Məhkəmə qərarları › İş №2-1(112)-4322/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4322/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4322/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, tərcüməçi X3, və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiaçınıln 439 uçuş saatının nəzərə alınması və pensiyanın fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3853/2010 saylı, 25 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən 12 may 1991-ci ildən 02 sentyabr 1996-cı il tarixə qədər "xxxx" QSC-də TU-134 hava gəmisində ikinci pilot vəzifəsində 5000 uçuş saatı müəyyən edilməklə ona sosial sığorta stajına görə pensiya məvacibi müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5125/2016 saylı, 15 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən isə onun 03 avqust 1981- ci ildən 25 dekabr 1985-ci illər üzrə kursant olaraq 25 dekabr 1985-ci ildən 19 fevral 1990-cı ilə qədər sovet ordusunda həqiqi hərbi xidmət keçməklə 439 uçuş saatı müəyyən edilmişdir.2010-cu ildə ona pensiya məvacibi müəyyən edildiyi halda yalnız 5000 uçuş saatı nəzərə alınmışdır. Bununla bağlı cavabdeh təşkilata müraciət edərək 439 uçuş saatını nəzərə almaqla həmin uçuş saatına görə pensiya məvacibində fərqin ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat 21 aprel 2017-ci il tarixdə 19/3113-01 №- li cavabla ona bildirmişdir ki, 439 uçuş saatı 5000 uçuş saatının üst-üstə toplanılmaqla ona pensiya məvacibi müəyyən edilmişdir. İddiaçı bununla razı ola bilməz. Belə ki, 5000 uçuş saatı müəyyən edildiyi halda ona pensiya məvacibi yalnız həmin uçuş saatı üzrə müəyyən edilmişdir. 439 uçuş saatı isə 2016-cı ildə müəyyən edildiyi halda aldığı pensiya məvacibinin fərqi ona ödənilməyib. Bundan başqa qeyd edir ki, həmin fərqi cavabdeh təşkilat ona 23 avqust 2010-cu il tarixdən bu günə qədər ödəməli idi. Cavabdeh təşkilat isə imtina məktubunda qeyd edir ki, bütün uçuş saatları nəzərə alınmaqla 29 il 2 ay sosial sığorta stajına görə ona pensiya məvacibi müəyyən edilmişdir.Qeyd olunanlara əsasən cavabdeh təşkilatın (DSMF Xətai rayon şöbəsi) üzərinə 439 uçuş saatının nəzərə alınması və pensiya məvacibinin fərginin birdəfəyə ödənilməsi barədə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilir. 18.09.2017-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh təşkilatın üzərinə 23 avqust 2010-cu ildən təyin edilmiş pensiyanın 60% miqdarında hesablanması və həmin tarixdən bir dəfəyə ödənilməsi öhdəliyinin qoyulması hissəsində artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş 18.09.2017-ci il tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Dadaşov Əli-Maxmud Elxan oğluna onun 439 uçuş saatının pensiya stajına daxil edilərək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 18.08.2020-ci il tarixli qərardadı ilə həmin qərar ləğv edilmiş inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin 05 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddia tələbinin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 60% miqdarında pensiya məbləğinin müəyyən edilməklə yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Ona əmək pensiyası 2 saylı Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2011-ci il tarixli qərarı nəzərə alınmaqla 23.08.2010-cu il tarixindən təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əmək pensiya məbləğinin aşağı məbləğ olmasından narazı qalaraq müvafiq tələblərlə bağlı məhkəmələrə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli qətnaməsi ilə ikinci pilot vəzifəsində 5000 uçuş saatı keçirməsi faktını tanıtmış, 15 sentyabr 2016-cı il tarixli qətnamə ilə, həmçinin kursant kimi 439 uçuş saatı keçirməsi faktını tanıtmışdır. İddiaçı pensiya məbləğinin qeyd olunan uçuş saatları də nəzərə alınmadığını ehtimal edərək bununla bağlı müraciət etmiş. DSMF –nun Bakı şəhər Xətai Rayon Şöbəsi isə uçuş saatlarının da nəzərə alınmaqla 29 il 2 ay 17 gün sığorta stajı əsas götürülməklə ona pensiya təyin edildiyini iddiaçının diqqətinə çatdırmışdır. İş materialları ilə müəyyən edilir ki, uçuş saatlarının nəzərə alınıb-alınmaması ilə bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, bununla bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert iş üzrə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na iş materiallarına əlavə edilmiş əmək haqqı nəzərə alınmaqla əmək pensiya məbləğinin hesablama mexanizminə (halbuki, Qaydaların ilkin və sonrakı redaksiyalarından görünür ki, göstərilən hesablama cədvəli Qaydaların tərkib hissəsi olmayıb, heç bir normativ sənədlə də təsdiq edilmir.) uyğun olaraq rəy vermişdir. Rəydən görünür ki, ekspert hesablama mexanizmində qeyd olunanlar nəzərə alınmaqla əmək pensiyasının son vəzifə maaşının 770 manat olduğunu əsas götürməklə 526,14 manat məbləğində olmalı olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia tələbinin mahiyyəti orta aylıq əmək haqqı əsasında əmək pensiya məbləğinin hesablanması ilə bağlıdır ki, qeyd olunan hesablama qaydasının hazırkı iş üzrə iddiaçıya münasibətdə tətbiqi iddiaçıya hansı tarixdən əmək pensiyasının təyin edilməsindən asılıdır. Belə ki, əmək pensiya qanunvericiliyi müəyyən dövr əmək pensiyaçıları üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Belə ki, hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi ilə müəyyən edilmişdir ki, Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Hazırda qüvvədən olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27- ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01.01.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilib-edilməməli olması ona pensiyanın 01.01.2010-cu il tarixdən əvvəl və ya həmin tarixdən sonra təyin edilməsindən asılıdır. Belə ki, şəxsə yaşa görə əmək pensiyası 01.01.2010-cu il tarixədək təyin edilmişdirsə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun”, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.01.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının nəzərə alınması mümkün hesab edilir. Həmin tarixdən sonra isə təyin edilmiş pensiyanın müəyyən edilməsi zamanı orta aylıq əmək haqqının nəzərə alınması istisna edilmiş, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Beləliklə, iş üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqının 60% miqdarında pensiya məbləğinin müəyyən edilməklə yenidən hesablanması iddiaçıya yaşa görə əmək pensiyasının hansı tarixdən təyin edilməsindən asılıdır. İşin faktiki halları ilə də müəyyən olunur ki, iddiaçının 8 sentyabr 2011-ci il tarixli iddia ərizəsinə əsasən ona 23 avqust 2010-cu il tarixdən əmək pensiyasının təyin olunması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciəti əsasında məhkəmənin qəbul etdiyi 28 noyabr 2011-ci il tarixli qərarı ilə ona 23 avqust 2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası 23 avqust 2010-cu il tarixdən, yəni 01 yanvar 2010-cu il tarixdən hesablandığından əmək pensiyasının əmək haqqına uyğun hesablanması istisna edilir. Məhkəmə əmək pensiyasının yenidən hesablanması ilə bağlı hüququn yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi dair iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbinin rədd edilməsi pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair iddianın da təmin edilməsini mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar