Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-432/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun ümumi iş stajı 25 ildən çox təşkil etdiyindən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş ölüm haqqında akt qeydinin surətindən məlum olmuşdur ki, İddiaçı “Kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər embeliyası” xəstəliyi səbəbindən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmə gedişatı zamanı, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaya mahiyyəti üzrə baxılması zamanı vəfat etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin müddəalarında inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliyi ilə bağlı məsələ tənzimlənməmişdir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Məhkəmə qeyd edir ki, iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan, bu sahəyə dair maddi hüquq normalarının hüquq varisliyə yol verilibverilməməsi müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağrılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik miras qoyan şəxsin hansı hüquq və vəzifələrinin mirasın tərkibinə daxil olduğunu fərqləndirmişdir. Məhkəmə diqqətə çatdırır ki, pensiya - şəxsin sosial təminat hüquqlarını ehtiva edir. Doğrudur ki, əgər şəxs əmək pensiyası alırdısa, bu hüquq onun hüquqi varisləri üçün ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququnu yaradır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Eyni zamanda nəzərə alınmalıdır ki, bu hüquq həmçinin vətəndaşın əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmə mübahisəsi davam edən dövrə də təsadüf edir. Çünki, əgər vətəndaş məhkəmə gedişatı zamanı vəfat edərsə, onun qanunla müəyyən edilmiş hüquqi varisləri bu tələbi və ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb etmək hüququna malikdirlər. Beləliklə, inzibati icraata dair qanunverciliklə nəzərdə tutulmuş qaydada pensiyanın təyininə dair maddi normalar hüquq varisliyinə yol verdiyindən, inzibati məhkəmə icraatı üzrə də hüquq varisliyinin mümkünlüyü qəbul olunmalıdır. Lakin işin halları kimi müəyyən etmişdir ki, iddiaçının vəfatı ilə əlaqədar vərəsəlik işi açılmamış, vərəsə və ya vərəsələrə vərəsəlik şəhadətnamənin verilməsi həyata keçirilməmişdir. İnzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliklə bağlı məsələnin hazırki mərhələdə həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; - 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; - 1321.3-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddələrin tələblərindən göründüyü kimi, vərəsələr kimi müəyyən edilmiş şəxslərin miras əmlaka hüququnu təsdiq edən rəsmi sənəd vərəsəlik şəhadətnaməsidir ki, belə şəhadətnamə müəyyən şərtlərin mövcudluğu halında mirasın açıldığı gündən altı ay keçdikdən sonra və yaxud daha tez verilə bilər. Məhkəmə diqqətə çatdırır ki, hazırkı tələb varisliyə yol versə belə, iddiaçının vərəsələrin dairəsi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbindən də görünür ki, varisliyin təsdiqi şəxsə təqdim edilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən edilir. Şəxsin vəfat etmiş şəxslə hər hansı qohumluq əlaqəsinin mövcud olması vəfat edən şəxsin varisliyə yol verilən hüquqlarının məhz həmin şəxs tərəfindən realizə imkanını birbaşa yaratmır. Bu zaman göstərilən qohumluq əlaqəsində olan və ya digər formada varis qismində tanına bilən şəxs vəfat edən şəxsin varisi kimi şəhadətnamə ilə müvafiq notarius tərəfindən təmin edilməlidir. Lakin, hazırkı iş üzrə iddiaçının vərəsələrinə dair müvafiq şəhadətnamə təqdim edilməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-31/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında kassasiya instansiya məhkəməsinin nümayiş etdirdi mövqeyi odur ki, iddiaçının irəli sürdüyü tələb hüquqi varisliyə yol versədə, vərəsələrin əhatə dairəsi müəyyən edilməmiş, bunu təsdiq edən vərəsəlik şəhadətnaməsi təqdim edilməmişdir. Bu səbəbdən də kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadını əsaslı hesab etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-432/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-432/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver