Məhkəmə qərarları › İş №2-1(112)-4320/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4320/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4320/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «iddiaçının adınn kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «iddiaçıya onun adınn kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməklə kpmpensasiya ödənilməsi və hüquqi yardıma görə çəkilən xərcin cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" ASC-nin Nur filialı ilə iddiaçı arasında 9 aprel 2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya istehlak məqsədləri üçün 24 ay müddətinə, 1.330 ABŞ dolları məbləğində kredit verilmişdir. O, həmin müqavilə üzrə öhdəliklərini tamamilə yerinə yetirmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən qeyd olunan kredit müqaviləsi borcalanın bağlanmış öhdəliklərində öz əksini tapmışdır. Lakin ona (iddiaçıya) məlum olmayan səbəblərdən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində ona çatası kompensasiya məbləğini bu günədək ala bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya məbləğinin alınması üçün müvafiq olaraq Portaldan qeydiyyatdan keçmiş, lakin "Tutanbank” ASC tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərmanın tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bundan sonra müraciətinin araşdırılması üçün 22 aprel 2019cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına müraciət olunmuşdur. Apellyasiya Komissiyasının 2 oktyabr 2019-cu il tarixli cavabında bildirilmişdir ki, kredit tarixçəsi barədə heç bir məlumat daxil edilməmiş, habelə onun təqdim etdiyi müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmış, buna görə də məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Bundan sonra, 10 yanvar 2020-ci il tarixdə ona çatası kompensasiya məbləğinin alınması üçün müvafiq göstəriş verilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə yazılmışdır. Araşdırılması üçün müvafiq ərizə 3 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən müvafiq ərizəyə cavab verilmiş, apellyasiya müracətinin araşdırılması ilə bağlı iddiaçı barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank tərəfindən müvafiq portal üzərindən "xxxx" ASC-yə heç bir sorğu daxil olmadığı bildirilmişdir. Halbuki, Apellyasiya Komissiyasının müvafiq qərarı elektron portalda yerləşdirilmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, onn (iddiaçının) verdiyi apelyasiya şikayətinə düzgün baxılmamış, araşdırılması müvafiq kredit əşkilatma göndərilməmişdir. 17 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq ərizəyə cavab ünvanlamış, müraciətlə bağlı qəbul edilmiş qərarlarla tanış olmaq üçün ak.cbar.az elektron səhifəsinə daxil olması göstərilmişdir. Məlum olduğu kimi, 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikasının milli valyutası – “manat”ın devalvasiyası baş vermişdir. Ölkə ərazisində baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Həmin Fərmanda 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərinə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin müvafiq qaydada qiymətləndirilməklə həmin Fərmanın qüvvəyə mindiyi gündən, yəni 28 fevral 2019-cu il tarixdən 3 ay müddətində dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməsi nəzərdə tutulmuşdur. Fərmanın icrasının təmin etmək üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilən 27 mart 2019-cu il tarixli qərarla təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 3.1-ci bəndinə əsasən 21 fevral 2015-ci il və (və ya) 21 dekabr 2015-ci il tarixlərinə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10.000 ABŞ dollarından çox olmayan kreditlər üzrə fiziki şəxslərə kompensasiya ödənilməlidir. İddiaçı yuxarıda qeyd olunanlar barədə dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh məhkəməyə müraciət olunsanı tövsiyə etmişdir. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, onun (iddiaçının) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına daxil edilməklə ona müvafiq kompensasiyanın ödənilməsi və hüquqi yardıma görə 200 manat pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə iddia ilə bağlı ünvanlanmış 7 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası AR Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə həmin Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. AR Mərkəzi Bankının MKR və PK məlumat bazalarına əsasən X1 barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış 9 aprel 2015-ci il arixli kredit müqaviləsi ilə bağlı hər hansı qeydlər daxil edilmədiyindən, habelə həmin bank tarəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər ansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə üşən şəxslərin siyahısına əlavə edilməmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" ASC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının adınn kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmaqla məlumat verilmişdir.Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların (cavabdehin və üçüncü şəxsin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında 9 aprel 2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır. Müqavilə əsasında "xxxx" ASC iddiaçıya 24 ay müddətinə 1.330 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı bununla bağlı müraciət etsə də, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) onu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17.000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 (on min) ABŞ dollarınadək və ya 17.000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 (on min) ABŞ dollarının və ya 17.000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Məhkəmə qeyd edir ki, iddiaçının adının AR Mərkəzi Bankının 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə həmin Fərman çərçivəsində yaradılmış məlumat bazasına (PK) daxil edilməməsi onun (iddiaçının) özünün iradəsindən asılı hal deyil. Bundan başqa, onun "xxxx" ASC ilə bağladığı 9 aprel 2015-ci il tarixli müqavilənin mötəbər sayılmaması, habelə müvafiq Fərmanın verildiyi tarixə ödənişin gecikdirildiyi günlərin sayının 360 gündən az olması barədə cavabdeh inzibati orqan heç bir sübut, dəlil gətirməmişdir. İmtina üçün gətirilən səbəb isə, formal əsaslı qiymətləndirilir. Cavabdehin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 19 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar