Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4326/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə X4 Zamanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqızn statusunun verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Zaman cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və onun arvadı x xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişlər. x xxxxxx 2020-ci il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı bildirmişdir ki, milliyyətcə həzaradır, arvadı Səbirə ilə sonuncunun ailəsinin razılığı olmadan evləndiyindən, qaynatası tərəfindən təqib edilir, milliyyətcə hazara olduğuna görə Əfqanıstanda anti-hazara qruplaşmaları tərəfindən təqib olunmaqdan qorxur və bu səbəbdən geri qayıtmaq istəmir. x xxxxxx 2020-ci il tarixdə cavabdehin İQ-33/2 saylı qərarı ilə iddaçının sığınacaqla bağlı vəsatətini rədd edilmişdir. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun yətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm faktlar arvadının ailəsinin razılığı olmadan evləndikləri üçün qaynatası tərəfindən və etnik mənsubiyyətinə görə həzara olduğu üçün anti-hökumət elementləri tərəfindən təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. Mühüm faktların müəyyən edilməsi mərhələsində ərizəçinin (iddiaçının) izahatına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhəsələsində isə, müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə (iddiaçıya) münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən müvafiq amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: ərizəçinin etnik mənsubiyyəti, ərizəçinin arvadının ailəsinin razılıq verilmədiyi halda onların evlənməsi, ərizəçinin arvadının ailəsi tərəfindən özünün və arvadının təqib edilməsi riski, ərizəçi qaçmaq yolu ilə evlənməyə cəhd göstərdiyinə görə arvadının ailəsi tərəfindən təqib edilə biləcəyini iddia edir. İctimaiyyətə açıq olan məlumatlara əsasən sosial normalarını pozan qadın və kişilər yaxın ailə üzvləri tərəfindən ciddi cəzalara məruz qalır: “Xüsusilə müvafiq qaydada müşayət olunmama, evlilikdən imtina və ya evdən qaçma kimi “mənəviyyat cinayətlərinə görə həbs daxil olmaqla adətlərin və şəriət qanunlarının pozulması zamanı qadınlar və qızlar qeyri-mütənasib cəzalara məruz qalır. Geniş yayılmış adətlərə qarşı çıxan kişilər, xüsusilə zina və nikahdankənar cinsi əlaqələrdə günahlandırılanlar pis rəftara məruz qala bilər”.Həmçinin, ərizəçi etnik mənsubiyyətinə görə hazaradır; bu fakt DMX tərəfindən təhlil olunmayıb və qərarda əks olunmayıb. Həzaralarla əlaqədar vəziyyət aşağıdakı kimidir: “Hazaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Hazaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatlarm mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir.Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər.Əfqanıstana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir. Ərizəçi etnik və dini mənsubiyyətinə, eləcə müəyyən sosial qrupa mənsubiyyətinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanıstanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən ərizəçiyə və onun ailə üzvünə (arvadı Yavari Sabirəyə) qaçqm statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10, 19, 26, 45, 61-ci maddələrinə əsaslanaraq, cavabdehin İQ-33/2 saylı x xxxxxx 2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, onun üzərinə iddiaçının x xxxxxx 2019-cıı il tarixli vəsatətini təmin edərək ona və ailə üzvünə qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahaat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtina barədə qərarının qanuni olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (pasport – P 02231512) x xxxxxx 1988-ci il tarixdə doğulmuş hazırkı X4 Zaman ailə üzvü (arvadı Yawari Sabira) ilə birlikdə x xxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xid-mətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazara olduğunu, olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə x xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona (ailəsi ilə birlikdə) qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunmalıdır ki, iddiaçı sözegedən x xxxxxx 2020-ci il tarixli qərarından inzibati qaydada şikayət vermiş, lakin AR Dövlət Miqrasiya Xidməti tərəfindən şikayət təmin edilməmiş və x xxxxxx 2020-ci il tarixli qərarın dəyişdirilmədən sxlanılması barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, X4 Zamanın ona “Qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “Qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də X4 Zaman vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlıq sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin X4 Zamana ailə üzvləri ilə birlikdə “Qaçqın” statusunun verilməsindən imtina olunması barədə x xxxxxx 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, X4 Zamanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqızn statusunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Zamanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4326/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4326/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver