2010-cu ildə istismar müddətini başa vurduğu üçün silinmişdir. “ÜK-315” və “Dravo” gəmilərini Azərbaycan Respublikası Dəniz Administrasiyasında qeydiyyatdan keçmiş və dəniz sularında üzmək hüququna malik olmuşdur. Digər tərəfdən həmin gəmilər Respublikamızın daxilində iş görməklə yanaşı digər respublikalarda da (Rusiya Federasiyası, Dağıstan Respublikası, Qazaxıstan Respublikası) işlər yerinə yetirmişdir. Krançı vəzifəsi isə İdarə üçün təsdiq olunmuş ştat cədvəlində (donanma heyyəti də daxil olmaqla) həmin gəmilərin üzən heyyətinin üzvü kimi təsdiq edilmişdir. Nəzərinizə çatdırırıq ki, idarə 2010-cu ildən fəaliyyətini tam olaraq dayandırmışdır. Nəzərə almağınızı xahiş edirik.” İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC 3 saylı X5 Dəstəsinin 09-K nömrəli xx.xx.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən onun 3 saylı X5 Dəstəsinin “ÜK-315” və “DRAVO” gəmilərinin üzən heyətində iş stajı aşağıdakı kimidir: xx.xx.1991 (əmr № 99, xx.xx.1991) - xx.xx.1997 (əmr № 53, xx.xx.1997) - “ÜK- 315” gəmisində krançı; xx.xx.1997- xx.xx.1998 (əmr № 1, xx.xx.1998) - “DRAVO” gəmisində krançı; xx.xx.1998-xx.xx.2002 (əmr № 62, xx.xx.2002), xx.xx.2002 (Əmr 85, xx.xx.2002)-xx.xx.2004 (Əmr № 32/k, xx.xx.2004) - “ÜK-315” gəmisində krançı. Yuxarıda göstərilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhər daxili yol gəmilərinə aid deyildir və dəniz gəmiləri sinfinə aiddir. Krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir, (bölmə 21. Nəqliyyat. 21.2 y/bənd b) Üzən heyyət; bütün adlarda maşinistlər) Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” X8 Birliyi “Azəməqliyyatyoltikinti” Dövlət şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkəti “xxxxxxxxxxxxxxxxxxxxxxx” Səhmdar Cəmiyyətinə çevrilmişdir.” Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışlardan müəyyən edilir ki, iddiaçının işlədiyi krançı vəzifəsi gəmi heyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsinin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod 23003010) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifə (krançı) qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə (krançı) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq (13 il 11 ay 15 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş satajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-432/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-432/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver