Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-432/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, Əsədova Türkanə Malik qızının kаtibliyi, iddiaçı Baxşıyev Zakir Vladimir oğlunun (Bakı şəhərində qeydiyyatdadır,sürücü), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatddır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Baxşıyev Zakir Vladimir oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçıya ayrılmış bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Baxşıyev Zakir Vladimir oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhər Sabunçu rayonu Ləhiş qəsəbəsində Bağlar Massivində yerləşən 1128 saylı bağ sahəsinə dair (koordinatları X=411106.1290, Y=4490103.8202, X=4111090.8102, Y=4490123.5771, X=411172.2063, Y=4490181.6706, X=411187.5476, Y=4490161.8806) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, bağ massivində yerləşən 1128 nömrəli bağ sahəsi müqavilə əsasında ona verilmişdir və onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etsədə cavabdeh onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1128 nömrəli bağ sahəsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “1150” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Əlavə araşdırma zamanı məyyən olunmuşdur ki, 1128 nömrəli bağın həqiqi ərazisi iddiaçının iddia etdiyi sahədən 640 m. şimalda yerləşir. Elektron baza məlumatlarına əsasən həmin ərazi qeydiyyatdan keçməmiş boş ərazidir, yalnız 150 kv.m. hissəsində digər şəxslərin müraciəti aşkar olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə cavab məktubu verilmişdir. Cavadeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi T.Yeganlı cavabdehin iddia tələbinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 20.10.2020-ci il tarixli bildirişinə əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1128 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1128 nömrəli bağ sahəsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “1150” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Odur ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 17.08.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 1128 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X2 və İstismar Birliyi ilə Baxşıyev Zakir Vladimir oğlu arasında bağlanmış 16.08.2006-cı il tarixli, 10214 nömrəli müqavilə idarənin arxivində mövcuddur, sözügedən bağ sahəsinə dair texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş 10214 nömrəli, 16.08.2006-cı il tarixli Ləhiş ərazisindəki 1128 nömrəli bağın istifadəyə verilməsi haqqında 16.08.2006-cı il tarixli müqaviləyə əsasən qeyd edilən sahəsi 0,25 ha olan bağ torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir,habelə bağın torpaq sahəsinin planı da məktuba əlavə edilmişdir, həmin plana əsasən bağ 1243,1127,1129 nömrəli bağ sahələrinin əhatəsində yerləşmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 12.02.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 118 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Baxşıyev Zakir Vladimir oğlu arasında bağlanmış 16.08.2006-cı il tarixli, 10214 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Sözügedən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 1128 nömrəli bağ sahəsinə dair arxiv qovluğundakı 20214 nömrəli, 16.07.1965-ci il tarixli “Bağ sahələrinin tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Goradil qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 125 nömrəli bağ sahəsi X1 icarəsinə verilmişdir.Sonradan qeyd edilən şəxsin 12.06.1967-ci il tarixli ərizəsi əsasında Ləhiş bağ sahəsində sahəsi 0,25 ha olan 1128 nömrəli bağ sahəsinin Vladimir Baxşıyevə verilməsi barədə 04.04.1969-cu il tarixli icarə müqaviləsi bağlanmışdır, həmin müqavilənin müddətinin uzadılması barədə vətəndaşın ərizəsi əsasında qeyd edilən şəxslə yeni 09.08.1982-ci il tarixli 1128 nömrəli bağdan istifadə müqaviləsi bağlanmışdır,vətəndaşın 28.05.1990-cı il tarixli müraciəti əsasında bağ sahəsinə dair 16.01.1991-ci il tarixli yeni müqavilə bağlanmış və həmin müqaviləyə əsasən də Baxşıyev Vladimir İzzət oğluna Ləhiş qəsəbəsində sahəsi 0,25 ha olan 1128 nömrəli bağ icarəyə verilmişdir, Baxşıyev Vladimir İzzət oğlu 1997-ci ildə vəfat etdikdən sonra ailə üzvlərinin razılığı ilə bağ sahəsinin icarəçisinin oğlu Baxşıyev Zakir Vladimir oğlu ilə bağın icarəyə verilməsi barədə 16.08.2006-cı il tarixli, 10214 nömrəli müqavilə bağlanmışdır. Cavabdehin məhkəməyə ünvanlanmış 02.08.2021-ci il tarixli məktubuna əsasən iddiaçının bildirdiyi bağ sahəsi ümumi açıq bir ərazidə yerləşməklə fiziki sərhədləri mövcud deyildir, şərti göstərilən sahə 1128 saylı bağın yerinə uyğun gəlmir, idarənin elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.Belə ki, 1128 nömrəsinə yaxın digər bağlar şərti göstərilmiş ərazidən təqribən 600 metr kənarda, şimal-qərb istiqamətdə yerləşir.Bu ərazidə bağ sahələrinin hasarlama işləri sxematik ardıcıllığa uyğun aparılmadığından əlavə dəqiqləşdirmə işlərinin görülməsi mümkün olmamışdır. Məhkəmənin hazırki iş üzrə qəbul edilmiş 30.09.2021-ci il tarixli qərardadı ilə Baxşıyev Zakir Vladimir oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi bağ massivində yerləşən 1128 nömrəli bağ sahəsinin (sxematik xəritəyə əsasən həqiqi ərazisinin) koordinatlarının müəyyən edilməsi kimi zəruri tədbirin görülməsi cavabdehə tapşırılmışdır. Cavabdehin 30.11.2021-ci il tarixli ərizəsi ilə məhkəməyə daxil olmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən vətəndaşın iştirakı ilə bağ sahəsinin yerləşdiyi əraziyə texniki baxış keçirildi.Elektron bazadan təyin edilmiş koordinatlar əsasında vətəndaşa naturada 1128 saylı bağ sahəsinin bölgü sxeminə əsasən yerləşdiyi ərazi və döngə nöqtələri göstərildi.Sözügedən bağ sahəsinin döngə nöqtələrinə vətəndaş tərəfindən dəmir çubuqlar bərkidilərək nişanlandı. Bağ sahəsinin yerləşdiyi ərazidə digər vətəndaşa məxsus olan taxta konstruksiyalı budka mövcuddur, koordinatlar sənədə əlavə edildi.Kadastrı sxematik xəritəyə uyğun gəlir, 170 kv metr hissəsi digər vətəndaşın müraciəti ilə üst üstə düşür, koordinatlar X= 411106.1290, Y= 4490103.8202, X=411090.8102, Y=4490123.5771, X= 411172.2063, Y=4490181.6706, X=411187.5476, Y=4490161.8806 müəyyən edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, onun atası Baxşıyev Vladimir İzzət oğluna 1967-ci ildə Ləhiş bağ sahəsində sahəsi 0,25 ha olan 1128 nömrəli bağ sahəsi icarəyə verilmişdir, həmin bağ sahəsinin yeni müddətlərə icarəyə verilməsi ilə bağlı 09.08.1982-ci il və 16.01.1991-ci il tarixlərdə yeni müqavilələr bağlanmışdır, Baxşıyev Vladimir İzzət oğlu 1997-ci ildə vəfat etdikdən sonra bağ sahəsinə dair icarə müqaviləsi Baxşıyev Zakir Vladimir oğlu ilə bağlanmışdır,iddiaçı həmin torpağın mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmakın dövlət reyestrindən iddiaçının adına çıxarış verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1128 nömrəli bağ sahəsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi “1150” nömrəsi ilə başlayan bağın ərazisinə uyğun gəlir. Əlavə araşdırma zamanı məyyən olunmuşdur ki, 1128 nömrəli bağın həqiqi ərazisi iddiaçının iddia etdiyi sahədən 640 m. şimalda yerləşir. Elektron baza məlumatlarına əsasən həmin ərazi qeydiyyatdan keçməmiş boş ərazidir, yalnız 150 kv.m. hissəsində digər şəxslərin müraciəti aşkar olunmuşdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İşin faktiki hallarına əsasən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi iddiaçının atası X1 icarəsinə 1967-ci ildə verilmişdir, həmin vaxtdan vəfat etdiyi tarixə qədər bağ sahəsi həmin şəxsin icarəsində olmuşdur, qeyd edilən şəxs 1997-ci ildə vəfat etdikdən sonra isə bağ sahəsinin icarəçinin oğlu Baxşıyev Zakir Vladimir oğluna icarəyə verilməsi barədə 16.08.2006-cı ildə müqavilə bağlanmışdır. Beləliklə, 1128 nömrəli bağ sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsində olması işin faktiki halları ilə təsdiqlənir.Cavabdeh iddia ərizəsinə etirazında Ləhiş qəsəbəsində yerləşən 1128 nömrəli bağ sahəsinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən ərazinin “1150” nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəldiyini, 1128 nömrəli bağın həqiqi ərazisinin iddiaçının iddia etdiyi sahədən 640 m. şimalda yerləşməsini, elektron baza məlumatlarına əsasən həmin ərazinin qeydiyyatdan keçməmiş boş ərazi olmasını, yalnız 150 kv.m. hissəsində digər şəxslərin müraciətinin aşkar olunmasını göstərsə də bu barədə bildirdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir, yəni cavabdeh həm 1128 nömrəli, həmdə 1150 nömrəli bağ sahəsinin qeydə alınmış koordinatlarını təsdiq edən sənədləri, habelə sahəyə iddiası olan şəxslər barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.24-cü bədinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.2-ci bəndinə əsasən yerquruluşu işlərini təşkil etmək və aparmaq, 3.0.6-cı bəndinə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, 3.0.9-cu bəndinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, 3.0.12-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət mülkiyyətində olmuş və özəlləşdirilmiş yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işləri aparmaq da qeyd edilən xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamələrlə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının istifadəsində qanuni əsaslarla bağ sahəsinin olmasına və 1128 nömrəli bağ sahəsinin dəqiq koordinatları barədə məlumatın olmamasına baxmayaraq yerquruluşu işlərini aparmaqla qanuni istifadədə olan bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək əvəzinə heç bir əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul edilmiş qərardadı əsasında cavabdeh iddiaçının qanuni əsaslar ilə istifdəsinə olan bağ sahəsinin koordinatlarının X=411106.1290, Y=4490103.8202, X=4111090.8102, Y=4490123.5771, X=411172.2063, Y=4490181.6706, X=411187.5476, Y=4490161.8806 olması müəyyən edilmişdir, həmin bağın başqa koordinatlara malik olması, habelə qeyd edilən koordinatlarlarla digər bağın (torpaq sahəsinin) hər hansı bir şəxsin adına qeydə alınması inzibati iş materialları ilə təsdiqlənməmişdir ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, qeyd edilən koordinatlar üzrə iddiaçının istifadəsində olan bağ sahəsi üzərində mülkiyyəti hüquqları daşınmaz əmakın dövlət reyestrində qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər Sabunçu rayonu Ləhiş qəsəbəsində Bağlar Massivində yerləşən 1128 saylı bağ sahəsinə dair (koordinatları X=411106.1290, Y=4490103.8202, X=4111090.8102, Y=4490123.5771, X=411172.2063, Y=4490181.6706, X=411187.5476, Y=4490161.8806) mülkiyyət hüququnun iddiaçı Baxşıyev Zakir Vladimir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2-ci, 62-ci, 68-ci, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhər Sabunçu rayonu Ləhiş qəsəbəsində Bağlar Massivində yerləşən 1128 saylı bağ sahəsinə dair (koordinatları X=411106.1290, Y=4490103.8202, X=4111090.8102, Y=4490123.5771, X=411172.2063, Y=4490181.6706, X=411187.5476, Y=4490161.8806) mülkiyyət hüququnun iddiaçı Baxşıyev Zakir Vladimir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-432/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-432/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver