Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4321/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğruna gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq ona “Müharibə veteranı” statusu və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisi istiqamətində dövlətin müdafiəsi və ərazi bütövlüyü uğrunda erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin müvafiq əmri ilə “№” saylı hərbi hissədə yaradılmış könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşmüşdür. Döyüşlərin gedişi zamanı yaxınlığında raket qurğusunun partlaması nəticəsində kontuziya almış və uzun müddət müalicə olunmuşdur. Bunu onunla birlikdə döyüşlərdə iştirak edən veteran döyüş yoldaşları da təsdiq edə bilərlər. Bundan sonra uzun müddət müalicə almışdır. Bunu Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Poliklinikası tərəfindən veilmiş 27 aprel 1994-cü il tarixli 629 saylı arayışa əsasən “xidmət vəzifələrini yerinə yetirərkən yaxınlığımda raket qurğusunun partlaması nəticəsində kontuziyanın nəticələri” diqanozunun qoyulmsı da sübut edir. Bundan əlavə hərbi biletində Sədərək rayon Hərbi Kommisarlığı tərəfindən “1990-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etmişdir. Başından travma almışdır” kimi qeydiyyat aparılmışdır. Uzun müddət torpaqların işğal altında olması səbəbindən “Müharibə veteranı” statusunun alınması üçün müraciət etməmişdir. Döyüş yoldaşlarına “Müharibə veteranı” statusu verilmişdirsə, onun da “Müharibə veteranı” statusu almaq hüququ vardır. Veteran vəsiqəsi almaq üçün xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Dövlət Xidməti tərəfindən müraciətinə verilmiş cavabda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya” müraciət etməyiniz məqsəduyğundur. Bundan sonra xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Lakin 2 aydan artıq müdət keçsə də Komissiya tərəfindən müraciətinə cavab verilməmişdir, bu səbəbdən məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4321/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilən N dekabr 2021-ci il tarixli 5036 nömrəli arayışa əsasən iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 17 dekabr 2021-ci il tarixli qərarına əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-in 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş HЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsindəki qeydlərə əsasən İddiaçı 1990-92-ci ildə Sədərək döyüşündə iştirak etmişdir. Başından travma almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Suraxanı rayon idarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 251515 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı ümumi səbəbdən ikinci qrup əlildir. Məhkəmənin xx.xx.2022-ci il tarixli tələbnaməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012- 1656-1122 nömrəli məktubuna əlavə edilmiş cavabına vurulmuş xx.xx.2022-ci il tarixli möhüründə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-665 nömrəli məktubunda bildrilmişdir ki, N nömrəli hərbi hissənin sənədləri Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilmirik. Qeyd edirik ki, bu barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissəyə müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2022ci il tarixli məktubunda bildirilmişdir ki, 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1974cü il tarixdən xx.xx.1977-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. 1990-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etməsi və travma alması barədə qeydlər olsa da tərxis edilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 2292 nömrəli məktubunda bildirilmişdir ki, X3 Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 3615 nömrəli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin və X3 Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 231 nömrəli məktubunda bildirilmişdir ki, hərbi hissənin 2014-cü ildə yarandığını və bu müddətə qədər poliklinikanın N nömrəli hərbi hissənin tabeliyində olduğunu nəzərə alaraq aidiyyatı üzrə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 2413 nömrəli məktubunda bildirilmişdir ki, Sədərək hərbi hissə N nömrəli hərbi hissənin tabeliyində olmadığına görə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətin adlı siyahəlarında adı keçmir, onun xəsarət alması barədə N nömrəli hərbi hissənin arxiv sənədlərində heç bir məlumat yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci madəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, ərizə poçt qəbzinə əsasən Müdafiə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, ünvanladığı məktub "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən ərizəyə rəsmi cavab verilməmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərində iştirak etməsini təsdiq edilməsi ilə bağlı iki əsasa istinad edir: 1.Hərbi biletində onun 1990-1992-ci ilədək Sədərək döyüşlərində iştirak etməsi, travma alması barədə qeydlərin edilməsi; 2.Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 629 saylı arayışında xidmət vəzifələrini yerinə yetirərkən yaxınlığında raket qurğusunun partlaması nəticəsində kontuziya barədə diaqnozun qoyulması. İş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 206 nömrəli sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1991-ci il tarixli 90a-Xİİ və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 247-17c nömrəli qərarlarına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının hərbi təhlükəsizliyini və silahlı müdafiəsini təmin etmək, Komitənin strukturunu formalaşdırmaq və lazımı heyətlə komplektləşdimək məqsədilə Dövlət Müdafiə Komitəsi sədrinin xx.xx.1991-ci il tarixli 014 nömrəli əmri ilə N və N saylı hərbi hissələr (özünümüdafiə dəstələri) yaradılmışdır. xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissənin yaradılması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1992-ci il tarixli 198-Xİİ nömrəli qərarı ilə Dövlət Müdafiə Komitəsi ləğv edilmiş və onun strukturuna daxil olan hissə və bölmələr fəaliyyətini dayandırmış, bütün əmlakı və arxivi Komitənin bazasında yaradılmış N nömrəli hərbi hissəyə verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında N nömrəli hərbi hissənin və X3 Komitəsinin Arxivində saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmə iddiaçının hərbi biletindəki 1990-1992-ci ilədək Sədərək döyüşlərində iştirak etməsi barədə qeydlərin yuxarıda adıçəkilən Nazirlər Kabinetinin 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin birbaşa tələbinə əsasən hərbi biletlərin yalnız hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda döyüşlərdə iştirak etməni təsdiq edən sənəd qismində qəbul edildiyi, İddiaçı isə hərbi xidməti barədə hərbi hissənin “Nizami hissə üzrə əmrlər kitabı”nda qeydlər aşkar olunmaması, müvafiq əmrlər (əmrlərdən çıxarışlar) olmadığını nəzərə alaraq yalnız hərbi biletdəki qeydlərə istinad etməklə müharibə veteranı adı və vəsiqəsinin verilməsini qanuni hesab etmir. Bundan əlavə, iddiaçının istinad etdiyi Müdafiə Nazirliyi Hərbi X1 629 nömrəli, xx.xx.1994-cü il tarixli arayışına gəlincə adıçəkilən arayışda iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən yaxınlığında raket qurğusunun partlaması nəticəsində kontuziya barədə diaqnozu qeyd edilsə də həmin arayışla bağlı məlumat, xəstəlik tarixindən çıxarış əldə edilməsi üçün Müdafiə Nazirliyi Hərbi X2 müraciət edilmiş, sorğuya cavab olaraq aidiyyəti üzrə N nömrəli hərbi hissədən iddiaçının xəsarət alması barədə hərbi hissənin arxiv sənədlərində heç bir məlumatın olmadığı bildirilmişdir. Bundan əlavə yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının yaralanması isə arayışa əsasən 1994-cü il 12 may tarixindən əvvəl olmuş, bu halda yaralanmadan sonra xidməti davam etmişdir. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunması barədə əmrin olmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Bundan əlavə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda adı çəkilən 3-cü maddəsinin “Qeyd” hissəsində bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna edilmişdir. Hazırkı iş üzrə iddiaçının əlilliyi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar deyil, ümumi əsaslıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4321/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4321/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver