Məhkəmə qərarları › İş №2-1(112)-4322/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4322/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4322/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh **********2 №-li xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya yaşa görə pensiya təyin olunmasından imtina edərək sənədlərini geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, əmək stajının tələb olunan 25 il sığorta stajından az olması, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. Cavabdehin imtinası qanunazidd olmuş və onun hüquqlarını pozmuşdur. O, xx.xx.1958-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə aptekdə işləməklə başlamış, sonradan X7 “Olefinlər” İnstitutunda laborant və mühəndis, daha sonra isə kiçik elmi işçi vəzifələrində işləmişdir. Sovetlər birliyinin süqutundan sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək "xxxx" X10 müəssisəsində elmi işçi, baş elmi işçi vəzifələrində işləmiş və son olaraq xx.xx.1993-cü ildən xx.xx.2004-cü il tarixinədək Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi institutun 2004-cü ilin sonlarında ləğv edilməsi səbəbindən elm adamı olaraq əmək fəaliyyəti bununla bitmişdir. Ümumilikdə, xx.xx.1975-ci ildən xx.xx.2004-cü ilədək olan dövr üçün fasiləsiz olaraq 29 ilə yaxın əmək (sığorta) stajına malikdir. Qeyd olunan iş stajı işəgötürənin 05 oktyabr 1975-ci il tarixdə açılmış əmək kitabçası ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət elm və X3 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Dövlət Elmi- Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığorta stajının araşdırılması mümkün olmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat yaşa görə sosial müavinət təyin olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, həmçinin iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07 oktyabr 2021-ci il tarixli, **********2 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 25 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (15 il 2 ay 25 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11294,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X2 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Elm və X3 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığorta stajının araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər qanunvericiliklə sığorta stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 mart 2022-ci il tarixli **********77 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006cı il tarixli 171 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Azərbaycan Dövlət Elmi- Tədqiqat “Olefin”lər İnstitutunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2022-ci il tarixində 100 % özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. “X11 və İstehsalat Mərkəzi” Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı keçmiş Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefin” İnstitutunun əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 mart 2022-ci il tarixli 01/3-630 nömrəli məktubunda qeyd edilmişdir ki,…Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutu (sonradan "xxxx" ASC) 08 iyul 1997-ci il tarixindən… qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik elmi tədqiqat müəssisəsinə dair məlumat mövcud deyildir. "xxxx" X5 (sonradan "xxxx" Kiçik Müəssisəsi) 05 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır; Azərbaycan Respublikasının Dövlət Elm və X3 18 mart 2022-ci il tarixli EA-00033- 2022 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Elm və X4 mühafizə edilən Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefinler” İnstitutunun arayış məzmunlu sənədləri arasında vətəndaş İddiaçı aid aşağıdakı məlumat aşkarlandı: İddiaçı xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə elmi işçi vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 16200 rubl (rus pulu) təşkil etmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefinler” İnstitutunun əmək haqqı cədvəlləri 1990-cı ildən sonra və kadr əmrlərinin sənədləri 2000ci ildən sonra ARDETSA-ya təhvil verilmədiyi üçün İddiaçı aid qoşmada tələb olunan sənədləri göndərmək imkan xaricindədir; "xxxx" ASC-nin 11 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məktubda göstərilən “Oligomer-Sintez” elmi tədqiqat müəssisəsi institutla əlaqəsi olmayıb. "xxxx" ASC-özəlləşmə ilə əlaqədar 2006-cı ilə qədər olan bütün sənədlər Azərbaycan Respublikası Dövlət Elmi və X6 təhvil verilib. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1958-cı il təvəllüdlüdür, 61 yaş 6 ayı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 18 avqust 1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaşı 6 ayının tamam olduğu 18 fevral 2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Belə ki, məhkəmə iş materiallarında olan sənədləri, o cümlədən əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: -xx.xx.1975-xx.xx.1979-cu illərdə 3 saylı aptekdə qablaşdırıcı vəzifəsində (3 il 11 ay 04 gün); -xx.xx.1979-xx.xx.1991-ci illərdə Neft NÜETİ-də laborant, mühəndis, kiçik elmi işçi vəzifələrində (11 il 03 ay 23 gün); -xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" kiçik elmi-istehsalat müəssisəsində elmi işçi (02 il 03 ay 29 gün); xx.xx.1993-xx.xx.2004-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefin”lər İnstitutunda baş elmi işçi vəzifəsini icra edən (11 il 04 ay 06 gün). İşin hallarına əsasən qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 61 yaş 6 ayı tamamdır və ümumilikdə 25 ildən artıq (28 il 11 ay 02 gün) sığorta stajına malikdir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəllərinin və 2000-ci ildən sonra kadr əmrlərinin ARDETSA-ya təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi "xxxx" kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Həmçinin məhkəmə araşdırması zamanı sözügedən müəssisələrin mövcudluğu və dövlət qeydiyyatına alınması, hətta İddiaçı xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə elmi işçi vəzifəsinə təyin edilməsi və aylıq əmək haqqısının 16200 rus rublu təşkil etməsi öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının yuxarıda qeyd olunan müəssisələrdə işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 61 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 61 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar