Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-432/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Türkan qəsəbəsi (Xəzər rayonu) bağ massivində yerləşən 502 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Kənd Təsərrüfatı Nazirliyinin X24 Mənzil-Məişət Komissiyasının 30 may 2007-ci il tarixli, 4 nömrəli iclas protokolu əsasında iddiaçı ilə yanaşı bağ sahəsi ayrılmış əməkdaşlardan bir neçəsi (8 vətəndaşın çoxu) artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdırlar.
3. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul" bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı vo protokoldan çıxarış aşkar olunmamışdır. Həmçinin, təqdim edilən protokol və protokoldan çıxarış 22 may 2007-ci il tarixindən sonra verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçının müraciətinə **********65 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 502 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və İdarənin arxivində təqdim edilmiş protokoldan çıxarış aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş protokol və protokoldan çıxarış 22 may 2007-ci il tarixindən sonra, 30 may 2007-ci il tarixdə verilmişdir. Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüsü 570 kv.m təşkil edir. Bundan başqa, iddiaçının adı şəxsiyyət vəsiqəsində “Ataş” qeyd olunsa da, təqdim edilmiş sənədlərdə “Atəş” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********65 saylı, xx.xx.2021-ci il tarixli və **********20 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli məlumatın təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, A.M.X21 Nazirliyinin X24 Mənzil-Məişət Komissiyasının 2007-ci il 30 may tarixli 4 nömrəli iclas protokoluna əsasən bağ sahəsi ayrılmışdır.
7. Kənd Təsərrüfatı Nazirliyinin X24 Mənzil-Məişət Komissiyasının 2007-ci il 30 may tarixli 4 nömrəli iclas protokoluna əsasən X24 Mənzil-Məişət Komissiyasının 12 iyun 2006-cı il tarixli, 01 nömrəli iclasının qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan istifadə hüququna xitam verilmiş üzvlərinin “Məhsul” bağçılıq yoldaşlığının Türkan bağ massivində istifadəsiz qalmış sahələri qərara əlavə edilmiş siyahı üzrə Nazirliyin əməkdaşlarına verilmiş və onlar bağçılıq yoldaşlığın üzvlüyünə qəbul edilmişdirlər.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X24 Mənzil-Məişət Komissiyasının 30 may 2007-ci il tarixli 04 nömrəli protokolundan Çıxarışa əsasən X5 Kənd Təsərrüfatı İstehsalı Müəssisələrinin idarəetmə şöbəsinin baş məsləhətçisi – “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir və DFGMMK-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə təsdiq olunan siyahıda qeyd edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə torpaqdan istifadə hüququna xitam verilmişdir, boş istifadəsiz sahələrindən ona 600 kv.m. bağ sahəsi ayrılmışdır.
9. X24 Mənzil-Məişət Komissiyasının 2007-ci il 30 may tarixli, 4 nömrəli iclas protokoluna əlavəyə əsasən “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmiş və Türkan bağ massivindən bağ sahəsi ayrılmış əməkdaşların siyahısı: X20 - X28 İstehsalı Müəssisələrini idarəetmə şöbəsinin baş məsləhətçisi
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, B-38 nömrəli Arayışda qeyd olunmuşdur ki, X29 həqiqətən “Məhsul” bağçılıq yoldaşlığının üzvüdür. Kənd Təsərrüfatı Nazirliyinin Türkan qəsəbəsindəki torpaq sahəsindən ona 04 №-li xx.xx.2007-ci il tarixli 6 (altı) sot 502 №-li bağ sahəsi ayrılmışdır. Həmin bağın həbs olunması, girov qoyulması və ailə üzvləri tərəfindən heç bir münaqişəli sənəd daxil olmamışdır. Bağın şəxsi mülkiyyətə keçməsinə “Məhsul” bağçılıq yoldaşlığı etiraz etmir.
11. İş materiallarına əlavə edilmiş “Məhsul” bağçılıq yoldaşlığının 502 nömrəli üzvlük biletinə əsasən X29 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Komissiyasının 04 №li xx.xx.2007-ci il tarixli qərarına əsasən yoldaşlığın üzvlüyünə qəbul edilib və Türkan qəsəbəsi ərazisindən ona 502 №-li sahə ayrılıb.
12. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd olunmuşdur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Fəaliyyət göstərən Mənzil Məişət Komissiyasının xx.xx.2007-ci il tarixli, 04 saylı protokola əlavədə həmin tarixdə bağ sahəsi ayrılan əməkdaşların siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən:
1. X23
2. X13
4. X16
5. X7
6. X31
7. X27
8. X3 Həmin şəxslərə verilmiş bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı cavabdeh tərəfə sorğu verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1842 saylı qərarı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, həmin qərarla Türkan bağ massivi ərazisində 5-ci sektor 63-cü sırada yerləşən sahəsi 600 kv.m olan 504 nömrəli bağ sahəsi iddiaçının qonşusu İ.İdayətovun mülkiyyətinə verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X14 (və ya X6), X17, X9 və X2 adlarına “Məhsul” bağçılıq yoldaşlığı nəzdində Xəzər rayonu, Türkan bağ massivində dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1842/2022 nömrəli qərarı ilə iddiaçı X10 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi "Məhsul" bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisində 5-ci sektor, 63-cü sırada yerləşən 0.0575 ha sahəsi olan 504 saylı bağ sahəsi dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarış və xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq X18, X35 və X15 adlarına “Məhsul” bağçılıq yoldaşlığı nəzdində Türkan bağ massivində yerləşən bağ sahələrinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
14. Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 168 saylı bağ sahəsinə münasibətdə aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi “Məhsul” Bağçılıq Yoldaşlığının 168 nömrəli üzvlük biletində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Həmkarlar Komitəsinin 24 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən X35 yoldaşlığın üzvlüyünə qəbul edilmiş və ona Türkan üzvçülük sovxozu ərazisindən 168 saylı bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsinin “Məhsul” b/y-nın xx.xx.1987-ci il tarixli 24 saylı protokolu əsasında Əzizbəyov rayonu, Türkan qəsəbəsində yerləşən 600 kv.m sahəsi olan 168 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X22 adına xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 168 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) X22 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Məhsul” b/y-nın Türkan bağ massivi ərazisində, 5-ci sektor, 63-cü sıra, 504 saylı bağ sahəsinə münasibətdə aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X24 Mənzil-Məişət Komissiyasının xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarından çıxarışa əsasən X4 Təsərrüfatı Nazirliyinin “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmiş və ona yoldaşlığın Türkan bağ massivi ərazisindən 600 kv.m sahəsi olan 504 saylı bağ sahəsi ayrılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1842/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçı X10 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Məhsul” bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisində 5-ci sektor, 63-cü sırada yerləşən 575 kv.metr sahəsi olan 504 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Məhsul” b/y-nın Türkan bağ massivi ərazisində, 5-ci sektor, 63-cü sıra, 504 saylı bağ sahəsinə (yeni qaydalarla: AZ 1056, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 57-ci Türkan küçəsi, 17) dair X10 adına xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin planı sənədi tərtib olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Məhsul” b/y-nın Türkan bağ massivi ərazisində, 5-ci sektor, 63-cü sıra, 504 saylı bağ sahəsi (yeni qaydalarla: AZ 1056, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 57-ci Türkan küçəsi, 17) üzərində xüsusi mülkiyyət hüququ (tam) X10 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
16. Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 495/496 saylı bağ sahələrinə münasibətdə aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində X24 Mənzil-Məişət Komissiyasının xx.xx.2007-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən X1 üzvlüyünə qəbul edilmiş və ona Türkan bağlarında 495/496 saylı bağ sahəsi ayrılmışdır. - ünvan nə dair X15 adına xx.xx.2007-ci il tarixdə torpaq sahəsinin planı sənədi tərtib olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Həmkarlar Komitəsinin “Məhsul” bağçılıq yoldaşlığının xx.xx.2007-ci il tarixli 04 saylı protokolu əsasında Əzizbəyov rayonu, Türkan qəsəbəsində yerləşən 1200 kv.m sahəsi olan 495/496 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X15 adına xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. - Reyestrdə 4Ə-720 nömrə ilə qeyd edilmiş notariat işində olan Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X26 ona məxsus olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0.113072 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X11 mülkiyyətinə vermişdir. - Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 495/496 saylı bağ sahəsinə dair X11 adına xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin planı sənədi tərtib olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 495/496 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
27. X39 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
28. X39 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
29. Məhkəmə ilk növbədə müəyyən edir edir ki, İddiaçı “Məhsul” Bağçılıq yoldaşlıq təsərrüfatının üzvü olmuşdur (üzvlük biletinin surəti iş materiallarına əlavə olunmuşdur) və bağ sahəsinin iddiaçıya ayrılması barədə üzvlərin iclasından protokoldan çıxarış (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X24 Mənzil Məişət Komissiyasının 30 may 2007-ci il tarixliŞ 04 nömrəli protokolundan çıxarış) mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 502 saylı bağ sahəsi hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, B-38 nömrəli Arayışa əsasən bağ sahəsinin həbs olunması, girov qoyulması və ailə üzvləri tərəfindən heç bir münaqişəli sənəd daxil olmamışdır, bağın şəxsi mülkiyyətə keçməsinə “Məhsul” bağçılıq yoldaşlığı etiraz etmir).
30. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir, iddiaçı tərəfindən təqdim edilən protokol və protokoldan çıxarış isə 22 may 2007-ci il tarixindən sonra (30 may 2007-ci il tarixində) verilmişdir.
31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyinəzərindən əhəmiyyətlidir.
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
33. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən X22 (“Məhsul” bağçılıq yoldaşlığının 168 nömrəli üzvlük biletinə əsasən yoldaşlığın üzvüdür) “Məhsul” bağçılıq yoldaşlıq tərəfindən ona ayrılmış Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 168 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə, X10 (“Məhsul” bağçılıq yoldaşlığının 504 nömrəli üzvlük biletinə əsasən yoldaşlığın üzvüdür) “Məhsul” bağçılıq yoldaşlıq tərəfindən ona ayrılmış Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 504 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
34. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının X24 Mənzil-Məişət Komissiyasının 2007-ci il 30 may tarixli, 04 nömrəli iclas protokoluna və protokola əlavəyə (“Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmiş və Türkan bağ massivindən bağ sahəsi ayrılmış əməkdaşların siyahısı) əsasən İddiaçı ilə yanaşı, X26 da “Məhsul” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmiş və hər birinə Türkan bağ massivindən bağ sahəsi (İddiaçı 502 saylı bağ sahəsi, X19 495/496 saylı bağ sahəsi) ayrılmışdır. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Həmkarlar Komitəsinin “Məhsul” bağçılıq yoldaşlığının xx.xx.2007-ci il tarixli 04 saylı protokolu əsasında X15 adına Əzizbəyov rayonu, Türkan qəsəbəsində yerləşən 1200 kv.m sahəsi olan 495/496 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Daha sonra Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X26 ona məxsus olan ünvan ni tam mülkiyyət hüququ üzrə alıcı X11 mülkiyyətinə vermiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 495/496 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
35. Odur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində X24 Mənzil-Məişət Komissiyasının 2007-ci il 30 may tarixli, 04 nömrəli iclas protokolu əsasında 495/496 saylı bağ sahəsi üzərində “Məhsul” bağçılıq təsərrüfatının üzvü olan X15 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə həmin protokol əsasında “Məhsul” bağçılıq təsərrüfatının üzvü olan İddiaçı ayrılmış 502 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi (hər iki şəxsin hüquqi vəziyyətinin bərabər olması nəzərə alınaraq) bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.
36. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Məhsul” bağçılıq yoldaşlığının Türkan bağ massivində yerləşən 502 saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva